Accessibility links

Aİ və Ukrayna liderləri ölkə boyu hava hücumu xəbərdarlığı fonunda Kyivdə yüksək səviyyəli görüş keçirir


Avropa İttifaqı və Ukrayna liderləri Kyivdə və bütün Ukraynada hava hücumu xəbərdarlığını edən sirena səsləri fonunda paytaxda əlamətdar görüş keçirirlər.

Fevralın 3-də xəbərdarlıqlar iki saatdan bir az keçdikdən sonra qaldırılıb və Rusiyanın hər hansı hava zərbəsi ilə bağlı dərhal məlumat verilməyib.

Kyivdə Ukrayna prezidenti Volodimir Zelenski ilə Aİ rəhbərliyi arasında keçirilən sammitdə Rusiyanın işğalı qarşısında Avropa İttifaqının dəstəyi və Ukraynanın 27 üzvlü bloka üzv olmaq istəyi ilə bağlı müzakirələr aparılacağı gözlənilir.

Aİ-nin 27 üzvünün liderlərini birləşdirən Avropa Şurasının prezidenti Şarl Mişel Ukraynanı həm Rusiyanın təcavüzünə qarşı, həm də bloka son inteqrasiya yolunda blokun sarsılmaz dəstəyinə inandırıb.

"Bizim qətiyyətimizdən heç bir geri çəkilmə olmayacaq. Aİ-na gedən yolda sizi hər addımda dəstəkləyəcəyik" deyə Fevralın 3-də Kiyevə gələn Mişel Ukraynanın paytaxtında çəkdirdiyi şəklini Twitterdə paylaşaraq yazıb.

Fevralın 2-də 15 komissardan ibarət komanda ilə Kyivə gələn Avropa Komissiyasının sədri Ursula Von Der Leyen Zelenski ilə birgə mətbuat konfransında Aİ-nın Rusiyaya qarşı yeni sanksiyalar paketi təqdim edəcəyini bildirib.

Von der Leyen və Mişel fevralın 3-də Zelenski ilə danışıqların yeni raunduna başlayıblar.

Zelenski fevralın 2-də deyib ki, Ukrayna bu il Aİ-yə üzvlük danışıqlarına başlamağa layiqdir. Onun sözlərinə görə, blokla gələcək inteqrasiya ukraynalıları ruhlandıracaq və onlara rus qoşunlarına qarşı döyüşmək üçün “motivasiya” verəcək.

Ötən ilin iyun ayında Ukraynaya namizəd statusu verilib.

Bununla belə, Brüssel öz mövqeyində qətidir. O, Ukraynanın təklifini dəstəkləsə də, qəbul olunmazdan əvvəl ölkədə geniş miqyasda demokratik və iqtisadi islahatlar həyata keçirməli və endemik korrupsiyanın kökü kəsilməli olacaq. Bu da qəbul prosesini bir neçə illər uzada bilər.

Fevralın 1-də bir neçə yüksək vəzifəli məmurun evində antikorrupsiya agentləri bir həftə ərzində ikinci dəfə axtarış aparıb.

Von Der Leyen Ukrayna hökumətini korrupsiyaya qarşı çevik addımlar atdığına görə təqdir edib.

"Sizin Avropa İttifaqına daxil olmaq əzminiz təqdirə layiqdir" deyə o bildirib.

“Korrupsiyaya qarşı mübarizədə orqanlarınızın ayıq-sayıq olduğunu və korrupsiya hallarının aşkar edilməsində effektiv olduğunu görmək məni rahatladır... Korrupsiyaya qarşı mübarizənin nəzərəçarpacaq nəticələr verdiyinə əmin olmaq üçün siyasi müstəvidə bu qədər sürətli reaksiya verməyinizi də təqdir edirəm" deyə Von Der Leyen fikrini tamamlayıb.

XS
SM
MD
LG