Accessibility links

ADR Partiyası Polşada saxlanılan Ukrayna Zabitlər Birliyinin fəalının azadlığa buraxılmasını tələb edir


Elxan Nuriyev
Elxan Nuriyev

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası Polşada interpol tərəfindən saxlanılan prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı olan Elxan Nuriyevin azad olunaraq sərbəst buraxılmasını tələb edir.

ADR Partiyası hesab edir ki, ictimai xadim Elxan Nuriyevə qarşı irəli sürülmüş ittham saxtadır, onun şərlənərək saxlanılması Putin və Əliyev hakimiyyətlərinə qarşı fəal siyasi mövqeyi, Rusiyanın Ukraynaya təcavüzünə, avtoritar rejimlərə qarşı tənqidi münasibəti və informasiya fəaliyyəti ilə əlaqədardır.

ADR Partiyasının bəynatında deyilir ki, Ukraynaya köçərək bu ölkənin vətəndaşlığını qəbul edən Elxan Nuriyev oktyabrın 2-də Polşada saxlanlıb.

“O, Azərbaycanı tərk edəndən sonra Ukrayna vətəndaşı olaraq dəfələrlə xaricdə olub, Türkiyəyə və Polşaya sərbəst səfərlər etsə də, ölkələr arasında sərhəd buraxılış məntəqələrində heç vaxt problemlə qarşılaşmayıb. Onun Polşaya son səfərinin məqsədi Ukraynada Rusiyanın cinayətlərini pisləyən beynəlxalq tribunalın yaradılması və hazırlanması ilə bağlı Avropa ölkələri ilə aparılacaq məsləhətləşmələrdə iştirak olub,” sənəddə qeyd edilir.

Elxan Nuriyev Ukrayna Zabitlər İttifaqının fəal üzvü, mərkəzi nəzarət-təftiş komitəsinin sədridir.

“Nuriyev 2015-ci ildən Anti-Putin İnformasiya Cəbhəsinin təsisçisi və əlaqələndiricisi, Rusiyanın hərbi cinayətləri haqqında həqiqətləri yaymaq üçün informasiya resurslarının və proqramların yaradılmasının təşəbbüskarıdır,” sənəddə qeyd edilir.

Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Qubadlı rayonunun İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin təşkilatçılığı ilə 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10 (Qəsdən adam öldürmə-təkrar adam öldürmə), 29 (Cinayət etməyə cəhd), 120.2.11 (Banditizmlə əlaqədar adam öldürmə), 309.2 (Vəzifə səlahiyyətlərini aşma- ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb və Elxan Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib.

“Elxan Nuriyev oktyabrın 2-də Polşa Respublikasının ərazisində saxlanılıb. Hazırda onun Azərbaycana ekstradisiya edilməsi məqsədi ilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilib,” mətbuat xidməti bildirir.

Öz növbəsində, Elxan Nuriyevin vəkili və yaxınları hələ onun saxlanılması ilə bağlı məlumatlara münasibət bildirməyib.

Polşa hüquq-mühafizə orqanları da Nuriyevin saxlanılması ilə bağlı hələ açıqlama verməyib.

XS
SM
MD
LG