Accessibility links

Zamin Salayev 35 gündür aclığı davam etdirir


Zamin Salayev
Zamin Salayev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayev barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı imkan tədbirinə dəyişdirilməsi ilə bağlı Bakının Qaradağ rayon Məhkəməsinə vəsatət verilib.

Vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, vəsatətə martın 15-də baxılması gözlənilir.

Zamin Salayev 1 saylı Bakı İstintaq Təcridxanasında 35 gündür aclıq edir. Salayev şərlənərək həbs edildiyini bildirir və məhkəmənin həbs qərarına etiraz olaraq aclıq edir.

Zamin Salayevin səhhəti ağır olaraq qalır. Onun oğlu Oqtay Salayev Amerikanın Səsinə bildirib ki, atası danışanda çətinlik çəkir.

“Öz dediyinə görə, artıq gəzə bilmir. Bir neçə dəfə huşunu itirib yıxılıb. Həkim müayinəsindən keçirmirlər, həkimlər yoxlamır”.

Oqtay Salayev: Atamla görüşə imkan vermirlər
please wait

No media source currently available

0:00 0:01:24 0:00

Onun sözlərinə görə, atası ilə görüşə də icazə vermirlər.

“Atam siqaret çəkir. Neçə dəfələrlə siqaret aparmışam, paltarlarını aparmışam. Görüş istəmişəm, görüş verməyiblər. Görüş vermirlər ki, guya atam karantindədir. Mən deyirəm ki, atam artıq bir aydan çoxdur həbsdədir. Bu qədər karantin olmur. Onda isə deyirlər rəhbərliyin göstərişidir”.

Oqtay Salayev atası ilə görüşə imkan verilməməsi barədə Ədliyyə Nazirliyinə şikayət göndərdiyini deyib.

“Ədliyyə Nazirliyindən hələ cavab almamışam”, o qeyd edib.

Öz növbəsində Penitensiar Xidmətdən fəalın səhhəti ilə bağlı məlumat almaq mümkün olmayıb.

Ombudsman Aparatının Mətbuat xidmətindən Amerikanın Səsinə bildirblər ki, Ombudsmanın tapşırığı ilə martın 11-də 1 saylı Bakı İstintaq Təcridxanasında Zamin Salayevə baş çəkmə olub.

“Zamin Salayev konfidensial şəraitdə dinlənilib. Onun məsələsi ilə bağlı Baş Prokurorluğa və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət olunub”, Ombudsman Aparatının Mətbuat xidmətinin rəhbəri Emil Şahzadə Amerikanın Səsinə deyib.

Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa fəalı 5 ilədək həbs gözləyir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinə bildirib ki, Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.

Zamin Salayev isə məhkəmədə deyib ki, ona qarşı irəli sürülən ittiham yalandır, onu şərləyiblər.

“Mən heç kimə hücum etməmişəm, əksinə özümü hücumdan müdafiə etmişəm. Bakıda Lökbatan dairəsində taksidən düşəndə bir nəfər məni təhqir edərək əlində bıçaq üstümə cumdu. Mən bunun təxribat olduğunu başa düşdüm. Bu zaman özümü müdafiə etməyə çalışdım və hücum edən şəxsi itələyərək hadisə yerindən qaçmağa başladım. Bir neçə dəqiqəyə mülki geyimdə olan polislər məni saxladılar və 4 polis avtomobilinin müşayiəti ilə Qaradağ rayon Polis İdarəsinə apardılar,” Salayev fevralın 20-də Bakı Apellyasiya Məhkəməsində hakimlərin diqqətinə çatdırıb.

Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib.

XS
SM
MD
LG