Accessibility links

Azərbaycan su ehtiyatlarına görə 140-cı yerdədir


Kür çayı, Neftçala rayonu
Kür çayı, Neftçala rayonu

22 mart - Ümumdünya Su və ya Su Resursları Günüdür. Ümumdünya Su Resursları Gününün keçirilməsi haqqında ilk təklif 1992-ci ilin iyununda Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) irəli sürülüb. BMT-nin Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən, Ümumdünya Su və ya Su Resursları Günü qeyd olunmağa başlanılıb.

Builki Ümumdünya Su Gününün (22 Mart) şüarı su və kanalizasiya böhranlarının həlli üçün dəyişiklikləri sürətləndirməkdən ibarətdir.

BMT-nin son hesabatında deyilir ki, 2030-cu ildə suya olan tələbat 40 faiz artacaq.

Azərbaycan məhdud su resurslarına malik ölkədir. İqlim dəyişmələrinin təsirləri Azərbaycanda su ehtiyatlarının azalmasında özünü göstərib. Son otuz ildə su ehtiyatları 15-20 faiz azalıb. 2050-ci ilə qədər isə daha 15-20 faiz azalacağı proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, su ehtiyatlarının 70 faizi ölkədən kənarda formalaşır və transsərhəd çaylar vasitəsilə ölkəyə daxil olur. Azərbaycan adambaşına düşən suyun həcminə görə dünyada ilk yüzlükdə yer alır. Azərbaycan su ehtiyatlarına görə isə 140-cı yerdə qərarlaşıb.

"Ölkəmizdə yerüstü su ehtiyatlarını çaylar, göllər, su anbarları, buzlaqlar təşkil edir. Yerüstü suların əsas ehtiyatları çaylarda cəmlənib. Respublikanın çay şəbəkəsi 8359 çaydan ibarətdir ki, bunlardan 2 çayın uzunluğu 500 kilometrdən çox, 22 çayın uzunluğu 101-500, 40 çayın uzunluğu 51-100, 107 çayın uzunluğu isə 26-50 kilometr arasındadır. Azərbaycan ərazisində ümumi sahəsi 395 kvadratkilometr olan 450 göl məlumdur ki, onlardan 10-nun sahəsi 10 kvadratkilometrdən böyükdür. Respublikada 136 su anbarı mövcuddur və onların ümumi həcmi 21 milyard 500 milyon kubmetr təşkil edir. Azərbaycanda hər birinin həcmi 1 milyon kubmetrdən çox olan 61 su anbarı mövcuddur", nazirliyin hesabatlarında deyilir.

Bu günlərdə yerli mediada ölkənin ən çox su tutumlu çayları olan Kür və Araz çaylarında suyun səviyyəsinin bir neçə dəfə aşağı düşməsi ilə bağlı məlumatlar dərc olunub.

Martın 13-də əsasən Araz çayından istifadə edən Saatlı rayonun bir neçə kəndinin sakinləri suvarma suyunun qıtlığına etiraz olaraq aksiya keçirib.

XS
SM
MD
LG