Accessibility links

Tornike Şaraşenidze: Gürcüstan Aİ-nin üzvlərini təmin etdiyi heç bir iqtisadi təhlükəsizlikdən faydalanmadığına görə ehtiyatlı davranır


Tornike Şaraşenidze: Gürcüstan Aİ-nin üzvlərini təmin etdiyi heç bir iqtisadi təhlükəsizlikdən faydalanmadığına görə ehtiyatlı davranır
please wait

No media source currently available

0:00 0:10:35 0:00

Tornike Şaraşenidze: Gürcüstan Aİ-nin üzvlərini təmin etdiyi heç bir iqtisadi təhlükəsizlikdən faydalanmadığına görə ehtiyatlı davranır

Gürcüstan İctimaiyyətlə Əlaqələr İnstitutunun professoru, Gürcüstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş analitiki Tornike Şaraşenidze Amerikanın Səsinə müsahibə Gürcüstanın Rusiyanın Ukraynadakı müharibəsində tərəf seçməkdən yayınıb-yanınmadığını, Gürcüstanın Avropa İttifaqına üzvlük perspektivlərini və NATO-nun Gürcüstana vəd etdiyi dəstəyi şərh edib.

Amerikanın Səsi: Rusiya Ukraynaya hərbi müdaxilə edəndən sonra Gürcüstan Ukrayna ilə həmrəy olduğunu bəyan edərək, Moskvanın əməllərini pislədi və de-eskalasiyaya çağırdı. Ancaq Gürcüstan hökuməti Qərb ölkələrinin tətbiq etdiyi anti-Rusiya sanksiyalarına qoşulmadı. Daha sonra Ukrayna Gürcüstanı Rusiyaya bu sanksiyalardan yayınmağa yardım etməkdə ittiham etdi, baxmayaraq ki, Gürcüstan rəsmiləri bunu inkar edir. Sizin bu məsələyə münasibətiniz nədir? Sizcə Gürcüstan tərəf seçməkdən qaçırmı?

Tornike Şaraşenidze: Bilirsiniz, əslində Gürcüstan da sanksiyalara qoşulub. Gürcüstan sonunda maliyyə sanksiyalarına qoşuldu. Gürcüstan Milli Bankı Rusiya banklarının bütün əməliyyatlarını dayandırıb. Hazırda da, fevral ayından etibarən heç bir Rusiya bankı Gürcüstan ərazisində hər hansı əməliyyat apara bilməz. Yəni, Gürcüstan faktiki olaraq bəzi beynəlxalq sanksiyalara qoşulub. İş ondadır ki, Gürcüstan Rusiyaya qarşı öz sanksiyalarını tətbiq etməyib.

Amma gəlin faktlara baxaq. Düşünmürəm ki, NATO və Avropa İttifaqından kənar hər hansı bir ölkə Rusiyaya qarşı hər hansı sanksiya tətbiq edib. Hesab edirəm ki, Gürcüstan Avropa İttifaqının, NATO-nun üzvü olsaydı, daha cəsarətli hərəkət edərdi. Məsələ burasındadır ki, Gürcüstan NATO tərəfindən qorunmur, Gürcüstan Avropa İttifaqınının üzvlərini təmin etdiyi heç bir iqtisadi təhlükəsizlikdən faydalanmır. Ona görə də Gürcüstan çox ehtiyatlı davranır. Bunu bu sadə faktla izah etmək olar ki, hazırda Gürcüstanın paytaxtı Tbilisidən təxminən 40 kilometr aralıda Gürcüstan əraziləri Rusiya tərəfindən işğal olunub. Oraya rus qoşunları yerləşdirilib. Beləliklə, Gürcüstan demək olar ki, təhlükə altındadır. Və bu, 2008-ci ildən bəri davam edir, Gürcüstan ən çox təhlükə altında olan ölkələrdən biridir. Təhlükə altında olan Moldovada belə, paytaxtından təxminən 40 km məsafədə rus qoşunları yerləşdirilməyib.

Bir daha qeyd edim ki, Gürcüstan əslində sanksiyalara qoşulub, lakin Gürcüstan Rusiyaya qarşı öz sanksiyalarını tətbiq etməyib. Bunlar fərqli şeylərdir.

Gürcüstanın tərəf tutub-tutmadığına gəldikdə, deyə bilərik ki, Gürcüstan ehtiyatlı davranır. Gürcüstan ehtiyatlıdır. Bir daha deyirəm ki, Gürcüstan şübhəsiz ki, Rusiya sanksiyalarına qoşuldu. Eyni zamanda Gürcüstan Rusiya ilə 2010-cu ildə vizasız rejim tətbiq edib və buna görə də Rusiya vətəndaşları Gürcüstanla vizasız rejimdən faydalanırlar. Müharibə başlayandan bəri Gürcüstana çox sayda, yüz minlərlə rus gəlib. Onların çoxu əslində artıq gedib, amma bəziləri, deyərdim ki, maksimum yüz mini hələ də Gürcüstanda qalır. Vəssalam. Başqa bir şey yoxdur. Beləliklə, əgər kimsə Gürcüstanı bu münaqişədə tərəf tutmaqda ittiham etmək istəyirsə, Rusiyanın tərəfini tutmaqda ittiham etmək istəyirsə, mən bu ittihamı dəstəkləyəcək nəyinsə olduğunu düşünmürəm. Çox sayda rusun Gürcüstana gəlib, gürcü qonaqpərvərliyindən faydalanması istisna olmaqla.

Amerikanın Səsi: Gürcüstan müxalifəti iddia edir ki, hakim Gürcüstan Arzusu partiyası ölkənin Aİ və ya NATO-ya qoşunlmasını niyyət etmir və əslində Rusiya ilə yaxınlaşmaqda maraqlıdır, çünki onlar partiyanın təsisçisi Bidzina İvanişvilinin Rusiya ilə biznes əlaqələrinin olduğunu iddia edirlər. Bu iddialar nə dərəcədə doğrudur?

Tornike Şaraşenidze: Bilirsiniz, əslində iddialar sübutlarla dəstəklənməlidir. Məsələ ondadır ki, məncə, ola bilsin, Bidzina İvanişvilinin Rusiya ilə hansısa biznes əlaqələri var. Bu iddialar heç bir sübutla təsdiqlənmir. Məsələ ondadır ki, İvanişvili çox şeydə ittiham olunub, ancaq indiyədək heç bir sübut təqdim edilməyib.

İvanişvili var-dövlətini hələ 90-cı illərdə Rusiyada qazanıb və İvanişvilinin hələ də Rusiya hakimiyyəti ilə bir növ əlaqələrinin olduğunu güman etmək məntiqlidir. Ancaq bir daha deyirəm ki, bu iddianı təsdiqləyən heç bir dəlil yoxdur.

Gürcüstanın NATO və Avropa İttifaqı ilə bağlı istəklərinə gəldikdə, son 10 ildə Gürcüstan faktiki olaraq Avropa İttifaqı ilə əlaqələrini intensivləşdirib. Gürcüstan, bildiyiniz kimi, Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayıb. Gürcüstan hazırda Avropa İttifaqı ilə vizasız rejimə, Avropa İttifaqı ilə isə azad ticarət rejiminə keçib. Üzvlüyə gəldikdə, bu, çətin məsələdir, çünki mən hazırda Avropa İttifaqının yeni üzvlər qəbul etməyə hazır olduğunu düşünmürəm.

Avropa İttifaqı, belə desək, Ukraynadakı müharibə ilə ayıldı. Avropa İttifaqı artıq Gürcüstan, Ukrayna və Moldova ilə dialoqa başlayıb. Bu isə hazırda Rusiya ilə müharibə aparan Ukrayna xalqının gücü sayəsində baş verib. Amma düşünmürəm ki, Avropa İttifaqı elə bu anda Ukrayna, Moldova və Gürcüstana qapılarını açmağa hazırdır. Niyə? Çünki gəlin faktlara baxaq. Ukrayna Rusiya ilə müharibə aparır.

Və Ukrayna hazırda Avropa İttifaqına daxil olmağa hazır deyil, çünki Ukrayna Rusiya ilə müharibə aparır və biz bu müharibənin nə vaxt bitəcəyini bilmirik. Moldovanın da hazırda Avropa İttifaqına daxil olmağa hazır olduğunu düşünmürəm və bu, təbii ki, Gürcüstana da aiddir. Düşünürəm ki, əgər müharibə təxminən iki ildən sonra başa çatsa (bunun nə vaxt olacağını bilmirəm), bu müharibə Ukraynanın qələbəsi ilə başa çatsa, yalnız o zaman bəlkə də hamımız, yəni Ukrayna, Gürcüstan və Moldova Avropa Birliyinə daxil olacağıq. Ancaq biz başqa çətinlikləri də nəzərə almalıyıq. Ukraynadakı müharibənin nəticələri fəlakətli olacaq. Əgər, ümid edək ki, Ukrayna müharibədə qalib gəlsə, hamımız bilirik ki, Ukrayna iqtisadiyyatını yenidən qurmaq, Ukraynanın bərpası üçün trilyonlarla dollar və avroya ehtiyac olacaq. Yəni, Ukraynanın müharibənin viran qoyacağı şərq hissəsini üçün bir az vaxt və təbii ki, müəyyən resurslar lazımdır. Məsələ də bundadır. Gəlin realist olaq. Yəni, Gürcüstanın vəziyyəti, təbii ki, Ukraynadan çox asılıdır. Gürcüstanın vəziyyəti, təcrid olunmuş bir vəziyyət deyil və ciddi çəkildə Rusiyanın Ukrayna müharibəsinə bağlıdır.

Amerikanın Səsi: Avropa İttifaqı 2022-ci ilin iyun ayında Ukrayna və Moldovaya namizəd statusu verdi, amma Gürcüstana vermədi, baxmayaraq ki, bu üç ölkənin hər biri Aİ ilə 2014-cü ildə assosiasiya sazişi imzalayıb. Sizcə bu qərarın arxasındakı səbəb nədir?

Tornike Şaraşenidze: Bunun səbəbi çox sadədir. Təəssüf ki, son bir neçə ildə Gürcüstanın daxili siyasəti, belə desək, zorakı hal alıb. Gürcüstan hakimiyyəti də bir sıra ciddi səhvlərə yol verib. Mən deyərdim ki, Gürcüstan hakimiyyəti bir neçə ciddi səhvə yol verib. Təəssüf ki, Gürcüstanda siyasi mənzərə çox pisləşib. Və bu məqamda Gürcüstanın demokratiyasına, Gürcüstanın siyasi imicinə, belə desək, Gürcüstanın Avropa İttifaqına, NATO-ya daxil olmağa can atan ölkə kimi imicinə çox ziyan dəyib, xüsusilə də daxili siyasi vəziyyətə görə. Gürcüstanda media menecerləri həbs edilib. Bildiyiniz kimi, Prezident Saakaşvili həbsdədir və bu hallar Gürcüstanın imicinə ziyan vurub.Gürcüstan da Avropa İttifaqı və təbii ki NATO-ya üzv olmaq istəyən ölkə kimi özünü nümunəvi demokratiya kimi təqdim etməlidir.

Gürcüstan isə qətiyyən nümunəvi demokratiya deyil. Mən deyərdim ki, nə Gürcüstan, nə Moldova, nə də Ukrayna nümunəvi demokratiyalar deyil. Lakin Gürcüstanın vəziyyəti başqadır, çünki bu dəqiqə Gürcüstanın keçmiş prezidenti Saakaşvili həbsdədir. Bildiyiniz kimi, Moldovanın keçmiş prezidenti də də mühakimə olunub. Amma bildiyimə görə, o, Gürcüstanın keçmiş prezidenti Saakaşvilidən fərqli olaraq, hazırda evində cəzasını çəkir. Yəni bu səbəblərə görə, son bir neçə ildə Gürcüstanın imicinə çox ziyan dəyib. Ona görə də hesab edirəm ki, Gürcüstanın Moldova və Ukrayna kimi Avropa İttifaqına üzvlüyə namizəd statusunu almamasının əsas səbəbi budur.

Amerikanın Səsi: NATO liderləri ötən həftə NATO xarici işlər nazirlərinin Buxarestdəki görüşü zamanı Rusiyanın təziyi ilə üzləşdikləri bir vaxt Moldova, Gürcüstan və Bosniyaya dəstəklərini vəd ediblər. Sizcə, bu vəd hansı yollarla real yardıma çevrilə bilər?

Tornike Şaraşenidze: Mən deyərdim ki, bu daha çox hərbi yardıma çevrilə bilər və daha çox texniki yardıma çevriləcək. Yəni Gürcüstan və Moldovada və əsasən də Ukraynada silahlı qüvvələri təchiz etmək və dəstəkləmək üçün texniki dəstəyə. Çünki hazırda NATO Gürcüstanı, Moldovanı və Ukraynanı qəbul etməyə hazır deyil, Ukrayna yenidən Rusiya ilə müharibə edir və Ukraynanı NATO-ya üzv kimi qəbul etməkdən əlbəttə ki, söhbət gedə bilməz. Gürcüstan da eyni problemdən əziyyət çəkir, çünki 2008-ci il müharibəsindən bəri Gürcüstana rus qoşunları yerləşdirilib. Bu, Gürcüstanın NATO-ya üzv olmaq istəklərini çox çətinləşdirir. Mən deyərdim ki, Moldovada da vəziyyət aşağı-yuxarı eynidir. Ona görə də, indiki məqamda əgər NATO Gürcüstan, Moldova və Ukrayna ilə əlaqələri gücləndirməkdə maraqlıdırsa, bu, texniki yardıma, daha çox Gürcüstan, Moldova və Ukrayna silahlı qüvvələrinin gücləndirilməsi üçün texniki yardıma çevrilməlidir. Başqa heç nə. Düşünürəm ki, nə qədər ki, bizim ölkələrimizdə rus qoşunları yerləşdirilib, Moldova, Gürcüstan və Ukraynanı NATO-ya qəbul etmək mümkün deyil. Mən Gürcüstanın NATO-ya qəbul edilməsinə çox sevinərdim, ancaq NATO-nun indiki məqamda buna hazır olduğunu düşünmürəm.

XS
SM
MD
LG