Accessibility links

İranın valyutası dollar qarşısında ciddi dəyər itirib


İranda həftələrlə davam edən iğtişaşlardan sonra İran valyutası çərşənbə axşamı dollar qarşısında ən aşağı dəyərə düşüb.

Tehranın dünya qüdrətləri ilə nüvə sazişini canlandırmaq üzrə danışıqlarda dalana dirənməsi riala da ciddi təsir edib. Tehranda rial bazar ertəsi 332 200-dən 338 000 dollar arasında dəyişdirilib.

2015-ci ildə Tehranın nüvə proqramına sərt məhdudiyyətlər müqabilində beynəlxalq sanksiyaları qaldıran nüvə razılaşması zamanı İranın valyutası bir dollar üçün 32 min riala satılırdı. Rialın dəyər itiməsi ilk dəfə sentyabrın 16-da ölkənin əxlaq polisinin nəzarətində olan 22 yaşlı Mahsa Amininin ölümü ilə başlayan etirazlar fonunda baş verib.

O, İslam Respublikasının qadınlar üçün sərt geyim qaydalarını pozduğuna görə saxlanılıb. Nümayişlər ölkəni bürüyüb və 1979-cu il İslam İnqilabından bəri İranın hakim din xadimlərinə qarşı ən cəsarətli çağırışlardan birinə çevrilib. Hüquq qruplarının bildirdiyinə görə, təhlükəsizlik qüvvələri müxalifəti yatırmağa çalışıb, azı 270 nəfəri öldürüb, 14 minə yaxın adamı həbs edib.

Etirazçılar İran dövləti tərəfindən qadınlar üçün hicabı hədəf alıblar. Amma İran iqtisadiyyatının pis vəziyyəti də iranlıları küçələrə çıxaran əsas qüvvədir.

Yüksək qiymətlər, işsizlik və korrupsiya iğtişaşları artırıb.

İranla nüvə sazişi aylar əvvəl danışıqların dayandırılmasından bəri iflasa doğru irəliləyir.

Etirazların alovlanmasından sonra ABŞ və Avropa İttifaqı nümayişçilərə qarşı kobud rəftarına və Ukraynadakı müharibəsində istifadə etmək üçün Rusiyaya yüzlərlə pilotsuz təyyarə göndərmək qərarına görə İrana qarşı əlavə sanksiyalar tətbiq edib.

Ağ Ev razılaşmanı tamamilə pozmaqla bağlı artan təzyiqlə üzləşib. ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli bazar ertəsi bildirib ki, administrasiya sazişin məhvini elan etməkdən imtina etdiyinə görə “üzr istəmir”.

Keçmiş prezident Donald Tramp 2018-ci ildə ABŞ-ı nüvə sazişindən çıxardıqdan və İranın mühüm neft və bank sektorlarına qarşı boğucu sanksiyaları bərpa etdikdən sonra İran iqtisadiyyatı əhəmiyyətli dərəcədə çöküb.

XS
SM
MD
LG