Accessibility links

Bəxtiyar Hacıyev: Korrupsiyanı aradan qaldıracaq səbəb siyasi iradədir


Bəxtiyar Hacıyev: Korrupsiyanı aradan qaldıracaq səbəb siyasi iradədir
please wait

No media source currently available

0:00 0:06:40 0:00

İctimai fəal Bəxtiyar Hacıyev Amerikanın Səsinə müsahibəsində Azərbaycanda korrupsiyanı doğuran səbəblərdən, o cümlədən korrupsiya ilə mübarizənin səmərəliliyini artırmaq üçün atılacaq addımlardan danışıb.

Amerikanın Səsi: Azərbaycanda vaxtaşırı müxtəlif dövlət qurumlarında korrupsiya hallarının aşkar olunduğu bildirilir, bəzi məmurlar həbs edilir. Sizcə bu addımlar korrupsiyanın səviyyəsinin azalmasına səbəb olurmu?

Bəxtiyar Hacıyev: Ayrı-ayrı illərdə buna bənzər tədbirlərin statistikasına baxsaq görünən mənzərə bundan ibarətdir ki, sanki Azərbaycan hakimiyyəti hər il təxminən hər sektordan, eyni təbəqədən olan məmurları həbs edir. Bununla da beynəlxalq təşkilatlar qarşısında öz üzərinə götürdüyü öhdəlikləri və eyni zamanda da beynəlxalq hesabatlarda yerini qorumağa çalışır. Amma bunu heç bir halda korrupsiya ilə sistemli mübarizə adlandırmaq olmaz. Çünki biz beynəlxalq təşkilatların şəffaflıq sahəsində hesabatlarına baxanda görürük ki, Azərbaycanın mövqeyi kəskin şəkildə irəliləmir. Bəzi hallarda yerində qalır. Bəzi hallarda isə geriləmə hiss olunur. Bu da onunla əlaqədardır ki, Azərbaycan hakimiyyətinin, siz qeyd elədiniz ayrı-ayrı məmur həbsləri sadəcə selektiv şəkildə aparılır və müyyən statistik göstəriciləri təmin etmək üçün aparılır. Amma sistemlı şəkildə korrupsiya ilə mübarizə aparmaq müşahidə olunmur.

Amerikanın Səsi: Sizcə ölkədə korrupsiyanı doğuran səbəblər nədir?

Bəxtiyar Hacıyev: Mən düşünürəm ki, birinci növbədə korrupsiyanı doğuran səbəb, korrupsiyanı aradan qaldıracaq səbəb siyasi iradədir. Hakimiyyətdə olan siyasi qüvvənin siyasi iradəsi olsa ki, korrupsiya ilə mübarizə aparılsın, bununla bağlı dünyada müxtəlif ölkələrin apardığı mübarizə praktikaları var. Dünyada müxtəlif beynəlxalq təşkilatlar var, ekspertlər var. Onları dəvət edib, həm qanunvericilikdə müəyyən dəyişikliklər edə bilər. Həm kadr dəyişkiliklərində, həm dövlət aparatının özünün strukturunda müəyyən islahatlar aparmaq olar ki, korrupsiya ilə mübarizə aparılsın. Amma Azərbaycanda məhz siyasi iradənin olmaması korrupsiyanı doğurur. İkincisi, uzun müddət eyni siyasi qüvvə hakimiyyətdədir. Elə məmurlar var ki, 20-25 ildir eyni vəzifədədir. Bu da istər-istəməz korrupsiyanın kök salmasına səbəb olur. Siyasi iradənin olmaması onunla nəticələnir ki, hətta qanunvericilikdə müəyyən dəyişkliklər olsa belə praktikada biz bunun şahidi olmuruq ki, həmin dəyişkiliklər tətbiq olunur.

Amerikanın Səsi: Korrupsiya ilə mübarizənin səmərəliliyini artırmaq üçün hansı addımlar atılmalıdır? Qabaqcıl dövlətlərin bu sahədə təcrübələrindən Azərbaycanda istifadə etmək mümkündürmü?

Bəxtiyar Hacıyev: Mümkündür. Baxmayaraq ki, hər ölkənin özünün xüsusi və spesifik bir mədəniyyəti, keçmişi var və s. Amma insan təbiəti dünyanın hər yerində eynidir. Siyasi iradə olacağı halda Azərbaycan hakimiyyəti dünyanın digər ölkələridən müəyyən praktikanı çox asanlıqla gətirib Azərbaycanda tətbiq edə bilər. Bir çox hallarda biz onun şahidi oluruq ki, məhz qanunvericilikdə və yaxud insan-məmur təmaslarında o qədər lazımsız mərhələlər yerləşdirilir ki, dünyanın istənilən ölkəsində bu qədər mərhələlər olsa, orada da korrupsiya yaranar. Azərbaycanda elektron xidmətlərin səviyyəsi qane edən deyil. Bir çox hallarda formal xidmətlər elektronlaşdırılıb. Amma hansi xidmətlərdə ki, daha çox rüşvət və korrupsiya imkanları var, həmin xidmətlər ya elektronlaşdırılmayıb, ya da qismən elektronlaşdırılıb. Bu da nəticədə ona gətirib çıxarır ki, vətəndaş bir neçə məmurla, bir neçə dövlət qrumu ilə sadə bir məsələnin həlli üçün dəfələrlə təmasda olmalı olur və zaman itirməli olur. Vətəndaş rasional olaraq düşünür ki, bu qədər mərhələlərdən keçməkdənsə, elə rüşvət verib məsələnin həll eləmək daha asan olar.

Amerikanın Səsi: Korrupsiyanı önləyən amillərdən biri şəffaflıqdır. Bəs, Azərbaycanda dövlət qurumlarının, vəzifəli şəxslərin fəaliyyəti, gəlirləri və xərcləri nə dərəcədə ictimaiyyət üçün açıqdır? Dövlət məmurları hansı səbəbdən gəlirlərini bəyan etmirlər?

Bəxtiyar Hacıyev: Əslində dövlət məmurlarının və xüsusi ilə seçki yolu ilə seçilmiş şəxslərin, həm də təyin olunmuş məmurların maddi varlıqları ilə bizdə şəffaflıq az da olsa təmin olunur. Amma hakimiyyətin təşəbbüsü ilə yox, ayrı-ayrı blogerlərin, araşdırmaçı jurnalistlərin, beynəlxalq jurnalistlərin hesabına biz bilirik ki, hansı rəsmi şəxsin, deputatın hansı ölkədə hansı mülkləri var. Kifayət qədər də böyük rəqəmlər ortaya çıxır. Bununla bağlı dəfələrlə çağırışlar olub ki, ən azından prezident seçkilərində, parlament seçkilərində iştirak edən şəxslər mütəmadi olaraq öz gəlirləri ilə bağlı bəyannamə versinlər. Amma buna müqavimətin kökündə o dayanır ki, həmin şəxslər çox yaxşı bilirlər ki, uzun illər korrupsiya yolu ilə əldə etdikləri çox böyük miqyasda vəsaitləri təbii ki, cəmiyyyətə açıqlaya bilməzlər. Ona görə də maksimum dərəcədə bundan yayınırlar. Amma dediyim kimi şəffaflıq az da olsa təmin olunur. Amma bu hakimiyyətin təşəbbüsü ilə yox, ayrı-ayrı blogerlərin, araşdırmaçı jurnalistlər, beynəlxalq jurnalistlər səviyyəsində təmin olunur.

Qeyd: Azərbaycanda son zamanlar bir sıra yüksək vəzifəli şəxslər rüşvət və korrupsiya ittihamları ilə həbs edilib. Prezident İlham Əliyev bu il sentyabrın 14-də Şəmkir və Cəlilabad rayonlarına icra hakimiyyəti başçılarının təyinatı zamanı korrupsiyaya uğramış məmurlara qarşı münasibətin daha sərt olacağını bir daha bəyan edib.

Hüquq müdafiəçiləri, ekspertlər hesab edir ki, korrupsiyaya qarşı mübarizə "kosmetik" xarakter daşıyır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG