Accessibility links

Çernobıl faciəsindən 37 il keçir


Aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasının işçiləri davam edən müharibə və nüvə təhlükələri fonunda dünyanın ən dəhşətli nüvə fəlakətinin 37-ci ildönümünü qeyd edib, qurbanların xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyub.

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə müharibə şəraitində Ukraynada yeni atom fəlakətinin potensial təhlükəsi ilə bağlı xəbərdarlıqlarını təkrarlamaq üçün bu gündən istifadə edərək, 1986-cı ildə Çernobıl qəzası ilə Ukraynanın tammiqyaslı işğalından Moskvanın radiasiya ilə çirklənmiş stansiyanı qısa müddətə ələ keçirməsi arasında paralel gətirib.

"Keçən il işğalçı nəinki (Çernobıl) AES-i ələ keçirdi, həm də bütün dünyanı yenidən təhlükə qarşısında qoydu", - deyə Zelenski ingilis dilində Telegram-da yazıb.

1986-cı ilin aprel ayının 26-da zavodda baş verən partlayış və yanğın nəticəsində radioaktiv tullantılar atmosferə yayılmışdı. Fəlakətdən dərhal sonra onlarla insan həlak olmuşdu. Radiasiya zəhərlənməsindən ölənlərin sayı isə məlum deyil.

2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsinin ilk saatlarında minlərlə tank və hərbçi zavodun radiasiya ilə çirklənmiş təcrid zonasına daxil olub, ərazinin yüksək dərəcədə çirklənmiş torpağını qarışdırıb.

Rusiya qüvvələri ötən ilin fevral-mart ayları arasında Kyiv ərazisindən geri çəkilməzdən əvvəl qapalı zavodda yerləşdirilmişdi. Stansiya Ukrayna qoşunları tərəfindən geri alınıb.

Zelenski bildirib ki, Kyiv o vaxtdan bəri bölgədə müharibədən əvvəlki təhlükəsizlik tədbirlərini və elmi fəaliyyətləri bərpa edib. Lakin o xəbərdarlıq edib ki, Moskvadan gələcək addımlar qlobal nüvə təhlükəsizliyinə hədə yarada bilər.

Rusiya qüvvələri Ukraynanın cənubundakı Zaporijye Atom Elektrik Stansiyasına yerləşdirilib və bu, dünyanın 10 ən böyük Atom Elektrik Stansiyasından biridir.

Ukrayna rəsmiləri dəfələrlə Rusiyanı zavoddan Ukraynanın nəzarətində olan yaxınlıqdakı əraziləri atəşə tutmaq üçün baza kimi istifadə etməkdə ittiham edib.

Çərşənbə axşamı Ukrayna rəsmiləri bildiriblər ki, Rusiya artilleriyası ilə zavodun qarşısındakı Dnepr çayının qərb sahilində yerləşən şəhərlər vurulub.

XS
SM
MD
LG