Accessibility links

Ceyhun Bayramov və Karen Donfrid Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqların perspektivlərini müzakirə edib


Jeyhun Bayramov and Karen Donfried
Jeyhun Bayramov and Karen Donfried

Fevralın 15-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında növbəti telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, tərəflər regionda cari vəziyyət və Azərbaycan-Ermənistan arasında sülh sazişi üzrə danışıqların perspektivləri barədə müzakirə aparıblar.

Xarici İşlər Nazirliyi bildirir ki, nazir Ceyhun Bayramov Üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycanın Laçın yolunda yalnız vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə zəmanət verdiyini, lakin Ermənistan tərəfindən Laçın yolunun qeyri-qanuni iqtisadi fəaliyyətlər, erməni hərbçilərinin rotasiyaları, minaların daşınması üçün sui-istifadə edildiyini bildirib. Laçın yolunda etiraz aksiyaçılarının legitim tələblərinin hələ də yerinə yetirilmədiyini qeyd edib. Bölgədə guya "gərgin humanitar" vəziyyət yarandığı barədə iddiaların heç bir əsasının olmadığını vurğulayıb.

Nazir, həmçinin Ermənistanın sülh sazişi üzrə danışıqlar prosesi üzrə manipulyasiyalara yol verdiyini diqqətə çatdırıb.

Tərəflər telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Amerika tərəfi telefon danışığı ilə bağlı hələ məlumat yaymayıb.

Ceyhun Bayramov və Karen Donfrid arasında bundan öncə fevralın 9-da telefon danışığı olub.

2022-ci il dekabrın 12-dən başlayaraq Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşa şəhərinin ətrafında Rusiya sülhməramlılarının postu qarşısında davamlı etiraz aksiyası keçirir.

Azərbaycanlı mütəxəssislərin Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edən aksiya iştirakçıları Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkovun əraziyə gəlməsini tələb edir.

Ermənistan Baş Naziri Nikol Paşinyan Laçın dəhlizinin bağlanmasının 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın "kobud pozuntusu" olduğunu bildirib. Onun sözlərinə görə, həmin bəyanatın 6-cı maddəsinə əsasən dəhliz Rusiya Federasiyası sülhməramlılarının nəzarətindədir və Azərbaycan vətəndaşların, nəqliyyatın və əmtəənin hərəkətinə təminat verməlidir.

Azərbaycan tərəfi yolun bağlanmadığını və yerli sakinlər üçün həyat əhəmiyyətli nəqliyyatın gediş-gəlişinin təmin olunduğunu bildirir.

Dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərə gəlsə də, monitorinqə imkan verilməyib.

XS
SM
MD
LG