Accessibility links

Qızıl Xaç və Qızıl Aypara Ukraynada uzun sürən müharibənin digər qlobal böhranlara ciddi təsiri olacağını bildirir


Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası bu həftə Ukraynada müharibənin uzun müddət davam etməsinin digər qlobal böhranlar üçün ağır humanitar nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.

Rusiyanın Ukraynaya qarşı təcavüzünün dağıdıcı fəsadları hərbi müdaxilənin başlamasından altı ay sonra hiss olunur.

Beynəlxalq Qızıl Xaç Federasiyasının nümayəndələri bu həftə xəbərdarlıq ediblər ki, müharibə nə qədər uzun davam etsə, bunun bütün dünyada milyonlarla imkansız insan üçün iqtisadi nəticələri bir o qədər böyük olacaq.

Müharibədən əvvəl Ukrayna dünyanın ən böyük taxıl ixracatçılarından biri idi.

Lakin Rusiyanın Qara dəniz limanlarını blokadaya alması taxıl daşınmasına mane olaraq, qlobal ərzaq böhranına səbəb olub. Ərzaq və yanacaq qiymətlərinin kəskin artması bu və digər zəruri malları əlçatmaz edərək, milyonlarla insanı aclığa sürükləyib.

Bu ayın əvvəlində BMT-nin vasitəçiliyi ilə əldə edilmiş razılaşma Ukraynanın taxıl ixracını bərpa etməsinə imkan verib. Buna baxmayaraq, Qızıl Xaç müharibənin nəticələrinin hiss olunmağa davam etdiyini və bunun aradan qaldırılması üçün uzun zaman lazım olacağını bildirib.

Bricit Ebbesen Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Avropa üzrə regional direktorudur. Onun sözlərinə görə, humanitar ehtiyaclar xüsusilə Yaxın Şərq və Afrikada ciddi olaraq qalır.

“IFRC olaraq Afrikada ərzaq böhranına artıq reaksiya vermişik və Yaxın Şərqə diqqət yetiririk. Əhalinin böyük bir hissəsi üçün ərzaq almaq getdikcə çətinləşir. Beləliklə, bunun yayılması effekti böyükdür,” o deyib.

Təşkilatın 100 000-dən çox yerli könüllüləri və işçiləri Ukraynaya, 7 həmsərhəd ölkəyə və regionun digər 17 ölkəsinə humanitar yardım göstərmək üçün səfərbər edilib.

Ukrayna Qızıl Xaç Cəmiyyətinin Kiyevdən danışan baş direktoru Maksym Dotsenko 8 milyon insanın məcburi köçkün olduğunu, 5 milyondan çox insanın isə qonşu ölkələrə sığındığını bildirib.

Onun sözlərinə görə, münaqişə belə görünür, uzun müddət davam edəcək və Qızıl Xaç işçiləri və könüllülər lazımi yardımı göstərmək üçün işləməyə davam edəcəklər. O, beynəlxalq ictimaiyyətin davamlı dəstəyinin də mühüm olacağını qeyd edib.

“İnfrastrukturun yenilənməsi, evlərin təmiri, sənayenin yenilənməsi ukraynalıların beynəlxalq icmasının böyük səylərini tələb edəcək. Buna görə də mülki əhalinin ehtiyacları mühümdür və biz xüsusilə bu qış dövründə bu ehtiyacların azalması tendensiyasını görmürük,” o bildirib.

Beynəlxalq Qızıl Xaç Cəmiyyəti bildirir ki, Ukraynanın 44 milyon əhalisinin yarısının uzun müddət humanitar yardıma ehtiyacı olacaq. Münaqişə tezliklə bitsə belə, dağılmış şəhərləri və evləri bərpa etmək üçün illər tələb olunacaq. Təşkilat həmçinin bildirir ki, müharibənin gətirdiyi mənəvi iztirablar, travmalar, fiziki və iqtisadi təsirləri aradan qaldırmaq üçün illər lazım olacaq.

XS
SM
MD
LG