Accessibility links

Maykl Karpenter: Biz İran hakimiyyətini araşdırma aparmağa və hücumun məsuliyyətini daşıyanları məsuliyyətə cəlb etməyə çağırırıq


Azərbaycanın Tehrandakı səfirliyinə hücum nəticəsində Azərbaycan Xarici İşlər Nazirliyinə və həlak olanların ailələrinə başsağlığı veririk. Birləşmiş Ştatlar zorakılığın istənilən formasını pisləyir və xarici diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməyə sadiqdir.

Bu barədə ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter (Michael Carpenter) ATƏT Daimi Şurasının iclasında deyib.

ABŞ-ın ATƏT-dəki səfiri İran hakimiyyətini araşdırma aparmağa və buna görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməyə çağırıb

"Biz İran hakimiyyətini araşdırma aparmağa və hücuma görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməyə çağırırıq. Qeyd edirik ki, Azərbaycanın bir sıra digər ölkələrdəki nümayəndəlikləri də son aylarda təhlükəsizlik problemləri ilə üzləşib. Biz bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyini dəstəklədiyimizi bir daha bildiririk. Biz İran hökumətinə Vyana Konvensiyasına uyğun olaraq, İrandakı xarici diplomatları qorumaq məsuliyyətini xatırladırıq"- o qeyd edib.

Xatırlatma

Yanvarın 27-də silahlı şəxs Azərbaycanın Tehrandakı səfirliyinin mühafizə postunu atəşə tutub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.

İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib. Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.

Hadisə İran və Azərbaycan arasında münasibətlərdə son zamanlar gərginliyin artdığı vaxt baş verib. Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyəti tamamilə dayandırılıb. Azərbaycanın Tehrandakı diplomatik missiyasının əməkdaşları və onların ailə üzvləri yanvarın 29-da xüsusi təyyarə reysi ilə Bakıya gətirilib.

Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.

Birləşmiş Ştatlar Azərbaycanın Tehrandakı səfiriyinə hücumu pisləyib və diplomatlara və diplomatik nümayəndəliklərə qarşı hər hansı hücumun qəbuledilməz olduğunu bildirib.

XS
SM
MD
LG