Accessibility links

Aygül Cəfərova: Azərbaycanın İstanbul Konvensiyasına qoşulması çox vacibdir


Aygül Cəfərova( Feminist fəal)
Aygül Cəfərova( Feminist fəal)

Feminist fəal Aygül Cəfərova Amerikanın Səsinə müsahibəsində cəmiyyətdə məişət zəminində qadın cinayətlərinin sayının artmasını səbəblərindən və bu halların qarşısının alınması istiqamətində atılacaq addımlardan danışıb.

Amerikanın Səsi: Yerli ekspertlər son zamanlar Azərbaycanda məişət zəminində qadınlara qarşı cinayətlərin sayının artdığını qeyd edirlər. Bunun səbəbi nədir?

Aygül Cəfərova: Mən hesab edirəm ki, bunun ən böyük səbəbi cəzasızlıq mühitidir. Bir də bu sahədə Azərbaycanda qanunların təkmil olmamasıdır. Digər tərəfdən isə məişət zorakılığı artıq cəmiyyətdə görünür hala gəlib. Məsələn daha əvvəllər bu cür hallar baş verəndə bu daha normal qarşılanırdı. Amma hal-hazırda istəyir media nümayəndələri olsun, istəyir vətəndaş cəmiyyəti nümayəndələri olsun bu məsələyə diqqət çəkirlər. Qadınlar əvvəlkindən fərqli olaraq daha çox hüquq-mühafizə orqanlarına şikayət etməyə meyillidir.İndi bu cür hallar daha çox danışılır. Belə bir təssürat yaranıb ki, sanki daha da çoxalıb.

Aygül Cəfərova: Azərbaycanın İstanbul Konvensiyasına qoşulması çox vacibdir
please wait

No media source currently available

0:00 0:04:47 0:00

Amerikanın Səsi: Qadın cinayətlərinin qarşısının alınması üçün qanunvericilikdə hansı dəyişikliklər edilməlidir?

Aygül Cəfərova: Burada ən əsas məsələ döyülmənin kriminalaşdırılmasıdır. Çünki məişət zorakılığı spesifik bir məsələdir. Hal-hazırda bizdə döyülmə inzibati xəta hesab olunur. Məsələn qadın evdə zorakılığa məruz qalır. Zorakı şəxs hansısa bir cəza ödəyir və yaxud 10-15 gün cəzasını çəkdikdən sonra yenidən həmin evə qayıdır. Yenidən davam edir qadına qarşı zorakılıq etməyə. Digər bir məsələ isə barışıq məsələsidir. Bu xüsusi bir əməl olduğuna görə, burada xüsusi yanaşma da olmalıdır. Bir çox hallarda qadın öz şikayətini geri götürməsinə məcbur edilir və daha çox zorakılığa məruz qalır şikayət etdiyinə görə.

Amerikanın Səsi: Bu işdə cəmiyyət hansı rol oynaya bilər? Vətəndaş cəmiyyətləri bu istiqamətdə dövlətə nə kimi töhfə verə bilər?

Aygül Cəfərova: Cəmiyyətin töhfə verməyi ilə bağlı bir az skeptik yanaşıram. Çünki hesab edirəm ki, bu bir sistematik məsələdir. Əgər bununla bağlı həqiqi siyasi iradə olsa, məişət zorakılığının qarşısının alınması ilə bağlı cəmiyyətin də bu zorakılığa qarşı tolerantlığı azalar. Əgər sistematik dəyişiklik olsa, onda cəmiyyətin də bununla bağlı fikirləri dəyişər. Vətəndaş cəmiyyəti institutlarına gələndə isə, onların edə biləcəyi bu tip halları gündəmdə saxlamaq, bunun statistikasını aparmaq, bununla bağlı maarifləndirici verilişlər hazırlamaq, bu haqda danışmaq, müxtəlif təkliflər paketi ola bilər ki, hazırlanıb hüquqşünaslar tərəfindən dövlət orqanlarına təqdim oluna bilər.

Amerikanın Səsi: Azərbaycan İstanbul Konvensiyasına qoşulmalıdırmı?

Aygül Cəfərova: Azərbaycanın İstanbul Konvensiyasına qoşulması çox vacibdir. Çünki bizim müzakirə elədiyimiz məsələlər onsuz da öz əksini tapıb. Məişət zorakılığı qadınlara və qızlara qarşı ayrıseçkiliyin bir növüdür, təzahürüdür. İstanbul Konvensiyasında da preventiv addımlar nəzərdə tutulub. Bu zorakılıq baş vermədən əvvəl , bu zorakılığın baş verməməsi üçün atıla biləcək addımlar işlənib-hazırlanıb. Bu, istər dərsliklər, sığınacaqlar, maarifləndirmə, gender rollarının sorğulanması , istərsə də zorakılıq qurbanların qorunması, qanunvericilik bazası, olsun bütün bunlar işlənib hazırlanıb. Hətta zorakılıq edən şəxslərin özləri ilə iş də öz əksini tapıb bu konvensiyada. Bundan əlavə zorakılığa şahid olan uşaqlarla iş də nəzərdə tutulub.

Xatırlatma

Son zamanlar yerli hüquq müdafiəçiləri, qadın haqları fəalları Azərbaycanda qadın cinayətlərinin sayının ildən-ilə artdığını qeyd edirlər. Bu baxımdan feminist fəallar qadın azadlıqları uğrunda bir neçə kütləvi aksiyalar keçiriblər. Onlar hesab edir ki, cəzasızlıq davam etdikcə, insanlar lazımi qaydada cəza görməyincə, qadın qətlləri artmaqda davam edəcək.

Hüquq müdafiəçilərinin hesablamalarına görə, 2021-ci il ərzində təkcə mediada 72 qadın qətli xəbəri yer alıb. Qadınlardan 43%-i ərləri tərəfindən öldürülüb. 2021-ci ildə qeydə alınan məişət zorakılığı cinayətləri əvvəlki ildən 19% çoxdur (1499 cinayət). Məişət zorakılığından zərər çəkənlərin 78,5%-i qadındır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, USAID və BMT-nin İnkişaf Proqramının "Qadınlara və Qızlara Dəstək Olaq" layihəsi çərçivəsində birgə açıqlamasında deyilir ki, Azərbaycanda rəsmi statistik məlumatlar onu göstərir ki, 2019-cu ildə ən azı 1038 qadın məişət zorakılığının qurbanı olub. 2020-ci ilin mart-sentyabr aylarında isə qadınlara qarşı 679 cinayət faktı qeydə alınıb.

Baş Prokurorluq bildirib ki, qadınlara qarşı psixi və fiziki zorakılıq sağlam cəmiyyət üçün ciddi təhdid olaraq qalır.

"Təəssüflər olsun ki, təkcə 2021-ci ilin I yarımili ərzində baş vermiş qəsdən adam öldürmə cinayətləri nəticəsində 33 qadın zərər çəkmişdir. Qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaqdır! Susaraq cinayətə ortaq olma! Qadına qarşı zorakılıq halları ilə üzləşdikdə dərhal Baş Prokurorluğun "961" Çağrı Mərkəzinə müraciət et!" #qadınzorakılığınasusma” müraciətdə deyilir.

Azərbaycan Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür.

1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. Azərbaycanda "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun 2010-cu ildən qüvvədədir.

XS
SM
MD
LG