Accessibility links

İran Azərbaycanında qadın yazarlar repressiya və senzura siyasətinə etiraz edir


Mehdiyə Ahəni və Rüqəyyə Kəbiri
Mehdiyə Ahəni və Rüqəyyə Kəbiri

İran Azərbaycanında fəaliyyət göstərən yazarlar Rüqəyyə Kəbiri və Mehdiyə Ahəni İranda bir neçə həftədir davam etməkdə olan kütləvi aksiyalar ilə əlaqədar yürüdülən repressiya və senzura siyasətinə etiraz bildiriblər.

Kəbiri və Ahəni sosial mediada ayrı-ayrı açıqlamalar yayımlayaraq bundan sonra İranın Mədəniyyət və İrşad Nazirliyinin nəzarəti altında çap və nəşr fəaliyyəti göstərməyəcəklərini vurğulayıblar.

Türk dilində bir çox roman və hekayə toplusunun müəllifi olan Rüqəyyə Kəbiri öz İnstagram hesabında paylaşdığı açıqlamada xüsusilə Təbriz Universitetində aksiya keçirən tələbələrə qarşı tətbiq edilən zorakılığı qınayıb.

Kəbiri açıqlamasında "Təbriz Universitetinin tələbələri və vətən övladlarının" zorakılığa məruz qalması və bu hadisələr ilə bağlı xəbərlərin senzura olunmasına etiraz bildirib. O, etiraz əlaməti olaraq bundan sonra heç bir əsərini İranın Mədəniyyət və İrşad Nazirliyinin icazəsi və nəzarəti altında çap etməyəcəyini yazıb.

Təbrizdə nəşr edilən türkcə-farsca Ban dərgisinin sahibi və baş redaktoru Mehdiyə Ahəni isə İnstagram səhifəsində Ban dərgisinin nəşr lisenziyasını yandırdığını göstərən bir video paylaşıb.

"Mən-Ban dərgisinin sahibi Mehdiyə Ahəni çalışırdım ki, dərgimizdə qadın haqlarına toxunam. Küçələrdən qovulmuş qadınlar və cinsi azlıqların haqqını vurğulamağa çalışırdım. Ancaq bu gün şəhərlərimiz və küçələrimiz əvvəlki vəziyyətdə deyil. Bu gün küçələri məndən daha cəsarətli bacılarımız ələ keçirib" , Ahəni paylaşdığı videoda bildirib.

O, söhbətinin davamında digər qadınlardan cəsarət aldığını önə çəkərək əlavə edir ki, "mən də hər kəs kimi qorxuram. Məndə də qorxular var. [Ancaq] qorxularıma sahib çıxmaq istəyirəm. Aldığım nəşr lisenziyasına baxıb iyrənirəm. Zorla başımı örtüblər (sənədin üzərindəki fotoşəkili göstərir). Ondan tut lisenziyanın ideoloji mətninə qədər. Qondarma ‘Azəri’ adına qədər. Mənim türk kimliyimi danan, təhrif edən bir mətndir. Bu an əlimdən gələn iş bu ola bilər ki, bu lisenziyanı yandırmaq istəyirəm".

Yazar və feminist fəal Mehdiyə Ahəni videonun sonunda Ban dərgisi üçün aldığı rəsmi nəşr lisenziyasını yandırır.

XS
SM
MD
LG