Accessibility links

ABŞ Azərbaycan hakimiyyətinin "Siyasi partiyalar haqqında" qanunla bağlı Venesiya Komissiyası ilə məsləhətləşməsini istəyir


Milli Məclis ( mənbə: VOA)
Milli Məclis ( mənbə: VOA)

Yaxın vaxtlarda Azərbaycanın Milli Məclisində müzakirəsinə çıxarılması gözlənilən “Siyasi partiyalar haqqında” qanun layihəsi hüquqşünaslar, ekspertlər və siyasi partiyalar tərəfindən tənqid olunur.

"Turan" İnformasiya agentliyi bu qanun layihəsi ilə bağlı ABŞ səfirliyinin rəyi ilə maraqlanıb. Mətbuat katibindən alınan cavabda deyilir:

"Biz "Siyasi partiyalar haqqında" qanun layihəsinin siyasi partiyaların qeydiyyatını çətinləşdirərək azərbaycanlıların birləşmək azadlığını daha da məhdudlaşdıra biləcəyindən narahatıq. Biz Azərbaycan hakimiyyətini beynəlxalq ekspertlərlə, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB), Avropa Şurası Venesiya Komissiyası ilə məsləhətləşmələrə və qanun layihəsi ilə bağlı onların rəylərini nəzərə almağa çağırırıq".

Bundan əlavə cavabda daha sonra da vurğulanır ki, birləşmək azadlığına hörmət Azərbaycan Konstitusiyasında və beynəlxalq öhdəliklərdə təsbit olunmuş fundamental azadlıqdır:

"Biz bu məsələni diqqətlə izləməyə davam edəcəyik".

Xatırlatma

Yaxınlarda Milli Məclisin saytı "Siyasi partiyalar haqqında" yeni qanunun layihəsini təqdim edib. Sənəd müxalifətdə olan siyasi partiyalar tərəfindən tənqidlə qarşılansa da, iqtidar partiyası onun demokratiyaya xidmət etdiyini bildirir.

Sənədə əsasən, dövlət qeydiyyatından keçən partiyaların azad fəaliyyəti təmin edilir. Qarşısına konstitusiya quruluşunun zorla dəyişdirilməsi və hakimiyyətin ələ keçirilməsi məqsədi qoyan, ölkənin ərazi bütövlüyünü pozan, kütləvi iğtişaşlara, terrorçuluğa, dini ekstremizmə çağırış edən, irqi, dini, cinsi, etnik ayrı-seçkilik və ədavəti, sağlamlığa və ətraf mühitə qarşı yönəlmiş hərəkətləri təbliğ edən siyasi partiyaların yaradılmasına yol verilmir. Dövlət qeydiyyatından keçməyən siyasi partiyaların fəaliyyət göstərməsinə icazə verilmir.

Noyabrın 2-də Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı növbəti ictimai dinləmə təşkil olunub. Dinləmədə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc, parlamentdə təmsil olunan partiyaların nümayəndələri, deputatlar və QHT rəhbərləri iştirak edib.

XS
SM
MD
LG