Accessibility links

Vəkil: Bəxtiyar Hacıyev ölümün astanasındadır


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

"Bəxtiyar Hacıyev ölümün astanasındadır. Hər an ölüm baş verə bilər. O yerimək qabiliyyəyini də itirib, taqətdən tamamilə düşüb. Biz vəkillərlə görüşdən sonra bizim xahişimizlə onu əlil arabasında apardılar".

Bu barədə bu gün, fevralın 20-də Penitensiar Xidmətin Müalicə müəssisəsində Hacıyevlə görüşdən sonra vəkil Elçin Sadıqov Amerikanın Səsinə deyib.


Vəkil: Bəxtiyar Hacıyev ölümün astanasındadır
please wait

No media source currently available

0:00 0:00:57 0:00

Bu gün vəkillər Elçin və Zibeydə Sadıqovlar, Rövşanə Rəhimli və Şəhla Hümbətova Müalicə müəssisəsində Bəxtiyar Hacıyevlə görüşüb və ondan aclığı dayandırmasını xahiş ediblər.

"O israrlıdır, sonadək quru aclığı davam etdirəcəyini dedi. Biz vəkillər çox çarəsiz bir vəziyyətdə qalmışıq", vəkil qeyd edib.

Həbsdə olan insan hüquqları fəalı Bəxtiyar Hacıyev 43 gündür aclıq edir. O, fevralın 16-dan quru aclığa keçib, artıq 5 gündür su içməkdən də imtina edib.

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan fəal səhhəti kəskin pisləşdiyindən fevralın 11-də Penitensiar Xidmətinin Müalicə müəssisəsinə köçürülüb.

Vəkil Elçin Sadıqov bildirib ki, Hacıyev saxlanılma şəraitindən və onunla rəftardan çox narazıdır.

"O dedi ki, təcridxanada münasibət Mülaicə müəssisəsinə nisbətən çox yaxşıdır. Nəzarətçilər onu yatmağa qoymur. 6 kvadrat metrlik otaqda bərkdən danışırlar, televizorun səsini ucaldırlar. Otaq o qədər dardır ki, nəfəs almaq çətindir. Bütün bunlar 43 gün aclıq edən insana ağır təsir edir. Bəxtiyar Hacıyev bütün bunlarla bağlı Müalicə müəssisəsinin rəhəbrliyinə şikayət edib. Lakin onun şikayətinə hələ hər hansı reaksiya verilməyib", vəkil qeyd edib.

Öz növbəsində Penitensiar Xidmətdən vəkilin dedikləri ilə bağlı şərh almaq mümkün olmayıb.

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edilib. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.

Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu həbsdən azad etməkdən imtina etdikdən sonra aclığı bərpa edib və bu günə qədər davam etdirir.

Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.

1 saylı Bakı İstintaq Təcridxanasından fevralın 11-də Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülən insan haqları fəalı 43 gündür aclığı davam etdirir və artıq 5 gündür quru aclığa keçib, su qəbulundan da imtina edib. O özünün və bütün siyasi məhbusların həbsdəb azad edilməsini tələb edir.

Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.

Fevralın 19-da ABŞ Konqresinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə bəyanatla çıxış edib.

"Azərbaycanın Bəxtiyar Hacıyevi həbsdə saxlamaqda davam etməsi, ona qarşı pis rəftar etməsi açıq-aşkar ədalətsizlik və onun insan hüquqları ilə bağlı fundamental öhdəliklərinin kobud şəkildə pozulmasıdır. ABŞ-ın siyasəti bu cür kobud pozuntulara göz yumulmayacağı və cəzasız qalmayacağından ibarətdir və belə olaraq qalır", Helsinki Komissiyası Twitter səhifəsində bildirib.

XS
SM
MD
LG