Accessibility links

Bu il Hindistan dünyanın ən çox əhalisi olan ölkəsi olacaq


BMT-nin məlumatına görə, bu il Hindistan Çini keçərək dünyanın ən çox əhalisi olan ölkəsi olacaq. Çin bu ay əhalisinin 60 ildə ilk dəfə azaldığını bildirdikdən sonra bəzi ekspertlər Hindistanda artıq Çindən daha çox insan ola biləcəyini deyib. İnsan hüquqları üzrə qeyri-kommersiya təşkilatı Hindistan Əhali Fondunun icraçı direktoru Punan Muttreja deyib ki, bununla bağlı gözlənilməz heç nə yoxdur.

"Biz bilirdik ki, 2027-ci ildə Çini keçəcəyik, lakin Çində əhalinin sayının sürətlə azalması səbəbindən bu, daha sürətli baş verib" - deyə, o bildirib.

Hər iki ölkədə təxminən 1,4 milyard insan yaşayır. Lakin demoqrafların fikrincə, Çinin liderliyi sadəcə bir rəqəm deyil. Bu, əhəmiyyətli bir dəyişiklikdir. Çinin əhalisi proqnozlaşdırılandan daha tez azalmağa başlasa da, Hindistan əhalisi daha üç onillikdə artmaqdaa davam edəcək. Ancaq daha əhəmiyyətlisi Çin indi qocalarkən, hindlilərin təxminən yarısı 25 yaşdan aşağıdır.

Bu, Hindistana iqtisadi dividendlər əldə etmək imkanı versə də, ekspertlər deyir ki, çox şey ölkənin öz göstəricilərindən, xüsusən də əmək qabiliyyətli nəhəng əhalisindən necə istifadə etməsindən asılı olacaq. Bu gənclər bir çox ölkələrin qocaldığı bir vaxtda istedad və işçi qüvvəsi mənbəyi və potensial olaraq qlobal şirkətləri və investisiyaları cəlb edəcək nəhəng inkişaf bazarı ola bilər.

Bəzi ekspertlər hesab edir ki, rəsmi rəqəmlərə baxmayaraq, Çin əhalisinin sayı bir neçə ildir ki, azalır. Belə ki, bir vaxtlar tək uşaq siyasəti ilə bu kimi artıma nəzarət etməyə çalışan ölkədə bu, dramatik dönüşdür.

Rəsmi rəqəmlərə görə, iqtisadiyyatın yavaşlaması və pandemiya ilə əlaqədar genişmiqyaslı karantin tədbirləri fonunda əvvəlki illə müqayisədə Çində 1 milyondan az uşaq doğulub.

Çinin Statistika Bürosunun məlumatına görə, 16-59 yaş arasında olan əmək qabiliyyətli əhalinin 875,56 milyon nəfəri ölkə əhalisinin 62%-ni, 65 və daha yuxarı yaşda olanların isə 209,78 milyon nəfəri, ümumi əhalinin 14,9%-ni təşkil edir.

Rəqəmlər qorxuludur. Hindistanda artıq 900 milyon əmək qabiliyyətli insan var və onilliyin sonunda bu rəqəm milyarda çatacaq. Bu, son illərdə işsizliyin inadla yüksək olaraq qaldığı bir ölkədə bir çox gənci narahat edir.

Hindistan iqtisadiyyatı COVID-19 pandemiyasının yaratdığı tənəzzüldən qurtulsa və hazırda dünyanın ən sürətlə inkişaf edən əsas iqtisadiyyatı olsa da, onun işçi qüvvəsinin yalnız 40%-nin işlə təmin olunduğu və ya hətta iş axtardığı təxmin edilir. Kollec tələbələri bunun gələcəkləri üçün nə demək olduğundan narahatdır.

Amma Hindistanda gənclərin sayının artmasını dinamizm və fürsət əlaməti kimi görənlər arasında nikbinlik mövcuddur. "Gənclərin daha çox ideyaları var. Sahibkarlıq həll yoludur" - deyə, kollec tələbəsi Aran Qulia qeyd edib. "Mənim kimi insanların ideyaları var. Aydındır ki, mənim kapitalım yoxdur, amma daha gənc Hindistanın ideyaları varsa, biz bunun öhdəsindən gələ bilərik".

Bu potensialı reallaşdırmaq üçün ekspertlər vurğulayır ki, siyasətçilər keyfiyyətli təhsilə çıxış imkanlarını yaxşılaşdırmaq üçün tez hərəkət etməlidir. Ölkənin işçi qüvvəsinin yalnız 5%-i rəsmi peşə təhsili alıb.

Narahatlıqlar əsasən Hindistanın daha az inkişaf etmiş və yoxsul şimal ştatları ilə bağlıdır.

XS
SM
MD
LG