Accessibility links

Rusiya: Ukrayna tələbləri yerinə yetirməyə qərar verə bilər, əks halda Rusiya ordusu qərar verəcək


Rusiyanın xarici işlər naziri Sergey Lavrov dövlət mediasına bildirib ki, Ukraynada döyüşlərin nə qədər davam edəcəyini müəyyən etmək Ukrayna hökumətinin səlahiyyətindədir.
Rusiya münaqişəni 10 ay əvvəl qonşusunun işğalı ilə başladıb.

Tass xəbər agentliyi Lavrovun Ukraynanın "hər an mənasız müqaviməti dayandıra biləcəyini" söylədiyi sitat gətirib. Lavrov bildirib ki, Ukrayna Rusiyanın Ukrayna ərazisinin "demilitarizasiyası və denazifikasiyası" və Rusiyanın ilhaq etdiyini iddia etdiyi dörd ərazi də daxil olmaqla, Ukraynadan Rusiyaya qarşı təhdidlərin aradan qaldırılması ilə bağlı təkliflərini bilir.

Beynəlxalq ictimaiyyət Donetsk, Luhansk, Xerson və Zaporojjye ilə bağlı bu ilhaq iddialarını kəskin şəkildə rədd edir.

Lavrov əlavə edib ki, Ukrayna Rusiyanın tələblərini yerinə yetirməsə, məsələ Rusiya ordusu tərəfindən həll olunacaq.

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya qoşunlarını çıxarmaqla və Ukraynanın suverenliyi, azadlığı və ərazi bütövlüyünü bərpa etməklə istənilən vaxt başladığı müharibəni dayandıra bilər.

Bazar ertəsi gecə videomüraciətində Zelenski Baxmut, Kreminna və Donbas regionunda "maksimum güc və konsentrasiya tələb edən" digər ərazilərin cəbhə xəttindəki çətin vəziyyətə toxunub.

Onun sözlərinə görə, ruslar əllərində olan bütün resurslardan heç olmasa, bir qədər irəliləyiş əldə etmək üçün istifadə edirlər. Zelenski "mövqelərini möhkəm saxlayan, möhkəm dayanan və buna baxmayaraq nəinki heç nə itirməmək, həm də işğalçıları qovmaq, onları "çıxarmaq" üçün fürsət tapan" Ukrayna qüvvələrinə təşəkkür edib.

Zelenski insanlara xəbərdarlıq edib ki, Rusiyanın daha çox raket hücumlarına və ya təxribatlarına hazır olmalıdırlar.

Dekabrın 25-də Ukraynanın xarici işlər naziri deyib ki, Kyiv Rusiyanın Ukraynaya qarşı müharibəsində mülki infrastruktura zərbələrini davam etdirdiyinə görə BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən çıxarılmasını tələb etməyi planlaşdırır.

"Bizim çox sadə bir sualımız var: Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü qalmaq və ümumiyyətlə BMT-də olmaq hüququ varmı? Bizim inandırıcı və əsaslandırılmış cavabımız var - xeyr, yoxdur" , xarici işlər naziri Dmitro Kuleba televiziya ilə çıxışında deyib.

Kuleba Ukraynanın dekabrın 26-da öz mövqeyini rəsmən ifadə edəcəyini deyib və Rusiyanın Təhlükəsizlik Şurasında veto hüququna malik daimi yerini saxlamasını davam etməsi məsələsinin artıq BMT-nin diplomatik dairələrində müzakirə olunduğunu iddia edib.

XS
SM
MD
LG