Accessibility links

İran Azərbaycanı şəhərlərində etirazlar keçirilib, bazarlar tətil edib 


Noyabrın 19-u Məlikkəndi dükan sahibləri tətil keçirib
Noyabrın 19-u Məlikkəndi dükan sahibləri tətil keçirib

Noyabrın 19-da İranın Azərbaycan şəhərlərində mağaza sahiblərinin tətili dördüncü gündür ki, davam edir.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Təbriz, Məlikkəndi (Məlekan), Saynqala (Şahindej) şəhərlərində dükan sahibləri tətilə çıxıb və dükanlarını açmaqdan imtina ediblər.

Təbriz şəhərinin dükan sahibləri bu gün artıq dördüncü gündür tətil edir. Təbrizin köhnə Müzəfəriyyə qapalı bazarı bütünlüklə tətil edib.

Noyabrın 19-u axşam saatlarından etibarən Binab, Məlikkəndi, Ərdəbil, Sayınqala və Xoy şəhərlərində etiraz aksiyaları keçirilib, İslam Respublikasının repressiv qüvvələrinin müdaxiləsi ilə dinc etiraz aksiyalarında zorakılıqlar baş verib.

Noyabrın 19-da slam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən noyabrın 16-da öldürülən Təbriz Azad Universitetinin tibb fakültəsinin tələbəsi Aylar Həqqinin doğma Məlikkəndi şəhərində çox gərgin vəziyyət yaranıb. Şəhərdə mağaza sahibləri tətilə çıxıb və axşam saatlarında kütləvi etirazlar başlayıb. “Diktatora ölüm”, “Xameneiyə ölüm” və “azadlıq ədalət milli hökumət” şüarları şəhərdə etirazçıların səsləndirdiyi şüarlar sırasında olub.

İran təhlükəsizlik qüvvələrinin etirazçılara ov tüfəngi və gözyaşardıcı qazdan istifadə edərək hücum etdiyi bildirilir. Nümayişdə iştirak edən gənclər etirazlar əsnasında İslam Respublikasının bayrağını yandırıblar. Bir neçə saat müddətində bu şəhərin bir neçə küçəsinə nəzarət etirazçıların əlində olub.

Ərdəbildə Pir Əbdülməlik məhəlləsində güllə atəşi səsləri eşidildiyi bildirilir. Həmçinin Cecin məhəlləsində İslam Respublikasının təhlükəsizlik qüvvələri nümayişçilərə atəş açıb və gözyaşardıcı qazdan istifadə edib.

Qərbi Azərbaycanın Xoy şəhərində etirazçılar “diktatora ölüm” şüarı səsləndirirlər. Bu şəhərdə təhlükəsizlik qüvvələri dinc şəkildə etiraz edən vətəndaşların toplaşdığı yerlərə gözyaşardıcı qazı atdığı bildirilir. Bəzi vətəndaşların paylaşdığı məlumatlara əsasən, repressiv qüvvələrin ov tüfəngindən istifadə etdiyi, etiraz edən vətəndaşların bəzilərinin yaralandığı, bəzilərinin isə həbs edildiyi bildirilir.

Şərqi Azərbaycan əyalətinin Binab şəhərində qadınların da iştirak etdiyi etiraz aksiylarında "diktatora ölüm" və "Xameneiyə ölüm" şüarları səsləndirilib.

İran Azərbaycanının şəhərlərində etiraz aksiyaları və tətillərlə yanaşı, bu bölgədəki universitetlərin tələbələri də universitet şəhərciklərində etiraz aksiyaları keçiriblər.

Təbriz Azad Universitetinin tələbələri oturaq aksiyası keçirib
Təbriz Azad Universitetinin tələbələri oturaq aksiyası keçirib

Ərdəbil Tibb Elmləri Universitetində universitet şəhərciyinə toplaşan bir qrup tələbə “Bəsic və Sepah, bizim İŞİD sizsiniz” şüarını səsləndirib.

Həmçinin Təbriz Azad Universitetinin tələbələri universitetin müxtəlif yerlərində Aylar Həqqinin plakatları və şəkillərini yapışdırıb, universitet şəhərciyində oturaq etiraz aksiyası keçirərək, həmin universitetin tələbələrindən olan Aylar Həqqinin təhlükəsizlik qüvvələri tərəfindən güllə ilə öldürülməsinə etiraz etdilər.

Yayımlanan videoların birində Təbriz Azad Universitetinin tələbələri “hamımız Aylarıq, mübarizə davam edir” şüarını səsləndirib.

İranda baş qaldıran kütləvi etiraz aksiyaları sentyabrın 16-da Məhsa Əmininin Tehrana səfəri zamanı əxlaq polisi tərəfindən nəzarətə alındığı zaman öldürülməsindən sonra başlayıb və iki aydan artıqdır ki, davam edir. Etirazlar gənc qadının ölümünə reaksiya olaraq başlasa da, zamanla etirazlar İran İslam Respublikası və onun ali dini lideri Əli Xameneinin diktatura rejiminə qarşı yönəlib.

XS
SM
MD
LG