Accessibility links

BMT Təhlükəsizlik Şurasında Laçın yolundakı durum müzakirə olundu


BMT Təhlükəsizlik Şurasında Laçın yolundakı durumla bağlı müzakirədə BMT ali rəsmisi, şuraya üzv dövlələrin nümayəndələri, eləcə də Ermənistan və Azərbaycanın təmsilçiləri çıxış ediblər.

Müzakirəni giriş nitqi ilə açan BMT Baş katibinin köməkçisi Miroslav Yença ilk öncə tərəflər arasında indiyədək aparılmış vasitəçilik və dialoq səylərini alqışlayıb.

Diplomatik təmaslara baxmayaraq, Laçın yolunda yaranmış durumdan təəssüfünü ifadə edən Yença həm Ermənistan, həm də Azərbaycan tərəfinin BMT rəhbərliyinə məktublar ünvanladığını və bu məktublarda durumun fərqli təsvirini qeyd edib.

Ərazidə olan Rusiya sülhməramlılarına istinad edən BMT rəsmisi bəzi humanitar və tibbi ləvazimatların yoldan keçdiyini qeyd edərək ehtiyacı olan əhalinin sərbəst hərəkət etməsinin və əsas xidmətlərə çıxışının təmin edilməsinin vacibliyini vurğulayıb.

"Hər hansı yenilənən konflikt təkcə Ermənistan və Azərbaycan xalqlarına deyil, bütövlükdə Cənubi Qafqaz və ondan kənarlara da təsir göstərə bilər," Yença münaqişənin alovlanmasının yolverilməz olduğunu bildirib.

Daha sonra müzakirədə Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Albaniya, Çin, Birləşmiş Ştatlar və digər ökələrin nümayəndələri çıxış ediblər. Nümayəndələr situasiyanın deeskalasiyasına və tərəflər arasında dialoqun gücləndirilməsinə çağırıblar.

ABŞ səfiri Robert Vud Laçın dəhlizində yaranan maneələrdən ölkəsinin "dərin narahatlıq" keçirdiyini bildirib.

"Aydın etmək istəyirəm ki, Laçın dəhlizindən istifadəyə maneələr sülh prosesini geriyə salır. Onlar bu prosesə beynəlxalq inamı sarsıdır. Və onlar potensial sərt humanitar fəsadlara malikdir," Vud Azərbaycan hökumətini və dəhlizin təhlükəsizliyin üçün məsuliyyət daşıyan bütün tərəfləri sərbəst hərəkətin bərpasına çağırıb.

Birləşmiş Ştatların dayanıqlı atəşkəsə və konfliktin dinc həllinə dəstək olduğunu ifadə edən ABŞ elçisi bu ümumi məqsədə çatmaq üçün müxatəlif formatlara tərəfdaşlarla birgə işlədyini qeyd edib. BMT Təhlükəsizlik Şurası üzv dövlətlərinin nümayəndələrinin çıxışlarınına ardınca söz Ermənistan və Azərbaycan nümayəndələrinə verilib.

Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Marqaryan öz nitqində Azərbaycanı "Dağlıq Qarabağ əhalisini qeyri-qanuni blokada"da saxlamaqda ittiham edərək rəsmi Bakının hərəkətlərini 2020-ci il 9 noyabrda imzalanmış üçtərəfli bəyanatın prinsiplərinə zidd adlandırıb.

"Dağlıq Qarabağda həyəcanlandırıcı situasiya humanitar fəlakətə çevrilməyə yaxındır," Marqayran deyib.

O, Laçın yolundakı durumu Azərbaycan rəsmiləri tərəfindən qabaqcadan planlaşdırıldığını deyərək, məqsədin mülki əhaliyə ziyan vurmaq və irimiqyaslı humanitar böhran yaratmaq olduğunu bildirib.

Öz növbəsində Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Ermənistanın Təhlükəsizlik Şurasından sui-istifadə edərək "manipulyasiya" və "saxtalaşdırma" kampaniyası apardığını bildirib. Əliyev bəzi qüvvələrin BMT platformasından istifadə edərək ölkəsinin suverenliyinə və
əzazi bütövlüyünə xələl gətirməsinin qəbuledilməz olduğunu bildirib.

Əliyev Qarabağın 30 ilə yaxın Ermənistan qüvvələrinin işğalı altında olduğunu xatırladaraq, BMT Təhlükəsizlik Şurasının bununla bağlı qəbul etdiyi qətnamələri diqqətə çatdırıb.

"Yerli sakinlərin istifadəsi üçün nəzərdə tutulmuş əmtəə təchizatı və vacib tibbi ləvazimatların daşınmasına heç bir əngəl yoxdur," Azərbaycan elçisi rəsmi Yerevanı Laçın yolundan qeyri-qanuni məqsədlər üçün istifadə etməkdə günahlandırıb. Əliyevin sözlərinə görə, bu yoldan istifadə olunmaqla Azərbaycan ərazisində minalar yerləşdirilib və ölkənin təbii resursları istismar olunub.

Dekabrın 12-dən başlayaraq Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşa şəhərinin ətrafında Rusiya sülhməramlılarının postu qarşısında davamlı etiraz aksiyası keçirir.

Azərbaycanlı mütəxəssislərin Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edən aksiya iştirakçıları Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkovun əraziyə gəlməsini tələb edir.

Ermənistan baş naziri Nikol Paşinyan Laçın dəhlizinin bağlanmasının 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın "kobud pozuntusu" olduğunu bildirib. Onun sözlərinə görə, həmin bəyanatın 6-cı maddəsinə əsasən dəhliz Rusiya Federasiyası sülhməramlılarının nəzarətindədir və Azərbaycan vətəndaşların, nəqliyyatın və əmtəənin hərəkətinə təminat verməlidir.

Azərbaycan tərəfi yolun bağlanmadığını və yerli sakinlər üçün həyat əhəmiyyətli nəqliyyatın gediş-gəlişin təmin olunduğunu bildirir.

Dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi əraziləyə gəlsə də, monitorinq cəhdi baş tutmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG