Accessibility links

Prokurorluq bir neçə saat axtarış apardıqdan sonra jurnalist Əvəz Zeynallı ilə yanaşı vəkil Elçin Sadıqovu da saxlayıb


Vəkil Elçin Sadıqov saxlanılarkən (Foto Türkan Bəşirindir)
Vəkil Elçin Sadıqov saxlanılarkən (Foto Türkan Bəşirindir)

Sentyabrın 10-da prokurorluq əməkdaşları jurnalist Əvəz Zeynallının və vəkillər Elçin Sadıqov və Zibeydə Sadıqovanın ofisində və evində bir neçə saat axtarış aparıb. Axtarışdan sonra prokurorluq əməkdaşları vəkilə və jurnalistə məxsus sənədləri, kompüterləri götürüb. Jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov saxlanılaraq Baş Prokurorluğun İstintaq İdarəsinə aparılıb.

Azərbaycanın yerli mediası bir neçə gün öncə jurnalist Əvəz Zeynallının bir şəxslə telefon danışığının audio yazısını yayımlayıb. Həmin audio yazıda iddia olunur ki, jurnalist hazırda həbsdə olan “Baku Steel Company”-nin sabiq rəhbəri Rasim Məmmədovun ailəsindən onun müdafiəsi üçün 20 min manat alıb. Rasim Məmmədovun vəkili Elçin Sadıqov bu iddianı Rasim Məmmədovun ailəsinə istinadən təkzib edib.

Əvəz Zeynallı da özünün “Xural TV” Youtube kanalında bu ittihamaları rədd edərək, onları sifariş” adlandırıb.

Sentyabrın 10-da jurnalist Əvəz Zeynallı saxlanıldıqdan sonra Respublika Baş Prokurorluğunun Mətbuat xidməti Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, faktla bağlı cinayət işi başlanılıb.

“Hazırda istintaq hərəkətləri həyata keçirilir. Əlavə məlumat veriləcəkdir,” mətbuat xidməti qeyd edib.

Öz növbəsində, jurnalist Əvəz Zeynallının həyat yoldaşı Məlahət Qüsuri Amerikanın Səsinə deyib ki, evlərində 3 saatdan çox axtarış aparılıb.

“Əvəz bəyin və mənim komputerimizi, Əvəz bəyin neçə illərdir yazdığı gündəliyini, əlyazmaları, telefon dəftərlərimizi, şikayətçilərin məktublarını, uşaqların təhsil pulunu, kitablarının pulunu götürdülər,” o qeyd edib.

Məlahət Qüsuru həyat yoldaşını artıq 9 saatdır Baş Prokurorluğun İstintaq İdarəsində dindirdiklərini deyib.

“Güman edirəm ki, onu məhkəməyə aparacaqlar,” o qeyd edib.

Jurnalistin saxlanılmasının səbəblərinə gəlincə, Məlahət Qüsuri deyib ki, Əvəz Zeynallının rəhbərlik etdiyi Xural.Tv intenet televizyası “Tərtər işi” ilə bağlı əsas nüansları açırdı.

“Burada hazırda vəzifədə olan şəxslərin adı keçirdi. Əvəzin həbsini bu məqamlarda axtarmaq lazımdır,” o qeyd edib.

Vəkillərin evində və ofisində də bir neçə saat axtarış aparılıb. Vəkil Elçin Sadıqovun həyat yoldaşı, həmçinin Rasim Məmmədovun vəkili Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, axtarış zamanı vəkilin evindən Rasim Məmmədovun cinayət işi üzrə iş materallarını götürüblər.

“Rasim Məmmədovun cinayət işi 16 cilddən ibarətdir. Onun 3 cildini evə gətirmişdim ki, birinci gün keçiriləcək məhkəmə iclasında irəli sürmək üçün vəsatətlər hazırlayım. Həmin 3 cildi götürüb apardılar.”

O, vəkillərin evində və ofisində axtarış aparılmasını qanunsuz və əsassız adlandırıb.

“Vəkilə qarşı belə hərəkətlər etmək qanunvericiliyə tamamilə ziddir. Bizim ofisimizdə hüquqlarını müdafiə etdiyimiz şəxlsərin çoxlu sayda konfidensial işləri var. Vəkilin ofisinə girib, axtarış-götürmə hərəkətləri doğru əməl deyil. Rasim Məmmədovun sənədlərini götürmək də qanuna tamamilə ziddir. Vəkil Elçin Sadıqovu hansı statusla saxladıqları da hələ bizə məlum deyil. Əslində saxlanılma ilə bağlı ailə üzvlərinə məlumat verilməlidir,” o qeyd edib.

Onun sözlərinə görə, fakt üzrə Cinayət Məcəlləsinin 311.3.3 maddəsi (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə) ilə cinayət işi başlanılıb.

Prokurorluq əməkdaşları vəkillərin ofisində bir neçə saat ərzində axtarışdan sonra bir neçə torbada olan sənədləri aparıblar.

Prokurorluq əməkdaşı Sadıqovun qolundan tutaraq onu avtomobilə oturdub aparıb. Bu zaman vəkil aşağıdakıları deməyə imkan tapıb.

“Yəqin protokol tərtib edəcəklər. Mən heç nə etməmişəm, bunların hamısı uydurmalardır. Hələ suallar verilməyib, axtarış-götürmə aparılıb,” o qeyd edib.

Bununla yanaşı, Baş Prokurorluq hələ axtarışın nəticələri, Əvəz Zeynallı və Elçin Sadıqovun hansı qismdə saxlanılması ilə bağlı məlumat verməyib.

“Xural” qəzetinin baş redaktoru olan Əvəz Zeynallı 2011-ci ilin sonlarında Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın şikayəti əsasında həbsdə olub.

2013-cü ildə 9 il azadlıqdan məhrum edilib. Hədə-qorxu gəlməklə külli miqdarda rüşvət almaq, daha sonra isə məhkəmə qərarlarını icra etməmək və vergidən yayınmaqda ittiham olunan baş redaktor 2014-cü ilin dekabrında prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin bu il fevralın 3-də yaydığı məlumata görə, “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov saxlanılıb.

Məlumatda bildirilib ki, başlanılmış cinayət işi üzrə Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib, rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib, təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub.

Rasim Məmmədovun rəhbərlik etdiyi "Baku Steel Cоmpany" ölkənin birinci böyük pоladəritmə müəssisəsi olub, 21 iyun 2001-ci ildə fəaliyyətə başlayıb.

Şirkətin polad istehsalına görə illik istehsal gücü bir milyon ton olub. Şirkət armatur, kvadrat pəstah, dairəvi pəstah, şveller, katanka (məftil), künclük, ikitavr, kvadrat və dəmir çubuq, habelə çeşidli fiqurlu tökmələr istehsal edib.

Son bir neçə ildə yerli mediada bu şirkətin monopolist mövqeyi, digər şirkətlərin əmlakının ələ keçirməsi və bir sıra yüksək vəzifəli şəxslərlə yaxınlıq mövqeyindən istifadə edərək bazarda üstünlük qazanması barədə məqalələr dərc olunub.

XS
SM
MD
LG