Accessibility links

Taxta miqrant qayığının parçalanması 62 nəfərin ölümünə səbəb olub


İtaliya rəsmiləri bildirib ki, ən azı 62 miqrant İtaliya sahillərində bazar günü taxta qayığın parçalanması nəticəsində həlak olub. Ölənlərdən ən azı 12-si uşaqdır.

Kalabriyadakı kurortda bir neçə cəsəd sahildə aşkar edilib. Rəsmilərin bildirdiyinə görə, xilas edilən, üzərək sahilə çatan ən azı 80 nəfər sağ qalıb.

Fotolarda Stekkato di Kutro şəhəri yaxınlığındakı çimərlikdə qayığın böyük hissələri, bütün sahil boyu taxta parçaları və digər tullantılar göstərilir.

"Bu, böyük bir faciədir" - deyə, Krotone bələdiyyə başçısı Vincenzo Voce bildirib.

Sağ qalanların hesablarına görə, bir neçə gün əvvəl Türkiyədən yola düşmüş qayıqda 150-200 nəfər olub. Rəsmilər ölənlərin sayının 100-dən çox ola biləcəyindən ehtiyat edir. Miqrantların çoxu Pakistan və Əfqanıstandandır.

Sərhədsiz Həkimlər Təşkilatından Sergio Di Dato BBC-yə bildirib ki, sağ qalanlar ağır travma alıb. O, bəzi uşaqların bütöv ailələrini itirdiyini deyib.

"Biz onlara əlimizdən gələn dəstəyi təklif edirik"- deyə, Di Dato əlavə edib.

Pakistanın baş naziri Şehbaz Şərif Twitter hesabında "İtaliyada qayıq faciəsində iyirmidən çox pakistanlının boğulması ilə bağlı xəbərlər dərin narahatlıq doğurur. Xarici İşlər Nazirliyinə faktları mümkün qədər tez müəyyənləşdirmək üçün göstəriş verdim".

Əfqanıstanın Taliban səlahiyyətliləri qurbanlar arasında Əfqanıstan vətəndaşlarının da olduğu ilə bağlı xəbərlərə hələ şərh verməyib.

Roma Papası Fransisk bazar günü deyib: "Mən onların hər biri, itkin düşənlər və sağ qalan digər miqrantlar üçün dua edirəm".

Fransisk həmçinin xilaskarlar üçün "və miqrantları qarşılayanlar" üçün də dua etdiyini deyib.

Aralıq dənizində xilasetmə əməliyyatları aparan SOS Mediterranee təşkilatından Françesko Kreazzo BBC-yə deyib ki,"Aralıq dənizi nəhəng bir kütləvi məzardır. İçində on minlərlə can yatır və bu, genişlənməkdə davam edir".

2022-ci ildə İtaliyaya dəniz yolu ilə 105 mindən çox miqrant gəlib, onların əksəriyyəti Afrika, Yaxın Şərq və Cənubi Asiyadandır.

İtaliya digər Avropa İttifaqı ölkələrindən bir çoxu İtaliyada qalmaq istəməyən, əksinə iş tapmaq və yaxud ailə üzvləri ilə yenidən birləşmək üçün Avropanın başqa yerlərinə səyahət etməyə yönəlmiş bəzi miqrantları qəbul etməyi xahiş edib.

XS
SM
MD
LG