Accessibility links

ABŞ generalı: Rusiyanın mülki obyektlərə raket hücumları “müharibə cinayəti”dir


ABŞ generalı: Rusiyanın mülki obyektlərə raket hücumları “müharibə cinayəti”dir
please wait

No media source currently available

0:00 0:02:42 0:00

ABŞ generalı: Rusiyanın mülki obyektlərə raket hücumları “müharibə cinayəti”dir

NATO müdafiə nazirləri Rusiyanın Ukraynada mülki hədəflərə raket hücumlarına qarşı müdafiə olunmaq üçün Ukraynanın hava hücumundan müdafiə sistemlərini gücləndirməyin yollarını müzakirə ediblər. ABŞ-ın yüksək səviyyəli hərbi rəsmisi Rusiyanın raket hücumlarını “müharibə cinayəti” adlandırıb. Qərb müttəfiqləri Ukraynaya lazım olduğu müddətdə dəstək verməyi vəd ediblər.

Birləşmiş Ştatların yüksək rütbəli generalı Rusiyanın bu həftə Ukraynaya raket zərbələri endirməklə hücumunu müharibə cinayəti adlandırıb.

General Mark Milli, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri: “Rusiya mülki əhaliyə zərər vermək üçün qəsdən mülki infrastruktura zərbələr endirib. Onlar ukraynalı qocaları, qadınları və uşaqları hədəf alıblar. Mülki hədəflərə fərq qoymadan və qəsdən hücumlar beynəlxalq müharibə qaydalarına görə müharibə cinayətidir”.

Avropa İttifaqı da Rusiyanı bu həftə azı 26 nəfərin ölümünə səbəb olan onlarla raket ataraq müharibə cinayətləri törətməkdə ittiham edib.

Rusiya bazar ertəsi erkən saatlarda hərbi obyektlər deyil, mülki infrastruktura - parklar, izdihamlı küçələr və elektrik stansiyalarına raket zərbələri endirib.

“Bu qəddardırlıq. Həddini aşmaqdır,” prezident Co Bayden deyib.

İstefada olan polkovnik Robert Hamilton, Xarici Siyasət Araşdırma İnstitutu: “Bunlar Kyivin ətrafında ruslar gedəndən sonra kütləvi məzarlıqların tapıldığı Buçadan başlayaraq Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlərin çox uzun siyahısında sonuncusudur. Ukraynanın şərqində də kütləvi məzarlıqlar aşkar edilib”.

Ukraynanın NATO liderlərinə təcili lazım olan silahlarla bağlı müraciət etdiyi siyahıya artilleriya atəşi üçün daha çox haubitsa və atılan raketləri vurmaq üçün daha çox hava hücumundan müdafiə sistemi daxildir. Almaniya Ukraynaya hava hücumundan müdafiə sistemlərinin birincisini çatdırıb. ABŞ-ın yüksək səviyyəli müdafiə rəsmisi isə Amerikanın Səsinə bildirib ki, Birləşmiş Ştatlar gələn ay Ukraynaya iki NASAMS, ölkənin müasir hava hücumundan müdafiə sistemi çatdıracaq. Bu, ABŞ paytaxtının səmasını qorumaq üçün istifadə edilən eyni tipli sistemdir.

Ukraynanın NATO-dan istədiyi silahlarla bağlı siyahısında ilk yerdə rəsmilərin bildirdiyinə görə, bir neçə buraxılışa malik raket sistemləri - təkrar yüklənməkdən əvvəl Rusiya hədəflərinə 12 raket atmağa qadir olan zirehli hərbi texnika daxildir. Bu cür silahlar Ukraynanın əks-hücum əməliyyatlarında həlledici hesab edilir.

Lloyd Austin, ABŞ Müdafiə Naziri: “Onların effektivliyi üçün lazım olan hər şeyə malik olduqlarına əmin olmaq üçün əlimizdən gələni edəcəyik. Bu yaxınlarda biz onların həm şərqdə, həm də cənubda necə effektiv olduğunu gördük, çünki onlar ruslardan xeyli ərazini geri aldılar.”

Rusiya prezidenti Vladimir Putin deyib ki, Moskvanın son raket zərbələri şənbə günü Rusiya ərazisini Krım yarımadası ilə birləşdirən strateji körpünün zədələnməsinə səbəb olan yük maşınının partladılmasına birbaşa cavabdır. Rusiya ordusu körpüdən Ukraynanın cənubunda qüvvələrini təchiz etmək üçün istifadə edib.

XS
SM
MD
LG