Accessibility links

Laçın-Xankəndi yolunda aylardır davam edən aksiya müvəqqəti dayandırılır


Laçın yolunda eitraz aksiyası(Arxiv foto. Mənbə AZƏRTAC)
Laçın yolunda eitraz aksiyası(Arxiv foto. Mənbə AZƏRTAC)

Aprelin 28-də Bakı vaxtı ilə saat 18-dən etibarən özünü ətraf mühit müdafiəçiləri olaraq təqdim edən fəalların Laçın-Xankəndi yolunda 138 gündür davam edən aksiyası müvəqqəti olaraq dayandırılır. Bu bəyanatı etirazçılara istinad edən Azərbaycanın dövlət agentliyi AZƏRTAC yayıb.

Məlumatda deyilir ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasına, ekoloji və digər fəsadlarla bağlı monitorinqin keçirilməsinin təmin olunmasına dair sülhməramlı kontingentin komandanlığından tələbləri qüvvədə qalır və bu tələblər yerinə yetirilməyəcəyi halda aksiyanın yenidən bərpa olunması hüququ saxlanılır.

Aksiyanın dayandırılması piket nümayəndələrinin Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin inzibati binasında keçirilən görüşündən sonra baş verib. Görüşdə Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov aprelin 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazisində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar yeni vəziyyətin yarandığını qeyd edib.

Son baş verənlər Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın Azərbaycan və Ermənistana səfəri zamanına təsadüf edir. Ketrin Kolonna aprelin 27-də Bakıda keçirilən mətbuat konfransında Azərbaycanı Laçın yolunu açmağa və Beynəlxalq Ədalət Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb. Fransanın baş diplomatı cümə günü Ermənistana gəlib.

Ermənistan rəhbərliyi öz bəyanatlarında ətraf mühit fəallarının aksiyasını Azərbaycan hökuməti tərəfindən təşkil olunduğunu bildirib. Rəsmi Yerevan Bakını aksiya başlanandan bəri Ermənistanla Qarabağda yaşayan erməni əhali arasındakı təmas xətti olan Laçın yolunu blokadaya salmaqda ittiham edib. Azərbaycan tərəfi isə Rusiya sülhməramlılarının müşayiəti ilə yolun humanitar məqsədlər üçün istifadəsinə maneə olmadığını bildirib.

Beynəlxalq Ədalət Məhkəməsinin fevralda verdiyi qərara əsasən Azərbaycan Laçın dəhlizi üzərindən maneəsiz hərəkətin bərpası üçün əlində olan bütün imkanlardan istifadə etməlidir.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, 22 aprel tarixində Ermənistanın birtərəfli qaydada Azərbaycan ilə sərhəddəki Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkənin suveren ərazisində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Ermənistan Xarici İşlər Nazirliyi bəyanatla çıxış edərək, bu addımın 2020-ci ilin 9 noyabr tarixində imzalanan üçtərəfli bəyanata zidd olduğunu bildirib: "Ermənistan Respublikası üçtərəfli bəyanatı imzalayan tərəf kimi Azərbaycan tərəfindən Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin quraşdırılması ilə bağlı addımı qəbuledilməz hesab edir," rəsmi Yerevan baş verənlərin iki ölkə arasında münasibətlərin normallaşdırılmasına xələl gətirdiyini vurğulayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə bəyanatında deyilir ki, üçtərəfli bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan Respublikası tərəfindən təhlükəsizlik zəmanəti olan əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait yaradılacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG