Accessibility links

Ərdəbil və Zəncanda iki məhbus asılıb


İranda ictimai edam.
İranda ictimai edam.

Keçən iki həftə ərzində İranın müxtəlif vilayətlərində edamların çoxalması fonunda Zəncan və Ərdəbil şəhərlərində iki məhkum dar ağacından asılıb.

Norveçdə qərargahlanan İran İnsan Haqları təşkilatına (IHR) istinadən, Zəncan və Ərdəbildə edam edilən şəxslər keçmiş illərdə qətl ittihamı ilə mühakimə edilərək qisasa məhkum edilmişdilər.

Bazar günü səhər saatlarında ölüm cəzası Zəncanın mərkəzi həbsxanasında tətbiq edilən məhkumun adı Mehdi Ağuş olaraq açıqlanıb. İHR-nin məlumatına görə, Ağuş daha əvvəl də edam hökmünün icrası üçün dar ağacının altına aparılmış, ancaq qətlə yetirdiyi şəxsin ailəsindən möhlət alaraq edamı təxirə salınmışdı.

Hüquq-müdafiə qurumunun xəbərinə görə, 40 yaşındakı Əhməd Pənahinin isə qisas hökmü bazar ertəsi günü Ərdəbil həbsxanasında tətbiq edilib. Əhməd Pənahi də daha əvvəl qətlə yetirdiyi şəxsin ailəsindən möhlət alaraq hökmün icrasını təxirə sala bilmişdi.

İranda qətl ittihamı ilə edama məhkum olunanlar qətlə yetirdikləri şəxsin ailəsini diyə-təzminat almağa razı etdikləri təqdirdə ölüm cəzasından qurtula bilirlər. Son möhlətə qədər "diyə" məbləğini hazırlaya bilməyən məhkumların ölüm cəzası icra edilir. "Diyə" şəriət qanunlarına görə hesablanan bir təzminat növüdür.

Hüquq-müdafiə qurumlarının yaydığı hesabatlara əsasən, keçən 2 həftə ərzində İranın müxtəlif vilayətlərində təqribən 40 edam hökmü icra edilib. Həmin müddətdə qisasa məhkum olmuş bəzi məhbuslar isə qətlə yetirdikləri şəxslərin ailələrinə diyə-təzminat ödəyərək dar ağacından xilas olublar.

XS
SM
MD
LG