Accessibility links

Avropa Məhkəməsi Azərbaycanla bağlı 28 ərizə üzrə qərar qəbul edib


Avropa İnsan Hüquqları Məhkəməsi (Mənbə:VOA)
Avropa İnsan Hüquqları Məhkəməsi (Mənbə:VOA)

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) martin 30-da Azərbaycanı 80 min avrodan artıq cərimələyib.

Bu barədə aihmaz.org saytı məlumat yayıb.

Məlumatda deyilir ki, AİHM bu gün ümumilikdə Azərbaycanla bağlı 28 ərizə əsasında 5 qərardad elan edib. Qərardadların 4-ü dostca anlaşmalar, 2-si hökumətin təktərəfli bəyannaməsi əsasında çıxarılıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev deyib ki, Rövşən Məmmədli və Azər Kazımzadə Azərbaycana qarşı işi ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusu ilə bağlıır.

"Tərəflər kommunikasiya mərhələsində dostca anlaşdıqları üçün AİHM ərizənin baxılacaq işlərin siyahısından çıxarılması haqda qərardad qəbul edib. Qərardada əsasən, hökumət ərizəçilərin hər birinə 650 avro, hüquqi məsrəflərə görəsə ümumilikdə 1200 avro ödəməlidir".

Mətbuatda müxtəlif yazıları dərc edilən Rövşən Məmmədli 2017-ci ildə həbs olunub. Polisin qanunu tələbinə əməl etməməkdə günahlandırılan yazara məhkəmə qərarı ilə 30 sutka inzibati həbs cəzası verilib.

Jurnalist Azər Kazımzadə 2017-ci ildə Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Cabbar Savalanlı və başqaları Azərbaycana qarşı məhkəmə işi 18 ərizəçinin sərbəst toplaşmaq hüquqularından yararlanmalarına qeyri mütənasib müdaxilələrin edilməsi, müvafiq icraatların ədalətsizliyi iddiaları ilə bağlıdır.

Ərizəçilər AİHM qarşısında Konvensiyanın 11-ci və 6-cı maddələrinin pozuntusunu qaldırmışdılar. Bu işdə də tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən hökumət 18 ərizəçinin hər birinə 3000 avro ödəyəcək.

Bu iş üzrə ərizəçilər 2017-ci ildə etiraz aksiyalar zamanı polis tərəfindən saxlanmasından yerli məhkəmələrə şikayət edib. Yerli məhkəmələr onların şikayətlərini əsassız sayıb.

Hikmət Səmədov və başqaları Azərbaycana qarşı məhkəmə işi ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarının pozuntusu iddiaları ilə bağlıdır. Tərəflər kommunikasiya mərhələsində dostca anlaşıblar. Anlaşmaya görə, hökumət 4 ərizəçinin (Hikmət Səmədov, İsgəndər İsgəndərov, Asəf Nuriyev, Daxil Nəzərov) hər birinə 3600, 1 ərizəçiyə (Ramiz Rzayev) 1500, 1 ərizəçiyə (Rahib Məmmədov) 3000 avro ödəyəcək. Ərizəçilərə ümumilikdə 1500 avro hüquqi xərc əvəzi də ödəniləcək.

Rəhim Şalıyev Azərbaycana qarşı məhkəmə işi də inzibati məhkəmə icraatının qanunsuzluğu iddiaları ilə bağlıdır. Tərəflərin dostca analaşma müzakirələri uğurlu olmayıb. Hökumət ərizəçiyə qarşı pozuntuya yol verildiyini etiraf edərək məhkəməyə təktərəfli bəyannamə təqdim edib. AİHM həmin bəyannaməni nəzərə alaraq, ərizənin baxılacaq işlərin siyahısından çıxarılması haqda qərardad qəbul edib. Qərardada görə, hökumət ərizəçiyə ümumilikdə 1250 avro ödəməlidir.

Rəhim Şalıyev 2017-ci ildə polis tərəfindən saxlanılıb və həmin gün polisə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbs edilib. O, polis tərəfindən döyüldüyünü iddia edib.

Ərəstun Baxşəliyev Azərbaycana qarşı ərizədə toplaşmaq hüququna müdaxilənin qanunsuzluğu, məhkəmə icraatının ədalətsizliyi məsələsi qaldırılıb. Kommunikasiya zamanı hökumət iddia olunan pozuntuları tanıdığını ifadə edən təktərəfli bəyannamə təqdim edib. Məhkəmə həmin bəyannaməni diqqətə alıb. Qərardada əsasən, hökumət ərizəçiyə 2850 avro ödəyəcək.

ReAL Partiyasının üzvü Ərəstun Baxşəliyev 2020-ci ildə Bərdə Rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati qaydada həbs olunub. Apellyasiya Məhkəməsi isə 10 sutkanı 3 sutka ilə əvəz edib.

XS
SM
MD
LG