Accessibility links

Karen Donfrid: Davamlı sülhə gətirəcək danışıqları təşviq etməyə və dəstəkləməyə davam edəcəyik


Karen Donfried
Karen Donfried

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Amerikanın Səsinə müsahibədə Laçın dəhlizində durum, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının perspektivləri, ABŞ-ın davamlı sülhə nail olunması istiqamətində səyləri haqda danışıb.

Amerikanın Səsi: Mən ilk olaraq Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı xəbərlər haqda sual vermək istəyirəm. Hadisə nəticəsində bir nəfər həyatını itirib, iki nəfər yaralanıb. ABŞ-ın Azərbaycandakı səfiriyi başsağlığı bildirib, hücumu qınayıb. Sizin buna reaksiyasınız nədir?

Karen Donfrid: Mən Azərbaycanın Tehrandakı səfirliyinə edilən bu hücumu qətiyyətlə pisləyirəm. Biz bu gün Dövlət Departamentində bunu böyük diqqətlə izləyirik. Mən bu hücumun tam araşdırılması ilə bağlı prezident Əliyevin çağırışına qoşuluram. Həmçinin ABŞ hökuməti adından həlak olan şəxsin ailəsinə və yaxınlarına, yaralananların ailəsinə və yaxınlarına başsağlığı vermək istəyirəm. Biz hesab edirik ki, hər bir ölkənin orada yerləşən xarici diplomatları qorumağa dair öhdəliyi var. Biz İrana Cenevrə Konvensiyası üzrə öhdəliklərini xatırlatmaq istəyirik.

Amerikanın Səsi: Birləşmiş Ştatlar İslam Respublikasının regionda sabitliyi pozan fəaliyyətlərinə qarşı nə edə bilər?

Karen Donfrid: Biz yaxşı bilirik ki, coğrafiya taledir və Azərbaycan İran kimi qonşu da daxil olmaqla, çox mürəkkəb qonşuluqda yaşayır. Biz İranın bölgədəki təsirindən son dərəcə narahatıq və başa düşürük ki, İran regionda özünün siyasi, təhlükəsizlik və iqtisadi sferalarda mövqeyini genişləndirmək istəyir. Biz bunun qarşısını almağa çalışırıq. Hesab edirəm ki, Azərbaycanın bütövlükdə pis niyyətli təsirlərə qarşı mübarizə aparmasının ən yaxşı yollarından biri Ermənistanla sülh prosesini davam etdirməkdir, çünki bu, regiondakı dinamikanı dəyişəcək.

Karen Donfrid: Davamlı sülhə gətirəcək danışıqları təşviq etməyə və dəstəkləməyə davam edəcəyik
please wait

No media source currently available

0:00 0:08:46 0:00

Amerikanın Səsi: ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə bu günlər telefon söhbəti zamanı Laçın dəhlizi və Ermənistanla Azərbaycan arasında gərginlik məsələlərini gündəmə gətirib. Bu müzakirələrin sülh prosesi üçün müsbət nəticə verəcəyinə inanırsınızmı?

Karen Donfrid: Mənim müdirim, Dövlət katibi Antoni Blinken hər iki liderlə fəal şəkildə əlaqə saxlayıb. Siz doğru qeyd edirsiniz, bu həftənin əvvəlində o, Azərbaycan prezidenti Əliyevlə, keçən həftə isə Ermənistanın baş naziri ilə danışıb. Onun gündəliyində duran ilk məsələ Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsi və xüsusilə də Laçın dəhlizinin bağlanması ilə bağlı narahatlıq olub. Buna görə də o, Laçın dəhlizinin blokadasına dərhal son qoymağa çağırıb və kommersiya və şəxsi avtomobillərin bu dəhlizdən keçməsinə icazə verilməsinin vacibliyini vurğulayıb, çünki bildiyimiz kimi bu, Dağlıq Qarabağda yaşayan yerli ermənilər üçün yeganə marşrut yoludur. Beləliklə, o, bu vəziyyətə son qoymaq və orada yaşayanlar üçün humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində aktiv şəkildə fəaliyyət göstərib.

Amerikanın Səsi: Vaşinqtonun son aylarda təkid etdiyi kimi tərəflər arasında birbaşa dialoqun bərpası şansları nə qədərdir? ABŞ daimi həll yolunun tapılmasına daha çox cəlb olunacaqmı?

Karen Donfrid: Qeyd etmək istəyirəm ki, Laçın dəhlizi ətrafında vəziyyət sülh prosesinə maneədir. Buna görə də bizi ilk növbədə Laçın dəhlizi narahat edir, çünki biz humanitar vəziyyət və bunun yerli erməni əhalisinə təsirindən narahatlıq keçiririk. Lakin digər halda da bu bizi narahat edir, çünki bu vəziyyət həll edilmədən sülh prosesinin necə irəlilədiyini görmək çətindir. Dövlət katibi Blinken birbaşa dialoqun sülh prosesinin irəliləyişinin açarı olduğunu çox açıq şəkildə ifadə edib. Beləliklə, o özü birbaşa bununla məşğul olur. Mən və həmkarlarım, o cümlədən Azərbaycan və Ermənistanda səfirliklərdəki həmkarlarım bu prosesi irəli aparmağa çalışırıq. Bunun bir neçə elementi var. İki xarici işlər nazirinin üzərində işlədiyi sülh sazişi var. Sərhədlərin demarkasiyası prosesi gedir. Azərbaycanla Naxçıvan arasında əlaqələr də daxil olmaqla, nəqliyyat əlaqələri barədə danışıqlar gedir. Birləşmiş Ştatlar bu spektrləri əhatə edən məsələlərdə xeyirli qüvvə olmağa çalışır, çünki biz hesab edirik ki, Azərbaycan və Ermənistan davamlı sülh haqqında razılığa gələ bilsələr, Azərbaycan vətəndaşları və Ermənistan vətəndaşları üçün bunun çox böyük faydası olacaq.

Amerikanın Səsi: Azərbaycanın Laçın yolu ilə bağlı əsas narahatlığı yoldan Azərbaycana minaların daşınması üçün istifadə olunmasıdır. Bununla yanaşı, Azərbaycan Ermənistanın Naxçıvanla Azərbaycan ərazisi arasında dəhlizin açılmasına icazə vermədiyini bildirir. Vaşinqtonun bu məsələlərlə bağlı mövqeyi nədir? ABŞ Azərbaycanın ərazi bütovlüyünün tam təmin olunması da daxil olmaqla bütün tərəflərin narahatlıqlarının aradan qaldırılmas üçün hansı şəraitin yaranmasına çalışa bilər?

Karen Donfrid: Azərbaycanın mühüm narahatlıqları var, Ermənistan kimi və biz burada Dövlət Departamentindəki diplomatlar hər iki tərəfi dinləmək və sonra "Venn diaqramı"nın harada üst-üstə düşdüyü haqda düşünmək istəyirik. Ermənistanın narahatlıqları və maraqları dairəsi və Azərbaycanın narahatlıqları və maraqları dairəsi var və biz çox əhəmiyyətli şəkildə bunların üst-üstə düşdüyünü və ortaq məqsədlərin olduğunu görürük. Biz inanırıq ki, həm prezident Əliyev, həm də baş nazir Paşinyan sülh yolu ilə həllin hər iki ölkə üçün məqbul olan yeganə həll yolu olduğunu, bu fikir ayrılığının hərbi həlli olmadığını görə bilirlər. Və biz bu davamlı sülhə gətirib çıxara biləcəyinə inandığımız danışıqları təşviq etməyə və dəstəkləməyə çalışırıq.

Amerikanın Səsi: Rusiyanın hazırda Qarabağda sülhməramlı qüvvələri var. Bölgədə durum və Rusiyanın regionda mövcudluğu barədə nə düşünürsünüz?

Karen Donfrid: Bu suala görə də təşəkkür edirəm. 2020-ci ilin noyabrında müharibə başa çatdıqda rusların mərkəzi rol oynadığı atəşkəs razılaşmasının əldə olunduğunu gördük. Bu nizamlanmanın elementlərindən biri də Rusiya sülhməramlı qüvvələrinin mandatının uzadılması ehtimalı ilə ən azı beş il müddətinə qalması ilə bağlı razılaşmadan ibarət idi. Biz bu müzakirələrin tərəfi deyildik, ona görə də mən o vaxt razılaşdırılanların təfərrüatları barədə danışa bilmərəm. Amma mənim fikrimcə, əminliklə demək olar ki, son iki il ərzində Rusiya sülhməramlılarının regionda və xüsusilə də Dağlıq Qarabağda konstruktiv rol oynadığını görmək çox çətindir. Beləliklə, biz Rusiya sülhməramlı qüvvələrinin dinc yolla davamlı sülhə töhfə verdiyini görmürük və buna görə də biz Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu qətiyyətlə təşviq edik.

Amerikanın Səsi: İnsan hüquqları məsələsi ABŞ-ın Azərbaycanla bağlı xarici siyasətinin mühüm əsaslarından birini təşkil edir. Hazırda insan haqları fəalı Bəxtiyar Hacıyev həbsinə etiraz olaraq aclıq aksiyası keçirir. Hacıyevin işi və ölkədə insan haqlarının hazırkı durumu ilə bağlı Azərbaycan hökumətinə mesajınız nədir?

Karen Donfrid: İnsan haqları məsələsini müzakirəyə çıxarmağınızı çox təqdir edirəm, çünki bu, azərbaycanlı həmkarlarımızla açıq şəkildə müzakirə etdiyimiz fundamental məsələdir. Qeyd etməliyəm ki, Dövlət katibi Blinkenlə prezident Əliyev arasında müzakirə etdiyimiz kimi bu yaxınlarda söhbət zamanı onlar Laçın dəhlizində vəziyyətdən danışıblar, sülh prosesini və bunun necə irəliləyəcəyi yollarını müzakirə ediblər. Onlar, həmçinin Azərbaycanda insan haqları, xüsusən də cənab Hacıyev və digərlərinin işindən danışıblar. Birləşmiş Ştatlar dərindən inanır ki, Azərbaycan insan hüquqlarına diqqəti artırsa, ABŞ üçün daha güclü və daha yaxşı tərəfdaş olacaq və Azərbaycanın insan hüquqlarına, Azərbaycan konstitusiyasında və Azərbaycanın qoşulduğu bir çox beynəlxalq müqavilələrdə təsbit olunmuş fundamental hüquqlara daha çox hörmət etməsi Azərbaycanı daha da güclü edir. Beləliklə də bu, mütləq həmkarlarımızla müzakirə etdiyimiz bir mövzudur. Hesab edirik ki, bu, Azərbaycanın bu günü və gələcəyi üçün prinsipial əhəmiyyət kəsb edir və vətəndaşlarının bu hüquqlarına nə qədər hörmətlə yanaşsa, Azərbaycan bir o qədər güclü olar. Deyə bilərəm ki, biz cənab Hacıyevin və digərlərinin dərhal azadlığa buraxılmasını qətiyyətlə dəstəkləyirik. Bəli, bu, azərbaycanlı həmkarlarımızla müzakirə etməyə davam edəcəyimiz mühüm məsələdir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG