Accessibility links

Azərbaycanın xilasedici qüvvələri və tibbi heyəti Türkiyədə zəlzələ zonasında fəaliyyətə başlayıb


FHN-in xilasetmə qüvvələri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarına başlayıb. (Foto mənbə: FHN)
FHN-in xilasetmə qüvvələri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarına başlayıb. (Foto mənbə: FHN)

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarına başlayıb.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, FHN-in xilasediciləri Türkiyədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3 nəfəri sağ, 10 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Tibbi heyət zəlzələ zonasına göndərilib

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, fevralın 7-də nazirliyin yardımlarından ibarət iki təyyarə Türkiyəyə gedib.

Belə ki, mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət təyyarə ilə Türkiyənin Adana şəhərinə çatıb.

"Dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün nəzərdə tutulan çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqları çatdıracaq ikinci təyyarə də bu gün Türkiyəyə yola salınıb", nazirliyin məlumatında deyilir.

Bundan başqa, Azərbaycan Müdafiə Nazirliynin məlumatına görə, bu nazirliyin iyirmi nəfərdən ibarət tibbi personalı zəlzələdə xəsarət alan insanlara kömək etmək məqsədilə Türkiyədə fəaliyyətə başlayıb.

Azərbaycan Türkiyəyə yardım göndərir (Foto Fövqəladə Hallar Nazirliyinindir)
Azərbaycan Türkiyəyə yardım göndərir (Foto Fövqəladə Hallar Nazirliyinindir)

Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 400 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə gedib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, xilasetmə qüvvələrinin tərkibinə Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin müvafiq şəxsi heyəti daxildir.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidentinə ünvanladığı başsağlığında deyilir ki, Azərbaycan bu ağır məqamda hər cür yardım göstərməyə hazırdır.

Hərbi tibbi personal Türkiyəyə yola düşərkən (Foto Müdafiə Nazirliyinindir)
Hərbi tibbi personal Türkiyəyə yola düşərkən (Foto Müdafiə Nazirliyinindir)

Azərbaycan Dövlət Televiziyası musiqili-əyləncəli verilişlərin yayımını dayandırıb

Azərbaycan Televiziya və Radio Verilişləri QSC Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar olaraq TV və radio proqramında dəyişiklik edib.

AZTV QSC-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, AzTV, Mədəniyyət TV, İdman TV və Azərbaycan Radiosunda yayımlanması nəzərdə tutulan musiqili-əyləncəli verilişlərin yayımı matəm səbəbi ilə dayandırılıb.

Türkiyədə zəlzələ ilə bağlı bir həftəlik matəm elan olunub.

XS
SM
MD
LG