Ukraynanın birinci xanımı Olena Zelenska çərşənbə axşamı Davos şəhərində Dünya İqtisadi Forumunun illik toplantısında çıxış edib. O, dünya liderləri və korporasiya rəhbərlərinə Rusiyanın işğalının uşaqların ölümü ilə nəticələndiyi və dünyanın ərzaq təhlükəsizliyi ilə mübarizə apardığı bir vaxtda onların hamısının öz nüfuzlarından istifadə etmədikləri ilə bağlı xəbərdarlıq edib.
Müharibənin ildönümü yaxınlaşdıqca, Olena Zelenska deyib ki, valideynlər övladlarını xilas etməyə çalışan həkimləri seyr edərkən göz yaşlarına boğulur, fermerlər partlayıcı minalarla dolu tarlalarına qayıtmaqdan qorxurlar. O, Rusiya raketlərinin aylarla Ukraynanın enerji infrastrukturunu bombaladığı vaxt 1986-cı ildə baş vermiş nüvə fəlakətinə işarə edərək bildirib ki, “biz yeni Çernobılın baş verməsinə icazə verə bilmərik”.
"Sizin hamınızın ortaq cəhəti odur ki, siz həqiqətən də nüfuza maliksiniz" deyə Olena Zelenska iştirakçılara səslənib. "Ancaq sizi bir-birinizdən fərqləndirən bir şey var, o da odur ki, heç də hamınız bu təsirdən istifadə etmirsiniz və ya bəzən ondan elə istifadə edirsiniz ki, bu sizi daha da çox ayırır" - deyə, o vurğulayıb.
Olena Zelenska dünyanın hər yerindən yüzlərlə hökumət rəsmisi, böyük korporasiların liderləri, alimlər və fəalların Davosda illik foruma toplaşdığı vaxt çıxış edib. Bir həftə davam edəcək forumun gündəliyində böyük ideyaların müzakirəsi, aclıqla mübarizə, iqlim dəyişikliyi iqtisadi ləngimə prioritet məsələlərdir. Lakin forumun bəyan etdiyi “dünyanın vəziyyətini yaxşılaşdırmaq” kimi ambisiyasına nail olmaq üçün nə qədər konkret fəaliyyət göstərəcəyi aydın deyil.
“Biz hamımız daxilən əminik ki, elə bir qlobal problem yoxdur ki, bəşəriyyət onu həll edə bilməsin ” deyən Zelenska vurğulayıb ki, “Rusiyanın Avropada təcavüzünün müxtəlif çağırışlar yaratdığı bir vaxtda bu, daha vacibdir”.
Ukraynada minlərlə dinc sakinin ölümünə, milyonlarla insanın didərgin düşməsinə səbəb olan müharibə bütün dünyada ərzaq və enerji bazarlarında təlatüm yaradıb.
Müharibə səbibi ilə inflyasiyanın artması və inkişaf etməkdə olan ölkələrdə ərzaq təhlükəsizliyinin genişlənməsi ilə əlaqədar olaraq, Zelenska “kütləvi aclığın bəşəriyyətə və insan təbiətinə təhqir” olduğunu deyib.
Ukrayna və Rusiya Afrika, Yaxın Şərq və Asiyanın artıq aclıq probleminin mövcud olduğu bir sıra ölkələri üçün arpa və digər ərzaq məhsullarının əsas təchizatçılarıdır. Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının məlumatına görə, 82 ölkədə təxminən 345 milyon insan kəskin ərzaq çatışmazlığı ilə üzləşir. Bu göstərici pandemiya və Ukraynadakı müharibədən əvvəl 53 ölkədə 135 milyon idi.
Zelenska xəbərdarlıq edib ki, müharibə Ukrayna sərhədlərini aşa və böhranı daha da şiddətləndirə bilər, lakin “birlik sülhü qaytara bilər”, o əlavə edib.
Prezident Volodimir Zelenski həyat yoldaşı Olena Zelenska və Rəqəmsal Transformasiya Naziri Mixaylo Fedorov kimi Davosda iştirak edən rəsmilərdən ibarət nümayəndə heyətinin tərkibini tamamlayaraq, çərşənbə günü foruma video formatda qoşulacaq.
Davos Ukrayna nümayəndələrinə tanklar və raket əleyhinə müdafiə vasitələri kimi silahların ianə edilməsi üçün beynəlxalq dəstəyi gücləndirmək, eləcə də Rusiya iqtisadiyyatını daha da təcrid etmək və sıxışdırmaq məqsədilə daha çox təzyiq göstərməsi üçün yeni bir şans yaradır.
Fransa, Böyük Britaniya, ABŞ və digər dövlətlər Ukraynaya tanklar və ya zirehli döyüş maşınları kimi daha güclü silahlar göndərəcəklərini vəd edirlər.