Accessibility links

Media nümayəndələri “Media haqqında” Qanuna etiraz edirlər


Milli Məclisin qarşısında müstəqil jurnalistlərin etiraz aksiyası. 28 dekabr, 2021-ci il.
Milli Məclisin qarşısında müstəqil jurnalistlərin etiraz aksiyası. 28 dekabr, 2021-ci il.

Azərbaycanda müstəqil jurnalistlər və media mütəxəssisləri 2022-ci ilin fevralından qüvvəyə minən “Media haqqında” Qanun və Media Reyestri ilə bağlı “Mövqe sənədi” imzalayıb.

Jurnalistlər hesab edir ki, qanunun müddəaları ifadə və media azadlığına ciddi problemlər yaradır. Sənəddə deyilir ki, yeni qanunvericilik media və jurnalistlərin vahid reyestrinin yaradılmasını nəzərdə tutur və media Reyestrinin aparılması qaydaları Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilib. Bu qaydalar tətbiq ediləndən sonra dövlətin Medianın İnkişafı Agentliyi ölkədə fəaliyyət göstərən sayt və jurnalistlərə reyestrdən keçmək üçün 6 ay vaxt verib və xəbərdarlıq edib ki, qeydiyyata düşməyənlər məhkəməyə veriləcəklər.

“Biz – bu müraciəti imzalayanlar, "Media haqqında” Qanunun, xüsusilə onun vahid reyestrin yaradılması ilə bağlı müddəalarının media, ifadə azadlığını məhdudlaşdırmağa geniş imkanlar açdığını görürük. Yeni qanunun tətbiqinin media, jurnalist azadlığına, onların hərəkət və fəaliyyət sərbəstliyinə çox ciddi neqativ təsir edir. Təəssüf ki, qanuna, onun media azadlığı ilə bağlı ciddi problemlər yaradan və yaradacaq müddəalarına fərqli yanaşmağa heç bir əsas yoxdur, çünki ümumilikdə qanun Azərbaycan Konstitusiyasına və ölkəmizin tərəfdar çıxdığı başlıca beynəlxalq müqavilələrdən olan Avropa İnsan Hüquqları Konvensiyasına da ziddir. Bu, Avropa Şurası Venesiya Komissiyasının rəyində də aydın şəkildə göstərilib, şərh edilib,” sənəddə deyilir.

Mövqe sənədində bildirilir ki, bu qanun və bu qanunda yer alan məhdudlaşdırıcı müddəalar Azərbaycan Respublikası Konstitusiyasına, həmçinin Avropa İnsan Hüquqları Konvensiyasına ziddir. Venesiya Komissiyası da qanunla bağlı mənfi rəy verib, bu qanunun Avropa Şurasının üzvü olan bir ölkədə tətbiq edilməsini qəbuledilməz sayıb.

“Media və jurnalistlər üçün məcburilik prinsipinə söykənməyən, sadəcə, statistik baza rolu oynayan, könüllülük prinsipi üzrə, ifadə, media azadlığını zədələməyən resursun formalaşdırlmasını doğru sayırıq. Media, jurnalistika fəaliyyəti ilə məşğul olan peşəkarlar onsuz da öz fəaliyyət sahələri üzrə rəsmi vergi, habelə, digər rəsmi texniki qeydiyyatına sahibdirlər. Rəsmi qurumlarda olan həmin bilgilərin bir resursda ümumiləşdirilib toplanması daha uyğun olardı. Bütün başqa formalarda yaradılacaq reyestr, mahiyyətcə lisenziya, icazə rolunu oynayacaq, bu da ilk növbədə Azərbaycan Konstitusiyasına ziddir” - deyə, jurnalistlər bildirir.

Jurnalistlər dünyanın heç bir mütərəqqi ölkəsində belə məzmunda media qanunvericiliyinin mövcud olmadığını vurğulayıblar:

“Media haqqında” Qanunun reyestrin yaradılması ilə bağlı müddəalarının, xüsusilə də 65.4.4-cü maddəsinin qanundan çıxarılmasını tələb edirik”.

Mövqe sənədi ilə bağlı hələlik Azərbaycan rəsmiləri münasibət bildirməyib.

XS
SM
MD
LG