Avropa İttifaqı hüquq müdafiəçiləri və siyasi fəallar Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən, həmçinin Elçin Sadıqov və Əvəz Zeynallının həbs müddətinin uzadılmasından narahatdır.
Bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin mətbuat katibi Peter Stanonun bəyanatında deyilir.
“Biz Azərbaycan hakimiyyətini fundamental hüquqlarını həyata keçirdiyinə görə həbsdə olanları azad etməyə və Elçin Sadıqova qarşı məhdudiyyətləri aradan qaldırmağa çağırırıq” - deyə, o qeyd edib.
Bəyanatda deyilir ki, Aİ Azərbaycanla insan hüquqları sahəsində dialoqu və əməkdaşlığı davam etdirməyə və demokratik islahatları təşviq etməyə sadiqdir.
Yanvarın 13-də həbsdə olan insan haqları fəalı Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb. Bu barədə Amerikanın Səsinə onun vəkili Rövşanə Rəhimli məlumat verib.
Vəkil bildirib ki, ictimai fəala Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə verilən ittiham ağırlaşdırılıb. Bu maddənin birinci bəndi ilə verilən ittiham (221.1) indi Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) maddəsinə tövsif olunub. Əvvəlki maddədə alternativ cəzalarla yanaşı, maksimum 1 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulurdusa, indiki maddədə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub:
“Dekabrın 9-dan Bəxtiyar Hacıyev indiyədək Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunurdu. Bu maddələrdə isə ən ağır cəza 1 ilə qədər azadlıqdan məhrumetmə idi. İndiki maddədə isə onu 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir”.
Vəkil qeyd edib ki, Bəxtiyar Hacıyev yanvarın 9-dan başladığı aclığı davam etdirir və artıq aclıq aksiyasının 4-cü günündədir.
“Gündən-günə çəki itirir və baş gicəllənmələri artıb” - deyə, vəkil bildirib.
Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Hacıyev hazırda aclığı davam etdirir: “O, təcridxananın sanitar-tibb hissəsinə köçürülüb, həkim nəzarəti altındadır”.
İnsan haqları fəalı Bəxtiyar Hacıyevin barəsində ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi 1 ay 20 gün həbs qətimkan tədbiri seçib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamı qəbul etmir. O, məhkəmə qərarına etiraz olaraq 14 gün aclıq keçirib və yanvarın 5-də aclığı dayandırıb.
Bəxtiyar Hacıyevin həbsi geniş tənqidlərə yol açıb. Müdafiə Xətti hüquq-müdafiə təşkilatının təşəbbüsü ilə fəallar dekabrın 23-də Bakının mərkəzində Hacıyevin həbsinə etiraz olaraq aksiya keçirib. Aksiya zamanı siyasətçi Tofiq Yaqublu 30 sutka inzibati həbsə məhkum edilib və o, yanvarın 5-dən aclığa başlayıb. Hazırda Tofiq Yaqublu və Bəxtiyar Hacıyevə dəstək məqsədi ilə 15 siyasi fəal siyasi məhbuslara azadlıq tələbi ilə aclıq keçirir.
Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında yenidən aclığa başladığını bildirib və hazırda aclığı davam etdirir.