Aprelin 23-də Azərbaycanın Ermənistanla sərhəddə Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurması Rusiya və ABŞ tərəfindən narahatlıqla qarşılanıb.
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Rusiya Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin (RMK) məsuliyyət zonasında, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində, eləcə də rəsmi Bakı ilə Yerevan arasında dialoqda yaranmış vəziyyətdən ciddi narahat olduğunu bildirir.
“Biz son dərəcə narahatlıqla atəşkəs rejiminin pozulması hallarının və hər iki tərəfdən mütəmadi olaraq itkilərlə nəticələnən müxtəlif insidentlərin artmasını qeyd edirik. Biz Azərbaycanın və Ermənistanın ictimai məkanında ittihamedici və aqressiv ritorikasının artmasını heç də az təhlükəli hesab etmirik. 23 aprel hadisələrinin son inkişafı kontekstində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının əsas müddəalarını pozan hər hansı birtərəfli addımların yolverilməzliyini xüsusilə qeyd edirik. Laçın dəhlizinin iş rejiminin razılaşdırılmamış dəyişdirilməsi və ya ondan sülh gündəliyinə uyğun olmayan məqsədlər üçün istifadə cəhdləri sülh gündəliyinə cavab vermir”, sənəddə qeyd edilir.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri dərhal mövcud razılaşmalara qayıtmağa çağırır.
“Biz ondan çıxış edirik ki, heç bir halda yerli əhali əziyyət çəkməməli, onların dolanışığına heç bir maneə yaradılmamalıdır. Biz hesab edirik ki, yaranmış problemlərin bir çoxu uzun aylardır Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlərin əsas yolları üzrə danışıqlar prosesində, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanmasında və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin parametrlərinin uyğunlaşdırılmasında, o cümlədən nəqliyyat blokunun və regionda kommunikasiyaların açılmasında irəliləyişin olmamasının nəticəsidir. Ümid edirik ki, Bakı və Yerevan siyasi iradə nümayiş etdirəcək və yaxın gələcəkdə bu mənfi tendensiyanın öhdəsindən gələ biləcəklər. Rusiya tərəfi Azərbaycana və ona yaxın olan Ermənistana həm siyasi səviyyədə, həm də “yerdə” Rusiya Hərbi Kontingentinin komandanlığının iştirakı ilə bütün lazımi yardımı göstərməyə hazırdır”, bəyanatda qeyd edilir.
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında “xarici qərb oyunçuları”na xəbərdarlıq edilib.
“Biz həmçinin xarici Qərb oyunçularını və öz fürsətçil gündəmləri üzərində işləyən yerli rusofob elementləri Rusiyaya qarşı qarayaxma kampaniyası da daxil olmaqla, vəziyyəti qarışdırmaq cəhdlərinə qarşı xəbərdarlıq edirik”, sənəddə qeyd edilir.
Aprelin 23-də isə ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Laçın dəhlizində sərhəd-buraxılış məntəqəsinin açılmasının sülh quruculuğu səylərinə zərbə vurduğunu bildirib.
“Biz bir daha təkrar edirik ki, Laçın dəhlizində insanların və ticarətin sərbəst və açıq hərəkəti olmalıdır və tərəfləri sülh danışıqlarını bərpa etməyə, sərhəddə təxribatlardan və düşmənçilik hərəkətlərindən çəkinməyə çağırırıq”, o bildirib.
Aprelin 23-də Azərbaycan Ermənistanla sərhəddə Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin yaydığı bəyanatda Ermənistan Laçın dəhlizindən hərbi məqsədlər üçün istifadə etməkdə ittiham olunub.
“10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddəki Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12.00-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub”, Dövlət Sərhəd Xidmətinin bəyanatında deyilir.
Ermənistan Xarici İşlər Nazirliyi bəyanatla çıxış edərək, bu addımın 2020-ci ilin 9 noyabr tarixində imzalanan üçtərəfli bəyanata zidd olduğunu bildirib:
“Ermənistan Respublikası üçtərəfli bəyanatı imzalayan tərəf kimi Azərbaycan tərəfindən Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin quraşdırılması ilə bağlı bu addımı qəbuledilməz hesab edir” - deyə, rəsmi Yerevan baş verənlərin iki ölkə arasında münasibətlərin normallaşdırılmasına xələl gətirdiyini vurğulayıb.
Ermənistan Rusiya Federasiyasına və BMT üzv dövlətlərinə 'Laçın dəhlizinin qeyri-qanuni blokadasını aradan qaldırmaq və Azərbaycan qüvvələrinin dəhlizin bütün təhlükəsilzik zonasında çıxarılmasını təmin etmək üçün' müraciətlə çıxış edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə bəyanatında deyilir ki, üçtərəfli bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan Respublikası tərəfindən təhlükəsizlik zəmanəti olan bu əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait yaradılacaq.
“Yuxarıda qeyd edilən nəzarət mexanizmi Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirmə şəraitində həyata keçiriləcək. Azərbaycan tərəfi Ermənistanla birgə sərhəddə nəzarət-sərhəd rejiminin şəffaf və təhlükəsiz fəaliyyəti naminə əməkdaşlığa hazır olduğunu bildirir”, sənəddə qeyd edilir.
Ermənistanın Armenpress agentliyi Qarabağ ermənilərinin lideri kimi təqdim etdiyi Araik Arutyunyanın Təhlükəsizlik Şurasının təcili iclasını çağırdığını bildirir.
“Artsax (Dağlıq Qarabağ) Respublikasının hakimiyyəti Azərbaycanın növbəti təxribatını kəskin şəkildə pisləyir, bunu Artsaxın blokadasını və etnik təmizləməni dərinləşdirməyə yönəlmiş cinayət addımı hesab edir, həm üçtərəfli bəyannaməni, həm də Beynəlxalq Ədalət Məhkəməsinin məcburi qərarını və digər fundamental normaları pozur”, agentlik tanınmamış “Dağlıq Qarabağ Respublikası”-nın informasiya qərargahına istinadən bildirir.