Accessibility links

Eurovision qalibi Camala Ukraynaya yardım göstərənlərə mahnı ilə təşəkkür edir


Eurovision qalibi Camala Ukraynaya yardım göstərənlərə mahnı ilə təşəkkür edir
please wait

No media source currently available

0:00 0:02:59 0:00

Eurovision qalibi Camala Ukraynaya yardım göstərənlərə mahnı ilə təşəkkür edir

Ukraynada müharibə başlayandan bəri 6 milyondan çox ukraynalı təhlükəsizlik axtarışında evlərini tərk etmək məcburiyyəti qarşısında qalıb. Onların arasında Krım tatarı pop müğənni Camala da var. O, iki dəfə evini itirib: ilk dəfə Rusiyanın 2014-cü ildə Krımı ilhaq etdiyi zaman və bu il Rusiya qüvvələrinin Ukraynaya hücuma başladığı vaxt. Tanınmış müğənni olan Camala bu günlər Ukrayna üçün maliyyə yardımı toplamaq məqsədilə öz ulduz statusundan istifadə edir.

Varşavadakı bu rəqs studiyasında ukraynalı Krım tatarı müğənni Camala Polşada məşhur “Ulduzlarla rəqs” şousunun premyerasına hazırlaşır.

Polşa televiziyasından ona ilk dəfə müraciət edildikdə o, tərəddüd etmişdi. Lakin Polşanın Polsat telekanalı Ukrayna üçün pul toplamağı planlaşdırdığını bildirdikdə Camala razılaşıb.

Müğənni Camala: “Mənim üçün indi bu şouda iştirak etmək vacibdir, [başqalarına] Ukraynanı xatırlatmaq vacibdir, ona görə də Ukrayna üçün iştirak edib rəqs etmək, bizim üçün rəqs etmək və bu pulu toplamaq mənim üçün vacibdir”.

Onun partnyoru, “Ulduzlarla rəqs” müsabiqəsinin qalibi, polşalı aktyor və rəqqa Yatsek Yeşkedir.

“Camala Ukraynadandır, o bizə yaxındır, Polşanın yaxınlığındadır. Mən onun ölkəsindəki vəziyyətin həqiqətən ağır olduğunu bilirəm və onun bu proqramda öz ölkəsində durumun nə qədər çətin olduğunu və bunu yadda saxlamağın nə qədər vacib olduğunu göstərmək ideyası ilə rəqs etdiyini görürəm,” Yatsek Yeşke deyib.

İki azyaşlı oğlanın anası olan Camalanın özü də bir çox uşaqlı ukraynalı qadınlar kimi müharibənin əvvəlində Ukraynanı tərk edib. Bu gün o, bütün gücünü Ukraynanın bayrağını ucaltmaq və maliyyə toplamağa sərf edir. Son altı ayda o, dünyanın müxtəlif yerlərində keçirilən tədbirlər, konfranslar və konsertlərdə iştirak edərək ,90 milyon dollardan çox pul toplamağa kömək edib.

“Mənim evim, ürəyim Krımdadır. Rusiya siyasətçiləri bütünlüklə Krım tatarlarının icmasını, mentalitetimizi, mədəniyyətimizi məhv etmək üçün əllərindən gələni edirlər. Bunu necə dayandıra biləcəyimizi bilmirəm, amma biz bunu etməliyik. Biz Krım üçün, bütün Ukrayna üçün mübarizə aparmalıyıq,” müğənni deyib.

Camala bu yaxınlarda yeni mahnısını təqdim edib. O, ukraynalı qaçqınlara kömək edən insanlara bu yolla təşəkkür edir.

Camala: “Təşəkkür edirəm, qərib” mənim üçün çox şey deməkdir, çünki mənim üçün bir müəllif, bir müğənni kimi hər yerdə, hər addımda bu mübarizədə bizə kömək edən bütün insanlara təşəkkür etməyin yoludur.”

Mahnının sözləri belədir: “Əziz dostum, yanımda olduğun üçün təşəkkür edirəm. Amma mən hər səhər qayıdışımı xəyal edirəm. Bir gün mən qatara minib evə, Ukraynaya gedəcəm.”

Camala məhz bunu edib. Altı ay xaricdə qaldıqdan sonra o, Müstəqillik Gününü qeyd etmək və vətənə qayıdan bir çox ukraynalı qaçqınlar kimi vətənlərini müdafiə edənlərə və bütün dünyada ukraynalılara Rusiyanın təcavüzünə qarşı müqavimət göstərməyə kömək edənlərə ehtiramını bildirmək üçün Ukraynaya getmək qərarı verib.

XS
SM
MD
LG