Accessibility links

Ukraynada müharibə nəticəsində mülki əhali arasında ölənlərin sayı 8500-ə çatıb


BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının ofisi Rusiyanın ötən il Ukraynaya genişmiqyaslı müdaxiləyə başlamasından bəri təxminən 8500 mülki şəxsin öldüyünü təsdiq etdiyini bildirir. Bununla belə komissarlıq ölənlərin sayının minlərlə və daha çox ola biləcəyinə inandığını əlavə edib.

BMT agentliyi aprelin 11-də dərc olunan yenilənmiş hesabatında bildirib ki, Rusiyanın 24 fevral 2022-ci il tarixindən başlayaraq 2023-cü il aprelin 9-na kimi hərbi müdaxiləyə başlamasından indiyədək 8490 mülki şəxs həlak olub, 14244 nəfər isə yaralanıb.

“OHCHR bəzi intensiv döyüş bölgələrindən məlumat gecikdiyi və bir çox hesabatın hələ də təsdiqlənməyi gözlədiyi üçün faktiki rəqəmlərin daha çox olduğuna inanır” deyə agentliyinin bəyanatında deyilir.

“Bu yerlərə məsələn, çoxsaylı mülki əhalinin itkisi ilə bağlı iddiaların olduğu Mariupol (Donetsk vilayəti), Lisiçansk, Popasna və Severodonetsk (Luqansk vilayəti) şəhərləri aiddir” - deyə, bildirilir.

Hesabatda qeyd olunur ki, Ukrayna hökumətinin nəzarətində olan ərazilərə Rusiya qüvvələrinin hücumu nəticəsində ümumilikdə 18,280 insan zərər çəkib. Onlardan 6596 şəxs həyatını itirib. 11,684 şəxs isə yaralanıb.

Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazisində isə 1894 nəfər ölüb və 2560 nəfər yaralanıb.

BMT mərmilər, artilleriya atəşləri və hava hücumları nəticəsində 7,011 mülki şəxsin öldüyünü və 13,495 nəfərin yaralandığını təsdiqlədiyinə baxmayaraq, "faktiki rəqəmlərin xeyli yüksək" olduğunu bir daha bildirir.

Rusiya qüvvələri Ukraynanın nəzarəti altında olan bir çox bölgələrdə şəhər və qəsəbələri atəşə tutmaqda, çoxsaylı mülki əhalinin ölümünə və yaralanmasına səbəb olmaqda, enerji infrastrukturuna dəfələrlə ziyan vurmaqda və qış aylarında geniş əraziləri işıqsız qoymaqda ittiham olunur.

Hava hücumlarının tez-tez xəstəxanalara, yaşayış binalarına, məktəblərə və digər mülki infrastrukturlara zərbə endirməsinə baxmayaraq, Moskva Ukraynaya səbəbsiz işğalı başlayandan bəri dəfələrlə dinc sakinləri hədəf aldığını inkar edib.

Bu ayın əvvəlində BMT-nin İnsan Hüquqları Şurası hərbi müdaxilə zamanı törədilmiş mümkün hərbi cinayətləri araşdıran istintaq orqanının mandatının uzadılması və genişləndirilməsinin lehinə böyük səs çoxluğu ilə səs verib.

XS
SM
MD
LG