Accessibility links

İran Türkiyənin Xoy zəlzələsində zərər çəkənlərə yardım təklifini qəbul etməyib


İran Türkiyənin həftəsonu Xoy şəhərində baş verən zəlzələdə zərər çəkənlərə yardım təklifini qəbul etməyib. İran rəsmiləri öz imkanları ilə məsələnin öhdəsindən gələ biləcəklərini ifadə ediblər.

Türkiyə Qızılay Cəmiyyətinin başqanı Kərəm Kınık bu barədə məlumat verib.

“Zəlzələdən sonra dərhal yardım təklifimizi onlara çatdırdıq. Ancaq zəlzələnin öhdəsindən gələ biləcək qədər imkanları olduğunu ifadə edərək bizlərə təşəkkür etdilər,” Kərəm Kınık öz Twitter səhifəsində yazıb.

Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində yanvarın 28-də gecə saatlarında baş verən 5.9 bal gücündə zəlzələ, İran agentliklərinə istinadən, ən azı 3 nəfərin ölümü, mindən artıq insanın yaralanması ilə nəticələnib.

Sosial mediada mədəni fəallar İran dövlət qurumlarının zəlzələ qurbanlarına yardım və xilasetmə sahəsində bundan əvvəl yaxşı fəaliyyət göstərmədiyini önə çəkərək, yaxın şəhərlərdə xəsarət alanlara yardım kampaniyalarının təşkil olunmasının vacib olduğunu önə çəkirlər. Bəzi fəallar isə yardım üçün Türkiyə və Azərbaycan Respublikası rəsmilərinə müraciət edirlər.

Qərbi Azərbaycan və Şərqi Azərbaycan vilayətlərində xeyriyyəçi qruplar, ictimai xadimlər və mədəni fəallar zəlzələ bölgələrinə yardım üçün kampaniyalar təşkil etməyə başlayıblar.

XS
SM
MD
LG