Accessibility links

Azərbaycan və Gürcüstan regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib


İlham Əliyev və İrakli Qaribaşvili (Rəsmi foto)
İlham Əliyev və İrakli Qaribaşvili (Rəsmi foto)

Oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri başlayıb.

Səfər çərçivəsində Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında görüş keçirilib.

Gürcütsan hökumətinin məlumatına görə, Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış edib.

Prezident İlham Əliyev bildirib ki, iki ölkə arasındakı strateji tərəfdaşlıq əlaqələri müttəfiqlik səviyyəsinə yüksəlib.

"Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik," o qeyd edib.

Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub və bu sərmayə qarşılıqlı, faydalı sərmayədir.
İlham Əliyev, Azərbaycan prezidenti

Prezident Əliyev beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Gürcüstanın bir-birini daim dəstəklədiyini qeyd edərək deyib ki, eyni zamanda, ikitərəfli formatda həyata keçirilən bir çox önəmli layihələr təkcə iki ölkə üçün deyil, bölgə üçün, bütün Avropa üçün xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub.

"O ki qaldı ikitərəfli gündəliyimizə, əlbəttə ki, ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşır. Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub və bu sərmayə qarşılıqlı, faydalı sərmayədir. Çünki hər iki tərəfin maraqlarına cavab verir," Əliyev bildirib.

O qeyd edib ki, görüş zamanı gələcək enerji siyasəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

"Biz yeni layihələr haqqında düşünürük. Biz qaz ixracatını dünya bazarlarına artırmaq fikrindəyik. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracatını 2 dəfə artıracaq. Yəni bizim niyyətimiz bundan ibarətdir, imkanlarımız da buna çatır.

Beləliklə, biz planlaşdırırıq ki, 2027-ci ildə Azərbaycanın Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq", dövlət başçısı bildirib.

O, Azərbaycanın hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən istifadə etmək istədiyini bildirib.

"Bu barədə danışmışıq. Mən bizim planlarımız haqqında Baş naziri məlumatlandırdım. Bunun üçün böyük ehtiyac var və böyük potensial var."

Azərbaycan prezidenti əlavə edib ki, gələn il Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri xətti ilə neft ixracı artırılacaq.

Əliyev həmçinin deyib ki, Azərbaycan Gürcüstan vasitəsilə beynəlxalq bazarlara 157 GVt elektrik enerjisi çatdırmaq niyyətindədir.

“Azərbaycan beynəlxalq bazarlara elektrik enerjisi ixrac etmək niyyətindədir və bizim marşrutumuz mütləq Gürcüstan ərazisindən keçəcək.”

İlham Əliyev bildirib ki, Bakı-Tbilisi-Qars marşrutu ilə yük daşımalarının artırılması, Orta Asiyadan Avropaya və əksinə yüklərin daşınması üçün Gürcüstan limanlarından istifadə edilməsi bütün ölkələrin maraqlarına cavab verir. Gürcüstanla Azərbaycan arasında yük dövriyyəsi 75% artıb.

“Bakı-Tbilisi-Qars dəmir yolu ilə 5 milyon ton yük daşımaq olar, gələn il biz bu istiqamətdə daha çox kapital qoyuluşu həyata keçirəcəyik. Biz bu marşrutdan Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya yüklərin daşınması, eləcə də yeni marşrutların inkişafı üçün istifadə edəcəyik,” Əliyev bildirib.

Prezident İlham Əliyev Ermənistan tərəfinin siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacağına ümid etsiyini bildirib .

Əliyev deyib ki, Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinin başlaması haqqında fikir mübadiləsi aparılıb.

"Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq," dövlət başçısı bildirib.

İlham Əliyev və İrakli Qaribaşvili (Rəsmi foto)
İlham Əliyev və İrakli Qaribaşvili (Rəsmi foto)

Baş nazir İrakli Qaribaşvili bəyan edib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır.

Onun sözlərinə görə, iki ölkə arasında misilsiz dostluq və sıx münasibətlər var.

"Həmin münasibətlər tarixi əlaqələrə, qarşılıqlı hörmətə arxalanır. Mən əminəm ki, hazırkı mövcud olan əməkdaşlığımız ölkələrimiz və xalqlarımızın rifahı naminə daha da yüksək səviyyəyə qalxacaq".

Baş nazir bildirib ki, Gürcüstan Azərbaycan üçün önəmli ölkədir və eyni zamanda Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır.

Cənubi Qafqaz regionunda sülhün qorunması üçün irəli sürülən Qonşuluq Sülh Təşəbbüsü heç bir digər əməkdaşlıq formatı ilə ziddiyyət təşkil etmir və onu əvəz etmir.
İrakli Qaribaşvili, Gürcüstanın baş naziri

"Biz artıq həyata keçirdiyimiz mühüm layihələri nəzərdən keçiririk. Bunlar tarixi layihələrdir. Bu, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri və Orta Dəhliz layihələridir. Bizim həyata keçirdiyimiz layihələr bundan sonra da irəliyə aparılacaq və işləri daha da sürətləndirmək niyyətindəyik."

İrakli Qaribaşvili deyib ki, Cənubi Qafqaz regionunda sülhün qorunması üçün irəli sürülən Qonşuluq Sülh Təşəbbüsü heç bir digər əməkdaşlıq formatı ilə ziddiyyət təşkil etmir və onu əvəz etmir.

Onun sözlərinə görə, danışıqlar zamanı tərəflər “Ukraynada baş verənləri danışıqlar yolu ilə nizamlamaq lazımdır” qənaətinə gəliblər.

Gürcüstanın baş naziri qeyd edib ki, görüşdə Ukraynadakı müharibə nəzərə alınmaqla regionda və dünyada vəziyyət müzakirə olunub.

“Biz ölkələrimiz arasında güclü tərəfdaşlıq və əməkdaşlıqla bağlı bir çox məsələlərdən danışdıq. Dünyadakı çətin vəziyyəti, cari prosesləri də nəzərdən keçirdik. Təbii ki, biz regiondakı vəziyyətə toxunduq və hamı razılaşır ki, Ukraynada baş verənlər danışıqlar yolu ilə tənzimlənməlidir. Onu da deyim ki, regionda və dünyada sürətlə dəyişən və mürəkkəb çağırışlar şəraitində regionumuzun və bütövlükdə xalqlarımızın rifahı üçün əsas amillər olan sülh və sabitliyə böyük əhəmiyyət verilir,” o qeyd edib.

Baş nazir deyib ki, danışıqlar zamanı regiondakı mövcud vəziyyətə, Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesinin başlanmasına dair son razılaşmaya da toxunulub.

“Bu, əlbəttə ki, bizə böyük ümidlər verir. Bir daha demək istəyirəm ki, Gürcüstan, mən və hökumətimiz birlikdə başladığımız sülh siyasətini davam etdirməyə və dəstəkləməyə tam hazır olduğumuzu bəyan edirik. Onu da qeyd etmək istəyirəm ki, qeyd olunan sülhsevər qonşuluq təşəbbüsü heç bir başqa əməkdaşlıq formatı ilə ziddiyyət təşkil etmir və onu əvəz etmir, əksinə, kömək edəcək və inanıram ki, biz birlikdə çox mühüm işlər görəcəyik,” Qaribaşvili bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Əvəz Zeynallıya 9 il həbs cəzası verildi
please wait

No media source currently available

0:00 0:13:34 0:00
XS
SM
MD
LG