Accessibility links

Duman Radmehr: İndi iranlı müxaliflər arasında əsas ixtilaf mövzusu qeyri-farsların hüquqları məsələsidir


Duman Radmehr
Duman Radmehr

Amerikanın Səsinə danışan siyasi fəal Duman Radmehr hesab edir ki, hazırda İslam Respublikasına müxalif qüvvələr arasında cəbhələşmələrə yol açacaq əsas ixtilaf mövzusu qeyri-fars icmaların hüquqları məsələsidir.

Duman Radmehr: İndi iranlı müxalifət arasında əsas ixtilaf mövzusu qeyri-farsların hüquqları məsələsidir
please wait

No media source currently available

0:00 0:14:25 0:00
Direct link

Son vaxtlar İranlı müxalifət qüvvələri arasında siyasi hegemonluğu ələ almaq yönündə rəqabət və mübahisələr olduqca artıb. Xüsusilə, keçən dekabr ayının 31-də, mühacirətdə yaşayan İran müxalifətində nüfuzlu olan bir neçə şəxsin sosial mediada birgə mətn paylaşması və keçən həftələrdə Pəhləvi tərəfdarlarının başlatdığı "vəkalət" kampaniyası ilə bərabər bu mübahisələr daha da alovlanıb.

Duman Radmehrin sözlərinə görə, keçən sentyabr ayında İslam Respublikası əleyhinə baş qaldıran ümummilli etirazlardan sonra müxtəlif qruplar “ixtilaf salan tələblərini” bir müddət gündəmə gətirməməyə və əsas diqqəti hakimiyyətin devrilməsinə yönəltməyə çalışdılar, ancaq, etirazların azalmağa başlaması ilə vəziyyət dəyişdi.

"Yavaş-yavaş ki, İranda etirazlar səngidi, artıq hərkəs öz sözünü deməyə başladı. Buna da Pəhləvi və onun ətrafında olan adamlar səbəb oldu. Onlar, o əhatəedici və qucaqlayıcı sözlərdən çıxıb və əsas fikirlərini ortaya qoydular. Yəni, geriçi və İran-fars milliyyətçiliyinə əsaslanan və başqa millətləri heçə sayan patriarxal bir baxış idi" , siyasi şərhçi deyib.

Rza Pəhləvi özü "minimum prinsipləri qəbul edən bütün demokratik qüvvələr, şəxslər, partiyalar və qruplar" ilə əməkdaşlığa hazır olduğunu deyir. Pəhləvi İranın ərazi bütünlüyü, insan haqlarına əsaslanan dünyəvi demokratiya və əhalinin azad seçkilər yolu ilə siyasi nizamın şəklini təyin etmə haqqını üç minimum prinsip olaraq açıqlayıb.

Duman Radmehr "ərazi bütünlüyü" şərtini əslində qeyri-fars icmaların hüquqlarını inkar etmək üçün bir bəhanə olaraq dəyərləndirir.

"İranda milli məsələdən danışmadan və milli məsələnin çözümündən danışmadan gəlib ərazi bütünlüyündən danışmaq İran İslam Cümhuriyətinin indiki siyasətini eynən yürütmək deməkdir. Bu, yəni, milli qrupların haqqına dair hər hansı bir etiraz baş verdiyində onu ərazi bütünlüyü adı ilə basdırmaq. Biz İranda yüz ildir buna şahidik. Buna görə, ərazi bütünlüyündən öncə federalizmdən danışmalıdır. Təmərküzləşməyən dövlətdən danışmalıdır. Etnik icmaların dil haqları və öz müqəddəratını təyin etmə haqqından danışmalıdır. Sonra, birisi gəlib bu hüquqlar xaricində separatçılıq etmək istəsə, o zaman ərazi bütünlüyünü şərt qoymalıdır və biz də onu qəbul etməliyik" , siyasi fəal qeyd edib.

Duman Radmehr hazırkı mərhələdə müxalifət qüvvələri əsasında cəbhələşmələrə yol aça biləcək əsas ixtilaf mövzusunun qeyri-fars icmaların hüquqları məsələsi olduğunu ifadə edir.

"İxtilaflarda əsas məsələ İranın gələcəyində qeyri-fars millətlərin hüquqlarıdır. Bunun üstündə fırlanır. Səltənətçilər (Pəhləvi tərəfdarları) bununla bağlı qərarlarını veriblər. Mövqeləri bəllidir, bunu istəmirlər. Cümhuriyyətçilər də bu mövzu ilə bağlı qərar kəsdirə bilmədikləri üçün iç ixtilaflara uğrayıblar və səsləri gərək olduğu qədər çıxmır... Məncə, belə olacaq ki, bundan sonra artıq əsas cəbhələr qeyri-fars millətlərin haqları üzərində bölünəcək. Bu da səbəb olacaq ki, qeyri-fars millətlər bir-birlərinə yaxınlaşsın" , Radmehr qeyd edir.

Duman Radmehr əlavə edir ki, "1979 İran İnqilabında şiəçi ideologiya farslar ilə türkləri aşağı-yuxarı birləşdirdi. Başqa millətlərin və sünnilərin etirazları da bir neçə ildə basdırıldı. İndi elə bir ideologiya ortada yoxdur. Artıq türklər də milli oyanışdan dolayı o dönəm olduğu kimi mərkəzin yanında deyillər. Bu da bir fürsət yaradır ki, İranda keçən yüz ildə öz həllini tapmayan milli məsələ öz həllini tapa bilsin. Bunun da gərəyi budur ki, İranın qeyri-fars millətləri bir-birinə yaxınlaşıb, sözlərini birləşdirsinlər. İxtilaflarının həlli üçün bir mexanizm müəyyənləşdirə bilməsələr də, bu ixtilafları bəlli bir zaana qədər təxirə salmaları gərəkir".

XS
SM
MD
LG