Accessibility links

Sankt Peterburqda Ukraynada müharibə əleyhinə əhval-ruhiyyə artır


Sankt Peterburqda Ukraynada müharibə əleyhinə əhval-ruhiyyə artır
please wait

No media source currently available

0:00 0:03:05 0:00

Rusiya Ukraynada yeddi aydır davam edən müharibədə irəliləyişə nail olmadığı vaxt Rusiya cəmiyyətində müdaxilə ilə bağlı gərginliklər artır. Hökumətin müxaliflərə qarşı təzyiqlərinə baxmayaraq, etiraz səsləri ucalmaqdadır. Müharibəyə müxalifətin mərkəzi sayılan Sankt-Peterburq şəhərində vətəndaş etirazları yenidən güclənir. Müxalif qanunvericilər və fəallar Ukraynaya qarşı təcavüz əleyhinə çıxış etməklə həbs olunmaq riski ilə qarşılaşır.

Artıq bir neçə ildir Sankt-Peterburq şəhər assambleyasının müxalifətçi deputatları hakimiyyət onları parlamentə buraxmadığı üçün bu pizza restoranında toplaşırlar.

Son həftələr qanunvericilərdən ibarət kiçik bir qrup Rusiya prezidenti Vladimir Putinin impiçmenti üçün rəsmi petisiya təqdim etməklə Rusiya siyasətində təlatüm yaradıb.

“Biz yeni ritorikadan istifadə etmək qərarına gəldik. Biz liberal deputatlarıq və indiyədək bizi daha çox sosial məsələlər maraqlandırırdı. [Putinin] vəzifədən kənarlaşdırılması ilə bağlı bu petisiyada biz onun Rusiya Federasiyasına, başqa dövlətə deyil, ölkəmizin vətəndaşlarına fundamental şəkildə zərər vurduğunu vurğulayırıq,” Smolnı rayonunun nümayəndəsi Dmitri Palyuqa bildirib.

Onların Putini hakimiyyətdən kənarlaşdırmaq tələbi Ukraynada Putinin “xüsusi hərbi əməliyyat” adlandırdığı müharibənin Rusiya prezidentinin şəxsi planı olduğuna inamına əsaslanır.

Smolnı rayonunun nümayəndəsi Dmitri Palyuqa: “Mən əminəm ki, Vladimir Putin prezident olmasa, (Ukraynada) bu “xüsusi əməliyyat” davam etməyəcək”.

Bu müxalif qanunvericilər artıq cərimə cəzası alıblar və onlar bundan sonra cinayət ittihamları ilə üzləşə biləcəklərini deyirlər.

“Bir çox insan bizə nəsə ola biləcəyindən narahatdır. Amma kimsə nəsə etməlidir,” Smolnı rayonunun nümayəndəsi Dmitri Baltrukov deyib.

Petisiya həmçinin Sankt-Peterburqun vətəndaş cəmiyyəti nümayəndələrini açıq itaətsizlik nümayiş etdirməyə sövq edib.

Sankt-Peterburqdakı bu kiçik barda gənc şairlər Putinin Ukraynada müharibəsini tənqid edən şeirlərini oxumaq üçün toplaşırlar. Onlar inanır ki, fikirlərini söyləməyin vaxtı gəlib çatıb.

Şair və təşkilatçı Artur Yamaletdinov: “Müharibəyə qarşı çıxan ziyalıların cəsarəti insanlara ümid verir, insanlara mübarizəni davam etdirmək üçün motivasiya və güc verir, çünki tək olmadığınızı aşkar edirsiniz.”

Şair Yuri Zavorotnıy: “İnsanların çoxu bu günə qədər susur. Lakin ola bilsin ki, bu, dəyişir, çünki biz xəbərləri görürük. Amma bunun üçün vaxt lazımdır”.

Bu fəaliyyətlərin nə qədər kiçik olmasından asılı olmayaraq, daim bunun həbsə gətirib çıxaracağı ilə bağlı qorxu var.

Şair Cemil Nilov: “Qorxu hamıya təsir edir, bu, normal reaksiyadır. Yalnız axmaqlar və [siyasi müxalifət lideri] Aleksey Navalnı qorxmur. Mən Navalnı deyiləm və axmaq da deyiləm, bəli, mən qorxuram”.

Putinin Ukraynaya müdaxiləsi təkcə qlobal təhlükəsizliyin pozulmasına gətirib çıxarmayıb, bu həm də Rusiyanı siyasi və sosial qeyri-sabitliyə sürükləyib. Bunun nəticələrini proqnozlaşdırmaq çətindir.

Milyonlarla rusiyalı gənc - bütöv bir nəsil isə olduqca qeyri-müəyyən gələcəklə qarşılaşır.

XS
SM
MD
LG