Avropa İttifaqı (Aİ) Ukrayna prezidenti Volodimir Zelenskini Avropa İttifaqı liderlərinin sammitində iştirak etmək üçün dəvət edib. Bu haqda məlumatı Aİ bazar ertəsi verib. Xəbərlərə görə Zelenskinin bu həftə Brüsselə getməsi gözlənilir.
Avropa Şurasının prezidenti Şarl Mişelinin mətbuat katibi yazdığı tvitində bildirib ki, Şarl Mişel "qarşıdan gələn sammitdə iştirak etmək üçün" Zelenskini dəvət edib.
Mətbuat katibi Barend Leyts Zelenskinin dəvəti nə vaxt qəbul edə biləcəyini açıqlamayıb və "təhlükəsizlik səbəbindən" əlavə məlumat verilməyəcəyini bildirib.
Aİ-nin növbəti sammiti bu həftənin cümə axşamı və cümə günləri Brüsseldə keçiriləcək.
Fevralın 6-da bir çox media orqanı Zelenskinin sammitdə iştirak edə biləcəyi və həmçinin Avropa Parlamentinin sessiyasında çıxış edə biləcəyi barədə məlumat yayıb.
Aİ rəsmiləri bu xəbərləri şərh etməkdən imtina ediblər. Bəziləri qeyd edib ki, belə bir səfərlə bağlı xəbər əvvəlcədən sızsa, bu, Ukraynanın müharibə dövründəki lideri üçün daha böyük təhlükəsizlik riski yarada bilər və onun səfəri davam etdirmək şansını azalda bilər.
Zelenskinin ofisi xəbərlərlə bağlı şərh sorğusuna cavab verməyib.
Əgər Zelenski bu həftə Brüsselə səfər edərsə, bu, Rusiyanın keçən il fevralın 24-də Ukraynaya genişmiqyaslı hərbi müdaxiləyə başlamasından bəri onun ikinci xarici səfəri olacaq. Bundan əvvəl dekabr ayında Zelenski prezident Co Baydenlə görüşmək və ABŞ Konqresində çıxış etmək üçün Vaşinqtona səfər etmişdi.