Accessibility links

"Demokratiya 1918" Hərəkatının üzvlərinə inzibati həbs cəzası verilib


Fevralın 20-də "Bəxtiyar Hacıyevi azad et!" şüarı ilə aksiya, Afiəddin Məmmədov və Samir Sultanov (foto mənbə : VOA)
Fevralın 20-də "Bəxtiyar Hacıyevi azad et!" şüarı ilə aksiya, Afiəddin Məmmədov və Samir Sultanov (foto mənbə : VOA)

Fevralın 21-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə "Demokratiya 1918" Hərəkatının İdarə Heyəti üzvü Afiəddin Məmmədova 30 sutka, Hərəkatın Baş Katibi Samir Sultanova isə 1 ay müddətinə inzibati həbs cəzası verilib. Bu barədə Amerikanın Səsinə vəkil Zibeydə Sadıqova məlumat verib.

Vəkilin sözlərinə görə onların hər ikisi də İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə ittiham olunurlar.

Hərəkat üzvləri məhkəmədə bildirib ki, onlar insan haqları fəalı Bəxtiyar Hacıyevin həbsdə qalmasına etiraz olaraq aksiya keçirdiklərinə görə həbs olunublar:

"Hər ikisi də həbsini siyasi hesab edir. Onlar protokolda da qeyd ediblər ki, məhkəmənin önündə heç bir səs-küy salmayıblar, şüar səsləndiriblər, xuliqanlıq və ya polisin əmrinə tabe olmamaq kimi hərəkət etməyiblər və həbslərini qanunsuz adlandırıblar. Polis onları heç bir xəbərdarlıq etmədən saxlayıb. Bu, həm də sərbəst toplaşmaq azadlığının pozuntusudur. Təəssüf ki, biz bunları prosesdə səsləndirdik, amma məhkəmə bunları nəzərə almadı".

Vəkil bildirib ki, müdafiə tərəfi qərardan apellyasiya şikayəti verəcək.

Fevralın 20-də Bakı Apellyasiya Məhkəməsi hakim Habil Məmmədovun sədrliyi ilə insan haqları fəalı Bəxtiyar Hacıyev barəsində Xətai rayon Məhkəməsinin həbs qətimkan tədbirnin ev dustaqlığı tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi qərarını qüvvədə saxlayıb.

"Bəxtiyar Hacıyevi azad et!" şüarı ilə aksiya
"Bəxtiyar Hacıyevi azad et!" şüarı ilə aksiya

Bu zaman məhkəmənin qarşısına toplaşan fəallar məhkəmənin qərarına etiraz olaraq "Bəxtiyar Hacıyevi azad et!" şüarı ilə aksiya keçirib. Polis aksiyanın qarşısını alıb. Aksiya zamanı fəallar Əli Məlikov, Nərmin Şahmarzadə, Afiəddin Məmmədov, Samir Sultanov və Nemət Abbasov polis tərəfindən saxlanılıb və Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə aparılıblar. Afiəddin Məmmədov və Samir Sultanovdan başqa digər fəallar bir neçə saat sonra sərbəst buraxılıblar.

Azərbaycanın Ləyaqətli Övladları Vəhdəti (ALÖV) Partiyasının sədri Rza Səfərsoyun da fevralın 20-də Bəxtiyar Hacıyevin məhkəmə prosesindən sonra saxlanıldığı bildirilir.

Bu barədə Rza Səfərsoyun həyat yoldaşı Təranə Sübhəm Səfərsoy məlumat yayıb:

"Rza dünən məhkəmə prosesindən sonra metroya tərəf gedərkən yolda saxlanılıb. Bir maşın onun yanında saxlayıb. Maşındakı mülki geyimli şəxslər onu sürüyə-sürüyə aparıb və zorla maşına mindiriblər. Bundan sonra ondan xəbər yoxdur", deyə o, Facebook səhifəsində qeyd edib.

Daxili İşlər Nazirliyindən bildirilib ki, Rza Səfərsoy saxlanılıb, onunla bağlı araşdırma aparılır.

İnsan haqları fəalı Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edilib. Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq aksiyası elan edib. Fəal 44 gündür aclıq aksiyası, 5 gün isə quru aclıq aksiyası keçirir.

XS
SM
MD
LG