Accessibility links

Qaşqay türklərinin tanınmış alimi Əsədullah Mərdani Şirazda dəfn edilib


Əsədullah Mərdani Rəhimi
Əsədullah Mərdani Rəhimi

İranın cənubunda yaşayan Qaşqay türklərinin tanınmış alimi və Qaşqay elində “el atası” kimi tanınan yazar Əsədulah Mərdani Rəhiminin cənazəsi bazar ertəsi günü Şirazda torpağa tapşırılıb.

Oktyabrın 22-də 70 yaşında vəfat edən yazar, müəllim və türk dili və ədəbiyyatının tədqiqatçısı Əsədullah Mərdaninin bir çox əsəri, o cümlədən “Türk dili və onun yazı üslubu”, “Qaşqay türkcəsini öyrənmə” və “Qaşqay türkcəsi-farsca lüğət” əvvəlki illərdə İranda nəşr edilib.

Bazar ertəsi günü Şirazın Darürrəhmə məzarlığında keçirilən dəfn mərasimində çıxış edənlər mərhum Mərdaninin İranda türk dili və ədəbiyyatının qorunması sahəsində xidmətlərini yüksək qiymətləndiriblər.

Sosial şəbəkələrdə yayılan dəfn mərasimindən çəkilmiş videolarda çox sayda iştirakçının əlində türk dilində yazılmış plakatlar görünür. Plakatlardakı yazılarda Əsədullah Mərdaninin Qaşqay eli və ümumiyyətlə, İranda türk dili və mədəniyyətinin qorunması sahəsində xidmətləri və türk dilinin önəminə diqqət çəkilib. Bəzi plakatların üzərində “Türk yaşa, azad yaşa” və “yolumuz türkcəçilik” kimi şüarlar yazılıb.

Instagram sosial şəbəkəsində yayılan videolarda dəfn mərasimində son vaxtlar İran Azərbaycanında populyar olan “Azadlıq, ədalət, milli hökümət” şüarının səsləndirildiyi eşidilir.

Mərhum Əsədullah Mərdaninin dəfn mərasimi, 24 Oktyabr 2022 - Şiraz, İran
Mərhum Əsədullah Mərdaninin dəfn mərasimi, 24 Oktyabr 2022 - Şiraz, İran

“O ustad ki dil üçün işləmiş aramızdan getmiş. Vəsiyyəti və nəsihəti budur ki biz dilimizi saxlayaq... Xüsusən mən analara deyirəm, uşaqlarızla türkcə danışın, düz danışan lütfən. Elə bu ki varımızdı bunu saxlayaq lütfən!” mərasimdən çəkilmiş videoların birində iştirakçılara müraciət edən bir ictimai fəal deyib.

XS
SM
MD
LG