Accessibility links

Qaşqay türk fəallar İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib


Saxlanılan Qaşqay türk fəallar
Saxlanılan Qaşqay türk fəallar

İranın cənubunda bir çox Qaşqay türk mədəni fəalın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındığı bildirilir. İnternet səhifələrində saxlanılan fəallardan 8 nəfərin adı yayılıb.

Qaşqay türkləri haqqında məlumat yayan Baydaq saytının xəbərinə görə, tanınmış şair və türk dili tədqiqatçısı Əvəzullah Səfəri Kəşküli və mədəni fəallar İsmail Musalı, Casim Bahadıri Səkkiz, Səməd Avayxoş və Həmid Həzrəti bazar ertəsi günü səhər saatlarında həbs ediliblər.

Qaşqay türk fəalların təqribən eyni saatlarda Şiraz, Firuzabad və Kuhçınar şəhərlərindəki evlərində nəzarət altına alındığı bildirilir.

Baydaq, həmçinin Abadə şəhərində idman sahəsində fəal olan Qaşqay türkləri Məhəmmədtağı Zülqədər və Bəhram Kiyaninin saxlanıldığına dair məlumat yayıb.

Turizm sahəsində fəal olan Hamid Qaşqayi isə bir neçə gün öncə Şiraz şəhərində saxlanılıb.

Oktyabr ayının 24-də Qaşqay türklərinin tanınmış alimi və Qaşqay elində "el atası" kimi tanınan mərhum Əsədulah Mərdani Rəhiminin Şirazda keçirilən dəfn mərasimində Qaşqay türkləri üzərində "Türk azad yaşar" və "Yolumuz türkcəçilik" kimi plakatlar nümayiş etdirib, habelə "Azadlıq, ədalət, milli hökümət" şüarını səsləndirmişdilər.

Gənc qadın Məhsa Əmininin sentyabrın 16-da Tehranda əxlaq polisinin nəzarətində ikən ölümündən sonra ölkənin tamamında baş qaldıran geniş etirazlar fonunda minlərlə insan saxlanılıb.

XS
SM
MD
LG