Accessibility links

Ukrayna Rusiyanın Soledara nəzarəti bağlı iddialarını rədd edərək döyüşlərin davam etdiyini bildirir


Ukrayna həftələrlə davam edən gərgin döyüşlərdən sonra Rusiya qüüvələrinin Ukraynanın şərqindəki Soledar qəsəbəsinə nəzarəti ələ keçirməsi ilə bağlı Rusiyanın iddialarını rədd edib.

Rusiya Müdafiə Nazirliyi yanvarın 13-də yaydığı bəyanatda strateji əhəmiyyətli duz mədəni şəhərini bir gecədə ələ keçirdiyini bildirib. Son günlər şəhərə kimin nəzarət etdiyi ilə bağlı bir neçə ziddiyyətli xəbərlərlər verilib və Rusiyanın iddiasını müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.

Rusiya nazirliyinin iddiasından bir neçə saat sonra Ukrayna silahlı qüvvələrinin şərq qrupunun sözçüsü Serhiy Çerevatiy RBC-Ukrayna media orqanına verdiyi şərhlərdə deyib ki, "xeyr, bu doğru deyil. Şəhərdə şiddətli döyüşlər hələ də davam edir". O həmçinin əlavə edib ki, "Ukrayna silahlı qüvvələri çətin şəraitdə vəziyyəti nəzarətdə saxlayır".

Ukrayna bundan əvvəl yanvarın 13-də Rusiyanın Soledarda "yüksək intensivlikli" hücumu ilə üzləşdiyini bildirmişdi.

Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar bildirib ki, "Soledarda gecə gərgin idi. Döyüş davam edib. Düşmən demək olar ki, bütün əsas qüvvələrini Donetsk istiqamətində yerləşdirib və yüksək intensivlikdə hücumu davam etdirir". O həmçinin əlavə edib ki, "Bu, müharibənin çətin mərhələsidir, lakin biz bu müharibədə qalib gələcəyik. Heç bir şübhə yoxdur".

Rusiya Müdafiə Nazirliyi bəyanatında bildirib ki, son üç gün ərzində şiddətli döyüşlər və bombardmanlar nəticəsində yüzlərlə Ukrayna əsgəri həlak olub. Ukrayna rəsmiləri 15-i uşaq olmaqla, 500-dən çox mülki şəxsin şəhərdə sıxışıb qaldığını bildirib. Rusiya tərəfi isə mümkün mülki itkilər barədə məlumat verməyib.

Rusiya təqribən 10 kilometr cənub-qərbdə yerləşən Baxmut şəhərinə hücuma başladığı vaxt Soledar uğrunda döyüşə böyük resurslar sərf edir. Soledar Rusiyanın şəhərə hücumu zamanı təhlükəsiz və üstün artilleriya mövqeyini təmin etmək potensialına malikdir.

XS
SM
MD
LG