Accessibility links

Güneyli siyasi məhbus Pərviz Siyabi məzuniyyətə buraxılıb


Güneyli siyasi məhbus Pərviz Siyabi Gürcan (Foto: Abbas Lisani Telegram kanalı)
Güneyli siyasi məhbus Pərviz Siyabi Gürcan (Foto: Abbas Lisani Telegram kanalı)

Ərdəbil həbsxanasında həbs cəzasını çəkməkdə olan güneyli siyasi məhbus Pərviz Siyabi məzuniyyətə buraxılıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi məlumatlı mənbəyə istinadən azərbaycanlı siyasi məhbus Pərviz Siyabinin iki aylıq məzuniyyətə çıxdığını bildirib.

Bu barədə yayımlanan xəbərlərə görə, 5 nəfərlik məhkəmə-tibb heyəti bir çox xəstəlikdən əziyyət çəkən siyasi məhbusun həbs cəzasına dözə bilməmə şikayətini təsdiqləyib. Lakin Siyabinin həbsə dözə bilməməsi ilə bağlı məhkəmə-tibb ekspert heyətinin rəyi hələ də məhkəmə orqanları tərəfindən təsdiqlənməyib. Bu səbəbdən dolayı onun azadlığa buraxılması və ya həbs cəzasının elektron qandalla çəkilməsi ilə bağlı hələ də qərar verilməyib.

Siyabinin 76 yaşı var və müxtəlif xəstəliklərdən əziyyət çəkir. Ərdəbildə yaşayan bu azərbaycanlı milli fəal "sistemə zidd olan media ilə müsahibə edərək və sosial mediada gerçək olmayan məzmunlar paylaşaraq İran İslam Respublikasına qarşı təbliğat aparmaq", “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qruplaşmaları idarə etmək” və “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qruplaşmalarda üzv olmaq” kimi ittihamlarla təqsirli bilinib.

İlkin məhkəmə onu həmin ittihamlardan 16 il müddətinə azadlıqdan məhrum etsə də, daha sonra Apellyasiya Məhkəməsində bu cəza 6 ilə endirilib.

Bu milli fəal ötən il noyabrın 9-da təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və 6 il həbs cəzası çəkmək üçün Ərdəbil həbsxanasına köçürülmüşdü. Ərdəbil həbsxanasında olduğu müddətdə səhhətinin pis olması və cəzaya dözə bilməməsi səbəbindən etiraz etmişdi.

2021-ci il iyul ayının 24-də İranda azərbaycanlılar İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində ərəb icmasının aksiyalarına dəstək məqsədilə etiraz mitinqi keçirmişdilər. Pərviz Siyabi Təbrizdə keçirilən etiraz mitinqindən bir gün sonra, Ərdəbil şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. Təbrizdə keçirilən bu etiraz aksiyasında ilk dəfə "azadlıq, ədalət, milli hökumət" şüarı səsləndirilib.

XS
SM
MD
LG