Accessibility links

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti İranın casus şəbəkəsini ifşa etdiyini bildirir


DTX əməliyyatı (mənbə: DTX, foto arxiv)
DTX əməliyyatı (mənbə: DTX, foto arxiv)

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bildirib ki, İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsini ifşa edib.

Bu barədə Dövlət Təhlükəsizlyi Xidmətinin rəsmi məlumatında deyilir.

Məlumatda qeyd edilir ki, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Zahir Əsgərov İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq əvəzində onu adıçəkilən ölkənin xüsusi xidmət orqanı məxfi əməkdaşlığa cəlb edib:

"O, ötən dövr ərzində onların tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri, vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplayıb. Zahir Əsgərov sözügedən məlumatları mobil telefon vasitəsilə, eləcə də İranda həmin şəxslərlə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə xəyanət edib".

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti başqa bir araşdırma ilə müəyyən edib ki, Rəsulov Elnur 2018-ci ildə müalicə məqsədilə İranda olarkən orada özünü "Meyse" və "Doktor" adları altında təqdim edən bu ölkənin xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlıq barədə sövdələşib: "Elnur Rəsulov əvvəlcə bilavasitə, daha sonra məxfi əməkdaşlığa cəlb etdiyi qohumu Rəsulov Arif ilə birlikdə müxtəlif məbləğlərdə ödəniş qarşılığında verilən tapşırıqları icra edərək Bakı şəhəri Qaradağ rayonunda neft və qaz boru kəmərlərinin keçdiyi ərazilərin, hava limanlarında saxlanılan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə aid pilotsuz uçuş aparatlarının, tankların və müxtəlif hərbi avadanlıqların olduğu ərazinin, Bakı şəhərində "Texnofest" Aviasiya, Kosmik və Texnologiya festivalında nümayiş etdirilmiş texnikaların, Bakıda, həmçinin Salyan və Füzuli rayonlarında yerləşən strateji və hərbi obyektlərin, zenit-raket komplekslərinin, eləcə də digər radar-nəzarət qurğularının fotoşəkillərini və videoçəkilişlərini "WhatsApp" ani mesajlaşma sistemi vasitəsilə xüsusi xidmət orqanının nümayəndəsinə göndərib".

DTX-nın məlumatında qeyd edilir ki, eyni zamanda müəyyənləşdirilib ki, digər Azərbaycan Respublikası vətəndaşı Ağazadə Bəxtiyar dini təhsil almaq üçün İranda olarkən orada həmin ölkənin xüsusi xidmət orqanının nümayəndələri ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa başlamış, onların tapşırığı ilə xarici dövlətlərin Azərbaycanda fəaliyyət göstərən nümayəndəlikləri, ölkədə baş verən ictimai-siyasi proseslər, hərbi hissələr, onların yerləşdiyi yerlər və təyinatları, o cümlədən komanda heyəti barədə əldə etdiyi məlumatları toplayaraq İran xüsusi xidmət orqanına verməklə dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr yaranıb:

"Həmçinin müəyyən edilib ki, Cəfərzadə Mirhafiz Mirisaq oğlu İran xüsusi xidmət orqanlarının nəzarəti altında törətdiyi cinayət əməllərinə görə 2018-ci ildən barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilmiş, hazırda İranda gizlənən Məmmədov Orxan Kəmran oğlunun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə verdiyi tapşırıqların yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərərək hərbi təyinatlı obyektlərin yerləşdiyi əraziləri dəqiqləşdirməklə onların lokasiyasını və digər məlumatları "Telegram" tətbiqi sistemi vasitəsilə sonuncuya göndərmişdir”.

Zahir Əsgərov, Elnur Rəsulov, Arif Rəsulov, Mirhafiz Cəfərzadə və Bəxtiyar Ağazadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub.

"Araşdırmalar zamanı İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərən, barələrində olan cinayət işləri üzrə məsuliyyətdən yayınaraq İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev və digərləri tərəfindən təsir dairəsində saxlanılan Azərbaycan vətəndaşlarının üzv kimi cəlb edildiyi "Müzakirələr", "Elanlar" və digər adlar altında "WhatsApp" tətbiqində yaradılmış qapalı qruplar ifşa edilib. Məlum olub ki, bu qruplar vasitəsilə müasir beynəlxalq hüquqla tanınan insan hüquqlarına, Azərbaycan Respublikasının Konstitusiyasına zidd, Azərbaycanda dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyaların yayılması həyata keçirilmişdir," məlumatda deyilir.

Amerikanın Səsi verilən açıqlamalara reaksiya almaq üçün Bakıdakı İran səfirliyinə müraciət edib. İran rəsmiləri sorğuya hələlik cavab bildirməyib.

Son baş verənləri Amerikanın Səsinə şərh edən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ötən həftələrdə rəsmi Bakı ilə Tehran ararasındakı gərginiklərin yüksək həddə çatdığını bildirib.

please wait

No media source currently available

0:00 0:01:15 0:00

Şahinoğlu hesab edir ki, Azərbaycanda İran casuslarının aşkar edilməsi yeni fenomen deyil, lakin münasibətlərdəki gərginliklər fonunda diqqət cəlb edir.

"İran son 30 il ərzində Azərbaycanın müstəqillik qazandığı dövrdən bu yana, təəssüf ki, xəfiyyə çalışmaları ilə məşğuldur. İllərlə bu xəfiyyələr həbs olunub. Amma yenə də onların sayı azalmır. Gördüyünüz kimi, gəmi kapitanına qədər xəfiyyələri var. Vaxtilə İran müxtəlif dövlətdə terror aktı da törədib. Məsələn, Argentinada 90-cı illərdə paytaxtda bir yəhudi mərkəzinin partladılması izləri İrana gəlib çıxırdı. Berlində partlayış. Onun da izləri İrana gəlib çıxırdı. Elə Azərbaycanın özündə. Bir vaxtlar İsrail səfirliyinə qarşı terror aktı törətməyin qabaqcadan qarşısı alındı".

Son zamanlar Azərbaycan və İran arasında diplomatik sahədə fikir ayrılıqları hərbi təlimlərlə müşahidə edilməkdədir.

Belə ki, oktyabrın 17-dən başlayaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qüvvələri İranın Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin şimalında yerləşən Əraks (Araz) bölgəsində hərbi təlimlər keçirib.

İRNA agentliyinin məlumatına görə, SEPAH-ın quru qoşunları komandanı Məhəmməd Pakpur bildirib ki, "bu təlimlərin qonşu ölkələr üçün mesajı sülh, dostluq və sabit təhlükəsizliyin möhkəmləndirilməsi, düşmənlər üçün isə İranın digər Silahlı Qüvvələri ilə birlikdə quruda yerləşən SEPAH-ın ölkə sərhədlərini qorumaq və istənilən təhdidlərə cavab verməyə hazır olmasıdır".

Bu il iyulun 19-da İranın ali dini lideri Əli Xameneyi Twitter səhifəsində bildirib ki, İran-Ermənistan sərhədini blok etmə siyasəti varsa, İran buna qarşı çıxacaq, çünki bu sərhəd min illərin əlaqə yoludur.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərdən iki həftə sonra, noyabrın 2-də Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ölkənin İranla həmsərhəd olan cənub ərazilərində hərbi təlimləri başlayıb.

Noyabrın 3-də Azərbaycan müdafiə naziri Zakir Həsənov İranla sərhəddə, ölkənin cənub rayonlarında Xüsusi Təyinatlı Qüvvələrinin təlimini izləyib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən təlim planına əsasən hərbi hissələr "Həyəcan" siqnalı ilə qaldırılıb.

Bu il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Zəfər Günü münasibəti ilə çıxışında İranın Azərbaycanla sərhəddə hərbi təlimlərinə işarə edərək bildirib ki, "hərbi təlim keçirənlər də bilsinlər. Bizi heç kim qorxuda bilməz".

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG