Accessibility links

Suriyadan 12 Azərbaycan vətəndaşı ölkəyə repatriasiya olunub


Suriya
Suriya

Sentyabrın 10-da Suriyanın Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan 12 nəfər Azərbaycan vətəndaşının ölkəyə repatriasiyası həyata keçirilib. Onlar arasındakı 7 və 10 yaşlı bacı-qardaş hər iki valideynini itirib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, repatriantların ölkəyə gətirilməsi Azərbaycan hökumətinin mərhələli və koordinasiyalı tədbirləri nəticəsində reallaşıb.

“Əvvəlcə onların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib, daha sonra əldə olunmuş razılıq əsasında onların Türkiyə ərazisindən tranzit keçidi təmin olunub. İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul müvafiq dövlət qurumlarının daxil olduğu işçi qrupun Türkiyəyə ezam edilmiş nümayəndələri tərəfindən repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib, zəruri yardımlar göstərilib, həmçinin Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri və uçuş biletləri ilə təmin edilib.”

Nazirlik bildirir ki, zəruri prosedurlar yekunlaşdıqdan sonra repatriantlar ailələrinə və qəyyumlarına təhvil veriləcək. Azərbaycan hökuməti tərəfindən onların reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.

Azərbaycan Xarici İşlər Nazirliyinin bundan öncə, bu ilin mayında İraqda olan Azərbaycan vətəndaşlarının repatriasiyasını həyata keçirib. Bu il mayın 25-də nazirliyin yaydığı məlumata görə, İraqdan repatriasiya olunmuş Azərbaycan vətəndaşlarının sayı ümumilikdə 290 nəfərə çatıb.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2021-ci il dekabrın 27-də deyib ki, ümumilikdə 2021-ci ildə İraq və Suriyadan Azərbaycana 81 nəfər gətirilib. Onların 69-u uşaq və 12 nəfəri qadındır.

"Azərbaycanda seçilmiş icmalarda radikallaşmaya qarşı həssaslıq və dayanıqlığın müəyyən edilməsi üzrə tədqiqat" adlı yekun hesabatda bildirilir ki, 2018-ci ilin oktyabr ayında Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndələri ilə görüş zamanı Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən verilən ən son rəsmi məlumata əsasən, terror təşkilatlarına qoşulmaq üçün Suriya və İraqa Azərbaycandan 1477 (1136 kişi və 341 qadın) nəfərin getdiyi, 903 nəfərin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü güman edilir.

XS
SM
MD
LG