Accessibility links

İranda inflyasiyanın daha da artacağı gözlənilir


İran, Tehran bazarı
İran, Tehran bazarı

İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi parlamentə büdcə qanun layihəsini təqdim etdikdən sonra bu il ölkə üçün inflyasiyanın artması ilə bağlı proqnozlar bəzi deputatlar və iqtisadi ekspertlər tərəfindən gündəmə gətirilir.

İranın Şərqi Azərbaycan vilayətinin Bostanabad şəhər nümayəndəsi Qulamrza Nuri Qızılca müsahibəsində deyib ki, İbrahim Rəisi kabinetinin büdcə qanun layihəsi inflyasiya xarakterli olduğundan "bu il insanlar üçün dolanışıq baxımından çətin bir il olacaq."

"Bu ilin büdcəsi acınacaqlı vəziyyətdədir və bu, iqtisadiyyatda tənəzzülə səbəb olacaq inflyasiyanı yüksəldən büdcə qanun layihəsidir və praktiki olaraq heç bir göstəricini yaxşılaşdırmayacaq və keçmiş vəziyyəti davam etdirəcək" - deyə, millət vəkili bildirib.

Nuri Qızılca Prezident hökumətinin Nazirlər Kabinetini də tənqid edib və bildirib ki, "nə parlament nazirlərin impiçmentinə ciddi yanaşır, nə də prezident hökumət kabinetinin təşkilində daha bacarıqlı və səmərəli insanlardan istifadə edib".

Ölkənin iqtisadi vəziyyətini, prezident İbrahim Rəisi hökuməti və onun kabinetinin fəaliyyətini tənqid edənlər təkcə bir neçə parlamentar ilə məhdudlaşmır və tənqidçilər hökumətin büdcə qanun layihəsinin inflyasiya xarakteri daşıdığını vurğulayırlar.

"Ticarət" qəzeti 21 fevral tarixli sayında hökumətin büdcə qanun layihəsi haqqında yazır: "Hazırda qeyri-hökumət təşkilatlarının, o cümlədən media, dini təbliğat və ordu büdcəsi olduqca artıb. Hazırda böyük böhranlarla üzləşən İranın büdcə qanun layihəsinin bunları nə cilovlamaq, nə də həll etmək imkanı var, çünki rəsmilərin əksəriyyətinin iradəsi həmin böhranlara üstünlük vermək yönündə deyil".

Hökuməti tənqid edənlər büdcə qanun layihəsini və onun inflyasiyaya səbəb olan rolunu tənqid edərək, insanların, xüsusən də orta və aşağı təbəqənin məişət şəraitinin pisləşməsi ilə bağlı xəbərdarlıq etsələr də, son zamanlar dolların məzənnəsi kəskin artıb; Belə ki, İranın milli valyutasının dəyəri rekord dərəcədə devalvasiyaya məruz qalıb.

"Khabaronline" xəbər portalı iqtisadiyyat sahəsində ixtisaslaşmış bir sayta istinadən İranın milli valyutasının dollar qarşısında dəyərinin aşağı düşmə tendensiyası haqqında yazıb ki, İranın ən böyük əskinasının dollar qarşısında dəyəri 2008-ci ildən bu yana 100 dollar civarından 2 dollara qədər azalıb.

Bir dolların İran valyutasına nisbətdə qiyməti 50 min tüməni keçəndən sonra Tehranda etiraz aksiyaları keçirilib. Bununla bağlı sosial şəbəkələrdə tətil və etiraz çağırışları dərc olunur.

Ölkənin bütün mövcud şərtlərinə və ölkə iqtisadiyyatı ilə bağlı mənfi proqnozlara baxmayaraq, iqtisadiyyat naziri Ehsan Xanduzi ölkədə valyuta bazarının yaxşılaşdıracağına söz verib. O, həmçinin büdcə qanun layihəsi haqda tənqidlərə qarşı hökumətin fəaliyyətini müdafiə edib və növbəti günəş ilində ölkədə inflyasiya ilə bağlı daha yaxşı şərait yaradılacağına söz verib.

Beləliklə, İran rəsmilərinin ölkə iqtisadiyyatının gələcəyi ilə bağlı verdiyi görüntü bəzi ekspertlərin və deputatların irəli sürdüyü proqnozlar ilə ziddiyyət təşkil etsə də, Iran Statistika Mərkəzinin yayımladığı məlumata görə, inflyasiya səviyyəsi 53,4%-ə çatıb, bu da o demək olur ki, vətəndaşın hazırda aldığı mal və ərzaqın qiyməti keçən ilin həminki vaxtı ilə müqayisədə 53,4% artıb.

XS
SM
MD
LG