Accessibility links

Dünyada insan haqları pozuntuları və zorakılıqların həyəcanverici artımı


İnsan Hüquqları üzrə Ali Komissar vəzifəsini icra edən Nada Əl-Nəşif dünyanın onlarla ölkəsində insan hüquqlarının pozulması, zorakılıq və siyasi qeyri-sabitliyin heç vaxt bitməyən dövrəsində tələyə düşmüş milyonlarla insanın artan çarəsizliyini vurğulayıb.

O, Afrikanın çoxsaylı ölkələrində, o cümlədən Burkina Faso, Burundi, Mərkəzi Afrika Respublikası və Malidə pisləşən vəziyyətə toxunub, Efiopiyanın şimalındakı Tiqray əyalətində təxminən iki ildir davam edən qarşıdurma ilə bağlı nadir bir ümid işığı təqdim edib.

"Şimali Efiopiyada bu yaxınlarda hərbi əməliyyatların bərpasından sonra, dünən Tiqray hakimiyyətinin hərbi əməliyyatların dərhal dayandırılmasına riayət və Afrika İttifaqının himayəsi altında möhkəm sülh prosesində iştirak etməyə hazır olduqlarını elan etməsi məni ruhlandırdı. Mən tərəfləri zorakılığa birdəfəlik son qoymaq üçün təcili addımlar atmağa, konstruktiv və həqiqi dialoqa üstünlük verməyə çağırıram".

Nada Əl-Nəşif Haitidə ağır silahlı dəstələr tərəfindən dözülməz zorakılıq və insan hüquqları pozuntuları üzərində uzun müddət dayanıb. O, beynəlxalq ictimaiyyəti bu ölkədə zorakılıq bəlasının qarşısını almağa kömək etməyə çağırıb.

Bununla belə, o, yalnız Çinin bir milyondan çox uyğur və digər müsəlman azlıqların qondarma peşə mərkəzlərində həbsinə istinad edib. Bu, hüquq müdafiəçilərinin Şurada bu məsələ ilə bağlı xüsusi müzakirələrin aparılması tələblərini artırıb.

"Avqustun 31-də ofisim hökumətə və digər maraqlı tərəflərə tövsiyələrlə Çinin Sincan-Uyğur Muxtar Bölgəsində insan haqları ilə bağlı narahatlıqların qiymətləndirilməsini dərc edib" - deyə, o bildirib.

Ali komissar vəzifəsini icra edən Əl-Nəşif Rusiyanın Ukraynadakı müharibəsinə qarşı daxili müxalifəti yatırmağa yönəlmiş hərəkətlərini sərt şəkildə tənqid edib.

"Rusiya Federasiyasında Ukraynada müharibəyə etirazını bildirən insanlara qarşı hədə-qorxu, məhdudlaşdırıcı tədbirlər və sanksiyalar konstitusiya ilə təmin edilmiş fundamental azadlıqların həyata keçirilməsinə xələl gətirir... Jurnalistlərə qarşı təzyiqlər, internet resurslarının bloklanması və senzuranın digər formaları media plüralizmi ilə bir araya sığmır və informasiya əldə etmək hüququnu pozur" - deyə, o bildirib.

Əl-Nəşif bildirib ki, Ukraynada müharibə davam edir və mülki əhalinin iztirabları davam edir. O, müharibənin ciddi sosial-iqtisadi nəticələrinin də qaldığını qeyd edib. Onun sözlərinə görə, bu, dünyanın bəzi ən yoxsul ölkələrində ciddi yanacaq çatışmazlığı və ərzaq təhlükəsizliyinə təhdidlərlə nəticələnib. Əl-Nəşif əlavə edib ki, Ukraynada müharibənin gətirdiyi dağıntılar daha sonra sessiyada müzakirə olunacaq.

XS
SM
MD
LG