Accessibility links

Pentaqon: Ukraynanın müdafiəsi qlobal əhəmiyyət kəsb edir


U.S. Defense Secretary Lloyd Austin speaks during a press conference at the Pentagon in Washington, DC, on Nov.16, 2022.
U.S. Defense Secretary Lloyd Austin speaks during a press conference at the Pentagon in Washington, DC, on Nov.16, 2022.

ABŞ müdafiə naziri Lloyd Austin Ukraynanın müdafiəsinin qlobal təsirlərə malik olduğunu bildirib. O, noyabrın 19-da Kanadada Halifaks Beynəlxalq Təhlükəsizlik Forumunda xəbərdarlıq edib ki, Rusiyanın Ukraynaya müdaxiləsi potensial olaraq nüvə silahına malik olan ölkələrin digər ölkələri təhdid edə biləcəyi bir dünyanın mənzərəsini təqdim edir.

“Putinin avtokrat tərəfdaşları izləyir,” Austin bildirib. “Onlar belə bir nəticəyə gələ bilərlər ki, nüvə silahı əldə etmək onlara ov lisenziyası verəcək və bu, nüvə silahlarının təhlükəli şəkildə yayılması zəncirini işə sala bilər,” o qeyd edib.

Austin həmçinin deyib ki, Moskvanın İran və Şimali Koreya kimi ölkələrdən dəstək almaq səyləri ABŞ və müttəfiqləri üçün yeni təhlükəsizlik problemləri yaradır.

“Rusiya ukraynalı mülki vətəndaşları öldürmək üçün İran dronlarından istifadə də daxil olmaqla, Ukraynaya qarşı hücumda kömək üçün İran və Şimali Koreyaya müraciət edib” o bildirib.

Austin ABŞ-ın humanitar prinsipləri və beynəlxalq hüququ müdafiə etməyə davam edəcəyinə söz verib.

Bundan əvvəl Pentaqonun siyasi məsələlər üzrə baş müşaviri Kolin Kahl Rusiyanın Ukraynanın hava hücumundan müdafiəsini tükətməyə və Ukrayna səmasında üstünlük əldə etməyə çalışdığını deyib.

Rusiya son bir həftə ərzində Ukraynaya Moskvanın doqquz ay əvvəl başladığı hərbi müdaxiləsindən bəri ən güclü silsilə raket zərbələri endirir.

“Onlar həqiqətən Ukraynanın hava hücumundan müdafiə sistemlərini alt-üst etməyə və tükətməyə çalışırlar,” müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kahl şənbə günü Yaxın Şərqə səfəri zamanı jurnalistlərə bildirib.

Kahl bildirib ki, Rusiya indiyədək Ukrayna hava qüvvələri və hava hücumundan müdafiə sistemini sarsıda bilməyib.

“Düşünürəm ki, rusları ən çox təəccübləndirən şeylərdən biri Ukraynanın hava hücumundan müdafiə sisteminin bu münaqişənin başlanğıcından bəri nə qədər davamlı olmasıdır,” o deyib.

O, Ukraynanın müqavimətini “hava hücumundan müdafiə sistemlərini işlək vəziyyətdə saxlamaqda ukraynalıların özlərinin qabiliyyəti və fərasəti” ilə əlaqələndirib, lakin “ABŞ və digər müttəfiqlər və tərəfdaşların böyük dəstək verdiyini” qeyd edib.

Britaniya Ukraynaya 59,4 milyon dollarlıq hava hücumundan müdafiə paketi, o cümlədən zenit silahlar və İran tərəfindən Rusiyaya tədarük edilən dronlara qarşı texnologiya verməyə söz verib. Britaniyanın baş naziri Rişi Sunak Kyievə ilk səfəri zamanı bu barədə açıqlama verərək, səfərinin videosunu Twitter səhifəsində yerləşdirib və “Biz bu yolda sizinləyik”, deyə bildirib.

XS
SM
MD
LG