Accessibility links

Rusiya prezidenti Azərbaycan və Ermənistan liderləri ilə təkbətək görüş keçirib


Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan
Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan

Oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putin ayrılıqda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb. Görüşlərin əsas diqqət məErmənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ətrafında olub.

Vladimir Putin və İlham Əliyev (Foto Rusiya prezidentinin rəsmi saytındandır)
Vladimir Putin və İlham Əliyev (Foto Rusiya prezidentinin rəsmi saytındandır)

Rusiya Prezidentinin rəsmi internet saytının məlumatına görə, Vladimir Putin Azərbaycan Prezidenti ilə görüşündə bildirib ki, görüşün məqsədi 2020 və 2021-ci illərdə əldə edilmiş bütün razılaşmaların həyata keçirilməsini təmin etməkdir.

Rusiya münaqişənin həllində mühüm rol oynayıb. İndi bizim sülhməramlı kontingentimiz öz missiyasını lazımi şəkildə yerinə yetirir.
Vladimir Putin, Rusiya Prezidenti

“Siz dəfələrlə qeyd etmisiniz ki, Rusiya münaqişənin həllində mühüm rol oynayıb. İndi bizim sülhməramlı kontingentimiz öz missiyasını lazımi şəkildə yerinə yetirir. Əlbəttə ki, bu gün yaranmış vəziyyətdən danışmaq, hələ həll olunmamış məsələlərin həlli yollarını axtarmaq lazım gələcək. Və bununla bağlı iqtisadi xarakterli mühüm komponenti də qeyd edərdim: biz üçtərəfli işçi qrupu yaratmışıq, ona baş nazirin müavinləri rəhbərlik edir. İki il əvvəl haqqında danışdığımız məsələlərin həlli baxımından onlar kifayət qədər irəliləyiblər. Burada da, görünür, əlavə təkan vermək lazımdır. Mən bilirəm ki, Azərbaycan tərəfi bu istiqamətdə kifayət qədər fəal işləyir,” Rusiya Prezidenti qeyd edib.

Vladimir Putin və Nikol Paşinyan (Foto Rusiya prezidentinin rəsmi saytındandır)
Vladimir Putin və Nikol Paşinyan (Foto Rusiya prezidentinin rəsmi saytındandır)

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, indi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtıdır.

Qarabağ münaqişəsi artıq tarixdir, o, iki il əvvəl həll olunub, ona görə də bu kontekstdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur.
İlham Əliyev, Azərbaycan Prezidenti

“Bir az sonra keçiriləcək bugünkü üçtərəfli görüş bizim ilk görüşümüz olmayacaq, belə görüşlər sizin təşəbbüsünüzlə keçirilib və görürəm ki, normallaşma prosesinə çox yaxşı təkan verib. Azərbaycan nisbətən yaxınlarda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün beş əsas prinsip irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və hesab edirəm ki, bunun əsasında normallaşmaya nail olmaq olar. Qarabağ münaqişəsi artıq tarixdir, o, iki il əvvəl həll olunub, ona görə də bu kontekstdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə təbii ki, çox ciddi addımlar tələb edən formatdır. Biz sizin davamlı şəxsi rolunuzu və bu məqsədlərə çatmaqda Rusiyanın rolunu gözləyirik,” Əliyev qeyd edib.

Rusiya Prezidenti Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının oktyabrın 29-da keçirilən sessiyasına işarə edərək deyib ki, Ermənistan-Azərbaycan sərhədində və Qarabağ ətrafında baş verənlərə həmkarların yanaşmalarını görür.

KTMT liderləri ilə görüşdə dediyim kimi, qədim zamanlardan, necə deyərlər, bu günə qədər Ermənistan bizim müttəfiqimizdir. Ona görə də bizim üçün bu hələ də xüsusi bir vəziyyətdir.
Vladimir Putin, Rusiya Prezidenti

“Bu münaqişə onilliklərdir davam edir, mən bununla razıyan ki, biz nə vaxtsa ona son qoymalıyıq. Bilirəm ki, bunun üçün sizin siyasi iradəniz var və biz bunu hər cür dəstəkləyirik. Siz və mən, əlbəttə ki, indi və sonra üçtərəfli formatda keçiriləcək görüşdə - irəliləməyə imkan verəcək əsas məqamları tapmalıyıq. Yada salım ki, silahlı münaqişənin dayandırılması zamanı necə razılıq əldə olundu və sonra biz hamımız ondan çıxış etdik ki, ən başlıcası sülhü təmin etmək və inkişafa, o cümlədən Ermənistan iqtisadiyyatının inkişafı üçün şərait yaratmaqdır. Ona görə də, nəqliyyat infrastrukturunun açılması, yeni marşrutların yaradılması, iqtisadiyyatın, sosial sferanın inkişafı ilə bağlı bütün məsələlər - sonda biz buna çalışırıq, bütün bunlar insanların mənafeyinə hesablanıb. Ona görə də biz bu gün bütün bu məsələlərlə bağlı danışmalıyıq və mən çox ümid edirəm ki, biz irəliləyəcəyik.”

Putin yada salıb ki, Rusiya həmişə ondan çıxış edir ki, Ermənistan strateji tərəfdaşıdır, müttəfiqdir.

“KTMT liderləri ilə görüşdə dediyim kimi, qədim zamanlardan, necə deyərlər, bu günə qədər Ermənistan bizim müttəfiqimizdir. Ona görə də bizim üçün bu hələ də xüsusi bir vəziyyətdir. Mən çox ümid edirəm ki, bu gün biz nizamlanma istiqamətində irəliyə doğru addımlar ata biləcəyik,” o qeyd edib.

Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, KTMT Kollektiv Təhlükəsizlik Şurasının son qapalı iclasında bu barədə danışıb, bir daha qeyd etmək istəyir ki, Dağlıq Qarabağla bağlı Rusiya tərəfindən təklif olunan yanaşmalar Azərbaycanla dövlətlərarası münasibətlərin qurulmasının əsas prinsipləri və parametrləri layihəsidir.

“Bu, Azərbaycan və Ermənistan üçün məqbuldur. Ümid edirəm ki, siz bizim üçtərəfli görüşümüzdən sonra bugünkü mümkün üçtərəfli bəyanatın mətnində bu sənədə istinad etmək təklifini dəstəkləyəcəksiniz. Ermənistan bunu təklif edib, lakin hələ ki, Rusiya tərəfinin bu təklifi dəstəklədiyinə dair heç bir təsdiqimiz yoxdur.

Xüsusilə qeyd etmək istəyirəm ki, bu, oktyabrın 6-da Praqada əldə edilmiş razılaşmalara da zidd deyil. Yeri gəlmişkən, Praqa danışıqları zamanı mən sizin digər məsələlərlə yanaşı, Dağlıq Qarabağla bağlı ictimai bəyanatlarınızı rəhbər tutdum,” o qeyd edib.

Yeri gəlmişkən, Praqa danışıqları zamanı mən sizin digər məsələlərlə yanaşı, Dağlıq Qarabağla bağlı ictimai bəyanatlarınızı rəhbər tutdum.
Nikol Paşinyan, Ermənistanın Baş naziri

Baş nazir Paşinyan bu ilin martında “Azərbaycan qoşunlarının Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasından çıxarılması məsələsinin onlar üçün çox vacib olduğunu” qeyd edib. “Ən yüksək səviyyədə əldə olunmuş razılaşmalara zidd olaraq, Azərbaycan qoşunları Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasını hələ də tərk etməyib. Ümid edirəm ki, bugünkü müzakirələr nəticəsində bu məsələ öz həllini tapacaq.”

Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası prosesinə gəlincə, o bildirib ki, delimitasiya üzrə işlərin başlanması Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üçün mexanizmlərin yaradılmasından əvvəl olmalıdır.

“Rusiyanın mövqeyi ondan ibarət idi ki, delimitasiya komissiyasının özü və onun fəaliyyəti sərhəd təhlükəsizliyi mexanizminə çevriləcək. Düzünü desəm, o zaman biz bu mövqeyi bölüşmürdük, amma sonda strateji müttəfiqimizin, yəni Rusiyanın şərhinə bel bağlamaq qərarına gəldik. Buna baxmayaraq, bu il sentyabrın 13-də Azərbaycan Ermənistana qarşı yeni genişmiqyaslı təcavüzə başlayıb və ölkəmizin yeni ərazilərini işğal edib. Azərbaycan qoşunlarının 2021-ci il mayın 11-dən etibarən mövqelərə çıxarılmasının zəruriliyi ilə bağlı Rusiyanın bu məsələ ilə bağlı dəqiq mövqeyi bizim üçün çox vacibdir,” Paşinyan deyib.

Regional kommunikasiyaların blokunun açılmasına gəlincə, o bildirib ki, Ermənistan bu məsələdə çox maraqlıdır və 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanat əsasında istənilən vaxt konkret qərarlar qəbul etməyə hazırdır.

“Bu kontekstdə “Dağlıq Qarabağda sülhün qorunması ilə bağlı tədbirlər haqqında” 9 noyabr 2020-ci il tarixli bəyanatın üçüncü bəndinə və əldə etdiyimiz razılaşmaları əks etdirən 9 noyabr 2020-ci il tarixli televiziya müraciətinizə istinad edirik. Məsələnin mahiyyəti belədir: Ermənistanın ərazisindən keçən kommunikasiyalar Ermənistanın tam nəzarəti altında olmalı və Ermənistan qanunvericiliyinə uyğun fəaliyyət göstərməlidir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti yuxarıda göstərilən razılaşmaların icrasına nəzarət etməlidir.”

Nikol Paşinyan Azərbaycanda saxlanılan bütün Ermənistan vətəndaşlarının azad edilməsinin və repatriasiyasının vacibliyini vurğulayıb.

“9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın əksinə olaraq, onlarla dəfələrlə bu məsələni sizinlə müzakirə etməyimizə baxmayaraq, məsələ hələ də həllini tapmayıb,” o qeyd edib.

Soçidə gözlənilən bu günki üçtərəfli görüşədək iki ölkə arasında aparılan sülh danışıqlarına Avropa İttifaqı vasitəçilik edib. Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri artıq dörd dəfə görüşüb. Sonuncu dəfə bu il oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanın dördtərəfli formatda görüşü olub.

Görüşdən sonra Yelisey sarayının rəsmi saytında yayılan bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqları 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq ediblər.

Bundan əlavə Avropa İttifaqının rəsmi saytında dərc edilmiş bəyanatda da deyilir ki, tərəflər “təsdiqləyiblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçiriləcək”.

Praqa görüşündən sonra, oktyabrın 7-də ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib ki, ABŞ Ermənistan və Azərbaycanın möhkəm sülh sazişinə nail olmaq üçün atdığı addımları dəstəkləyir və problemlərin dinc yolla həllində Ermənistana və Azərbaycana kömək etməyə sadiqdir.

Alma-Ata Bəyannaməsi 1991-ci il dekabrın 21-də imzalanıb. Bu, əslində SSRİ-nin dağılmasını rəsmiləşdirib və MDB-nin yaradılmasını elan edib. Bəyannaməni imzalayan dövlətlər bir-birinin ərazi bütövlüyünü və o dövrdə mövcud olan sərhədlərin toxunulmazlığını tanımağa və hörmət etməyə söz veriblər. Bəyannaməni keçmiş SSRİ-nin 12 respublikası imzalayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG