Demokratlar Partiyası şənbə günü Nevada ştatında Demokrat senator Ketrin Kortez Mastonun yenidən seçilməsindən sonra ABŞ Senatına nəzarəti əlində saxlayıb. Bununla hazırda Demokratlar Senatda 50, Respublikaçılar isə 49 yerə malikdir.
Kortez Masto Nevada ştatının keçmiş baş prokuroru, Respublikaçı rəqib Adam Laksaltı məğlub edərək qələbə qazanıb.
“Seçici fəallığı məni təəccübləndirmədi. Seçki fəallığından inanılmaz dərəcədə razıyam” - deyə, Demokrat prezident Co Bayden bildirib.
O, bu açıqlamaları Kambocada, Pnompen şəhərində ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) liderləri ilə iştirak etdiyi sammitdə olduğu zaman verib.
“Düşünürəm ki, bu, namizədlərimizin keyfiyyətini əks etdirir. Mən növbəti iki ili səbirsizliklə gözləyirəm,” prezident Bayden bildirib.
Kortez Mastonun Nevadada və cümə axşamı axşam Arizonada Demokrat senator Mark Kellinin qələbəsindən sonra Demokratlar hazırda Senatda 50 yerə malikdir.
Sonuncu yer isə hələ qeyri-müəyyən olaraq qalır. Corciya ştatında bu yer uğrunda mübarizənin nəticəsi dekabrın 6-da Demokrat senator Rafael Varnok və onun Respublikaçı rəqibi, keçmiş futbolçu Herşel Uoker arasında keçiriləcək ikinci turda müəyyən olacaq.
Uoker qalib gəlsə belə, bu, Respublikaçılara Senatdakı 100 yerdən 50-ni qazandırır və nəzarət Demokratların əlində qalır, belə ki, özü də Demokrat olan vitse-prezident Kamala Harris həlledici səs verə bilər.
Əsasən Qərb ştatlarında bir çox dairələrdə sayılan səslərin nəticələri açıqlanmadığına görə Nümayəndələr Palatasına hansı partiyanın nəzarət edəcəyi hələ məlum deyil.
“Biz qalib gələ bilərik,” Bayden bildirib. “Qələbə qazanıb-qalmayacağımızı görəcəyik,” o əlavə edib.